İrəvan sülhməramlılardan imtina etdi: - Ermənistana girməsinlər

12-10-2023, 00:02           
İrəvan sülhməramlılardan imtina etdi: -
Baş nazir Nikol Paşinyan Azərbaycan ərazisindəki Rusiya sülhməramlı kontingentinin Ermənistana daxil olmasına etiraz edir.

Əslində, söhbət 2020-ci ildə Rusiyanın Ermənistanın Gümrü şəhərindəki 102-ci hərbi bazasından Azərbaycana göndərilmiş sülhməramlı qüvvələrin geri qaytarılmasından gedir.

10 noyabr Bəyanatına uyğun olaraq, Rusiyanın 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti müvəqqəti olaraq Qarabağda və Laçın-Xankəndi yolunda yerləşdirilmişdi.

Bu müddətdə sülhməramlı missiyanın şəxsi heyətinin, zirehli və digər texnikalarının dislokasiyası quru yoldan istifadə etməklə 102 saylı motoatıcı hərbi bazada həyata keçirilib. İndi isə Rusiya Qarabağdakı sülhməramlı qüvvələrin sayını məhdudlaşdırır və hətta yaxın müddətdə tamamilə Azərbaycan ərazisini tərk edəcəyi istisna olunmur.

Bu məntiqlə Rusiya hərbçiləri yenidən Gümrüyə qayıtmalıdır. Lakin Paşinyan Ermənistanın “Birinci Kanal”ına müsahibəsində buna qarşı olduğunu deyib:

“Əgər sülhməramlılar gedirsə, o zaman bizim üçün onların Ermənistan və ya Azərbaycan ərazisindən getməsinin prinsipial əhəmiyyəti yoxdur. Lakin Ermənistan Respublikasının ərazisinə sülhməramlı kontingentin yerləşdirilməsi ilə bağlı deyə bilərik ki, bunun heç bir hüquqi əsası yoxdur. Əgər sülhməramlılar Qarabağı tərk edəcəksə, Rusiyaya gedəcəklər”, - deyə Nikol Paşinyan bildirib.

Baş nazirin bu açıqlaması Rusiya hərbi bazalarının Ermənistandan çıxarılmasına çağırış mesajı kimi şərh olunub. Paşinyan məsələyə aydınlıq gətirmək üçün 102-ci bazanın Ermənistandan çıxarılması ilə bağlı müzakirə aparılmadığını deyib.

Ancaq ekspertlər hesab edir ki, sülhməramlı kontingentin Azərbaycanı tərk etməsi növbədə, Rusiya hərbi bazalarının Ermənistan ərazisindən çıxarılmasına səbəb ola bilər.

Ona görə də Paşinyanın açıqlaması Rusiya hakimiyyətində narahatlıqla qarşılanıb. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov sülhməramlıların gələcək taleyinin Bakı ilə müzakirə edildiyini, lakin İrəvanla da əlaqələrin davam etdirildiyini deyib. Peskov Paşinyanın açıqlamasına münasibət bildirməyib.

TEREF.AZ-ın məlumatına görə, politoloq İlqar Vəlizadə Cebhe.info-ya açıqlamasında bildirib ki, Paşinyanı açıqlaması Rusiya hərbi bazasını Ermənistandan çıxartmaq məqsədi daşımır:

"O, Rusiyanın Ermənistanda siyasi və hərbi təsirini azaltmağa çalışır. Paşinyan qorxur ki, sülhməramlı kontingent Gümrüyə qayıtsa, 102-ci hərbi bazanın maddi-texniki bazası güclənə bilər.

Bu da İrıvan və Moskva arasında gərginliyin artdığı hazırkı vəziyyətdə Rusiyanın Ermənistanda hərbi cəhətdən güclənməsi deməkdir. Nəticədə, müəyyən spekulyasiyalar və problemlər yarana bilər. Ona görə də Paşinyan bu ifadəni işlətməklə müəyyən imic addımı atır.

Bu da ondan ibarətdir ki, artıq Ermənistan Qarabağ məsələsində Rusiya amilinə fərqli yanaşır. Əgər Qarabağ Azərbaycan ərazisidirsə, o zaman Rusiya münasibətləri Ermənistanla deyil, Azərbaycanla qurmalıdır. Belə olan təqdirdə, sülhməramlılar bölgəni Ermənistan deyil, Azərbaycan vasitəsilə tərk edərək Rusiyaya qayıtmalıdır.

Ermənistandakı hərbi bazalar məsələsinə gəlincə, bu ikiitərəfli müqavilələrlə tənzimlənir. Müqavilə 2049-cu ilə qədər qüvvədədir. Ona görə də sülhməramlıların çıxmasının hərbi bazaların mövcudluğuna təsir göstərəcəyinə inanmıram”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.