İsrail və Qəzza zolağı arasında nə baş verir? – 10 suala cavabda

11-10-2023, 11:45           
İsrail və Qəzza zolağı arasında nə baş verir? – 10 suala cavabda
Fələstinin hərbi qruplaşması Həmas oktyabrın 7-də İsrailə qarşı qəfil hücuma keçib, Qəzza zolağı yaxınlığında yaşayan sakinlər öldürülüb və ya girov götürülüb.

İsrail cavab zərbələri endirib.

BMT-nin çərşənbə gününə olan məlumatına görə, hazırda Qəzzada 187 min insan köçkün düşüb.

BBC bu qarşıdurmaya daxil olan tərəflər və münaqişə haqqında suallara cavab tapmağa çalışıb.

Həmas nədir?
İsraillə arasında daim gərginlik yaşanan Həmas Qəzza zolağına nəzarət edən fələstinli islamçı silahlı qrupdur. Həmas İsraili məhv etməyə and içib və 2007-ci ildə Qəzzada hakimiyyəti ələ keçirdikdən sonra İsraillə bir neçə müharibə aparıb.

Bu müharibələr arasında o özü də daxil, digər qruplara İsrailə minlərlə raket atmağa icazə verdi və digər ölümcül hücumları həyata keçirdi. İsrail də dəfələrlə Həmas-a hava zərbələri ilə hücum edib və 2007-ci ildən bəri təhlükəsizliyi üçün Misirlə birlikdə Qəzza zolağını mühasirəsəyə alıb.

Bütövlükdə Həmas və ya bəzi hallarda onun hərbi qanadı İsrail, ABŞ, Avropa İttifaqı və Böyük Britaniya, eləcə də digər güclər tərəfindən terror qruplaşması kimi tanınır. Həmas-ı onu maliyyələşdirən, silah və təlim verən İran dəstəkləyir.

Qəzza zolağı nədir?

Qəzza zolağı İsrail, Misir və Aralıq dənizi arasında uzunluğu 41 km və eni 10 km olan ərazidir. O, təxminən 2,3 milyon insana ev sahibliyi edir və dünyada ən yüksək əhali sıxlığına malik yerlərdən biridir.

İsrail Qəzza və onun sahilləri üzərindəki hava məkanına nəzarət edir və sərhəd keçid məntəqələrindən kimin və hansı malların daxil olub-olmamasına məhdudiyyət qoyur. Eynilə, Misir də Qəzza ilə sərhədindən kimin girib-çıxmasına nəzarət edir.

BMT-nin məlumatına görə, Qəzza əhalisinin təxminən 80 faizi beynəlxalq yardımdan və bir milyona yaxın insan gündəlik ərzaq yardımından asılıdır.
Həmas-ın gözlənilməz hücumu İsrail kəşfiyyatının böyük uğursuzluğudurmu?
“Bəli”, - BBC-nin təhlükəsizlik üzrə müxbiri Frank Gardner deyir.

İsrailin daxili kəşfiyyatının, Mossadın, onun xarici kəşfiyyat agentliyinin və İsrail Müdafiə Qüvvələrinin bütün qollarının birgə səylərini nəzərdə tutaraq o deyir ki, heç kimin belə bir təhlükəni görə bilməməsi təəccüblüdür.

İsrail, şübhəsiz ki, Yaxın Şərqdə Fələstindəki silahlı qruplarının daxilində, eləcə də Livanda, Suriyada və başqa yerlərdə ən geniş və yaxşı maliyyələşdirilən xəbər mənbələri və agentləri ilə əhatə olunmuş kəşfiyyat xidmətlərinə malikdir.

Qəzza ilə İsrail arasındakı quru sərhəd hasarı boyunca kameralar, yer-hərəkət sensorları və nizami ordu patrulları var.

Tikanlı məftillərlə örtülmüş hasarın bu hücumda baş vermiş sızmanın qarşısını ala biləcək "ağıllı maneə" olduğu güman edilirdi. Bununla belə, Həmas silahlıları, sadəcə buldozerlə oradan keçdilər, məftilləri kəsdilər, dənizdən və paraşütlə İsrailə daxil oldular.

BBC-nin beynəlxalq redaktoru Jeremy Bowenin yazdığı kimi, bu, Həmas-ın Qəzzadan indiyə qədər başlatdığı ən iddialı əməliyyatdır və İsrailin uzun illər ərzində üzləşdiyi ən ciddi transsərhəd hücumudur.

Silahlılar Qəzzanı İsraildən ayıran xətti bir çox yerdə pozublar.

Görünməmiş hücum 1973-cü ildə Misir və Suriyanın Yaxın Şərqdə böyük müharibəyə səbəb olmuş qəfil hücumunun 50-ci ildönümündən bir gün sonra baş verib.
İsrail-Fələstin münaqişəsi necə başlayıb?
Osmanlı imperiyasının Birinci Dünya Müharibəsində məğlub olmasından sonra Fələstin torpaqları kimi tanınan bu bölgə üzərində nəzarət Britaniyanın əlinə keçdi.

Burada ərəb çoxluğu ilə yanaşı yəhudi azlığı da yaşayırdı.

İki xalq arasında gərginlik beynəlxalq ictimaiyyət tərəfindən Britaniyaya Fələstində yəhudilər üçün “milli ev” yaratmaq tapşırığı verildikdən sonra artır.

Yəhudilər buranın onların qədim torpaqları olduğunu iddia edirdi, fələstinlilər isə buna qarşı çıxırdılar.
1920-40-cı illər arasında yəhudilərin sayı artdı, onların çoxu İkinci Dünya Müharibəsindəki qırğınlardan sonra Avropadakı təqiblərdən qaçaraq vətən axtarırdı.

Həmin vaxtlar yəhudilərlə ərəblər arasında də, Britaniya hakimiyyətinə qarşı da zorakılıq daha da artır.

1947-ci ildə BMT-də Fələstinin ayrı-ayrı yəhudi və ərəb dövlətlərinə bölünməsinə və Qüdsün (Yerusəlimin) BMT nəzarəti altında xüsusi statusa malik ayrıca bir şəhərə çevrilməsinə səs verildi.

Bu plan yəhudi liderləri tərəfindən qəbul edilsə də, ərəblər buna razı olmadıqları üçün heç vaxt həyata keçirilmədi.
İsrailin yaranması və “Nəkbə”
Problemi həll edə bilməyən Britaniya administrasiyası 1948-ci ildə ölkəni tərk etdi. Yəhudi liderləri İsrail dövlətinin yaranmasını elan etdilər.

Qərar mayın 15-də, sonuncu Britaniya qoşunları ərazini tərk etdikdən sonra qüvvəyə mindi.

Bir çox fələstinli buna qarşı çıxdı və müharibə başladı.

Yüz minlərlə fələstinli öz torpaqlarını tərk etməyə məcbur oldu və ya zorla evlərindən çıxarıldı.

Müharibəyə qonşu ərəb ölkələri də qatıldı və onların hərbi birləşmələri bəzi rayonları işğal etdi.
Növbəti il döyüşlər atəşkəslə başa çatdıqdan sonra İsrail bölgənin böyük hissəsinə nəzarət edirdi.

İsrailin yaranması Avropadan və yəhudilərin yaşadığı ərəb ölkələrindən bu torpaqlara böyük mühacirətə səbəb oldu.

Fələstinlilər mayın 15-ni “Əl Nəkbə” , yəni “Fəlakət” günü kimi qeyd etməyə başladılar.
Qüds (Yerusəlim) Fələstinə məxsusdur, yoxsa İsrailə?
İsrail bütün Qüdsü özünün paytaxtı olduğunu iddia edir, fələstinlilər isə Şərqi Qüdsün gələcək Fələstin dövlətinin paytaxtı olacağını deyir.

ABŞ Yerusəlimi İsrailin paytaxtı kimi tanıyan azsaylı ölkələrdən biridir, lakin o deyir ki, şəhərin yekun statusu danışıqlar yolu ilə müəyyən edilməlidir.

İsrail son 50 ildə bu ərazilərdə 600 mindən çox yəhudinin yaşadığı qəsəbələr salıb.

Əksər dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən dəstəklənən fələstinlilər bu qəsəbələrin beynəlxalq hüquqa zidd olduğunu desələr də, İsrail bunu inkar edir.
Fələstin ölkədirmi?
2012-ci ildə BMT Fələstini "üzv olmayan müşahidəçi dövlət" kimi tanımaq qərarına gəlib.

“Müşahidəçi hüquqi şəxs” statusundan “müşahidəçi dövlət” statusuna keçməsi fələstinlilərə Baş Assambleyanın müzakirələrində iştirak etməyə və BMT agentliklərinə və digər qurumlara üzv olmaq şanslarını artırmağa imkan verib.

BMT-də keçirilən səsvermə nəticəsində Fələstin dövləti yaradılmasa da, BMT Baş Assambleyasının 193 üzvünün 70 faizindən çoxu Fələstin dövlətini tanıyır.

İsrail ilə Şərqi Qüds, Qəzza və İordan çayının qərb sahilində yaşayan fələstinlilər arasında gərginlik, ümumiyyətlə, yüksək olaraq qalır.
Qəzzanı kim idarə edir?
Qəzzanı İsraillə çoxlu müharibələr aparan Həmas idarə edir.

İsrail və Misir Həmas-a silah göndərilməsinin qarşısını almaq üçün Qəzza sərhədlərinə ciddi nəzarət edir.

Qəzza və İordan çayının qərb sahilindəki fələstinlilər İsrailin hərəkətləri və məhdudiyyətləri ucbatından əziyyət çəkirlər. İsrail isə özünü Fələstin zorakılığından qorumağa çalışdığını bildirir.

Əsas problemlər hansılardır?
İsraillə fələstinlilər arasında ziddiyyət təşkil edən bir çox məsələ var: fələstinli qaçqınların taleyi necə olacaq, yəhudi məskənlərinin işğal altındakı İordan çayının qərb sahilində qalıb-qalmayacağı, iki tərəfin Qüdsü (Yerusəlimi) bölüşüb-bölüşməyəcəyi və bəlkə də ən çətini - İsrailin yanında Fələstin dövləti qurulub-qurulmayacağı kimi problemlər öz həllini gözləyir.

Sülh danışıqları təxminən otuz ildir davam edir, lakin indiyə qədər münaqişəni həll edə bilməyiblər.

Bundan sonra nə baş verə bilər?
Həmas silahlılarının komandiri Məhəmməd Deif fələstinliləri və digər ərəbləri “silahlıların [İsrailin] işğalını süpürmək” əməliyyatına qoşulmağa çağırıb.

İndi böyük sual odur ki, işğal altındakı İordan çayının qərb sahilində və Şərqi Qüdsdə və ya bölgənin başqa yerlərində fələstinlilər onun çağırışına dəstək verəcəkmi, BBC-nin Qüds (Yerusəlim) müxbiri Yolande Knell deyir.

İsrail, şübhəsiz ki, bir neçə cəbhədə açıla biləcək bir müharibə potensialını görür. Ən pis ssenari odur ki, Livanın güclü silahlı qruplaşması olan Hizbullah bu döyüşə cəlb oluna bilər.

Bazar günü səhər saatlarında Hizbullah İsrailin şimalına çoxlu sayda raket və mərmi atıb, itki yoxdur.

İsrail ordusu qoşunların kütləvi şəkildə gücləndirilməsinə göstəriş verib. Qəzzaya intensiv hava hücumları ilə yanaşı, orada quru əməliyyatı planlaşdırdığını da açıqlayıb.

Amma problemlərin yaxın gələcəkdə həll olunacağına işarə yoxdur.

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-ın Donald Trump-ın Prezidentliyi dövründə hazırladığı son sülh planını “əsrin müqaviləsi” adlandırıb.

Lakin fələstinlilər bunu İsrailin xeyrinə olan birtərəfli razılaşma kimi qiymətləndirir və o, heç vaxt həyata keçirilməyib.

İstənilən gələcək sülh sazişi hər iki tərəfdən mürəkkəb məsələləri həll etmək üçün öz iradəsini nümayiş etdirməyi tələb edəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.