Təhsil eksperti Elşən Qafarov: “İnklüziv təhsillə bağlı təlimlər üçün nə qədər pul silinib, amma ortada heç nə yoxdur”

12-10-2023, 09:04           
Təhsil eksperti Elşən Qafarov:
Valideyn bildirir ki, autizm sindromlu uşaqlar üçün nəinki uyğun tədris proqramı var, əksinə pedaqoqlar onları bullinqə məruz qoyur

Valideyn: “Bu gün özəl məktəblərdən tutmuş dövlət məktəblərinə qədər heç bir məktəbdə ASP-li (Autizm Spektr Pozğunluğu) uşaqların inteqrasiyası üçün proqram yoxdur”.

Bu sözləri valideyn Pərviz Əzimov özünün “Facebook” hesabında yazıb. Əzimov qeyd edib ki, oğlu Muradı məktəbəqədər hazırlığa qoyanda xüsusi təhsillə bağlı problemlərin olduğunu müşahidə edib.

Azyaşlı Murad Autizm Spektr Pozğunluğundan əziyyət çəkdiyi üçün xüsusi təhsilə cəlb olunmalıdır.

Valideyn deyir ki, Azərbaycanın təhsil müəssisələrində nəinki inteqrasiya proqramı yoxdur, əksinə pedaqoqlar bu uşaqlara qarşı bullinq edirlər.

Onun sözlərinə görə, xüsusi təhsillə bağlı qiymətlər də çox yüksəkdir:

“Emin Əmrullayev hər fürsət düşəndə 150-200 min müəllimə göndərdiyi SMS-in pulu ilə ildə bir neçə məktəbin müəllimini peşəkarlaşdıra bilərdi. Nazirlik hər il yüzlərlə mənasız layihəyələrə milyonlarla pul xərcləyir. Ancaq ölkənin vətəndaşlarının taleyi heç veclərinə də deyil. Mənim müşahidə elədiklərim hələ özəl məktəblərdə olan problemlərdir. Bunu görəndən sonra adam dövlət məktəblərindəki vəziyyəti təsəvvür belə etməyə qorxur.

Hər il yüzlərlə ASP-li uşaq təhsildən məhrum olur. Bunun axırı necə olacaq, kim onları cəmiyyətə inteqrasiya edəcək?! Bir ASP-li uşağın adi bağça xərci aylıq 1500-2000 manat arasıdır. Azərbaycanda neçə faiz ailənin aylıq bu məbləği ödəmək imkanı var?!” – deyə o, bildirib.

P.Əzimov deyir ki, qarşılaşdığı problemlə bağlı Elm və Təhsil Nazirliyinə dəfələrlə müraciət etsə də, müraciətləri nəticəsiz qalıb.

Təhsil eksperti Elşən Qafarov deyir ki, "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" Qanun 2002-ci ildə təsdiq edilsə də, indiyə qədər Azərbaycanda xüsusi təhsil standartları yoxdur.

"Xüsusi təhsilin qiymətləndirilməsi də yoxdur. Ümumiyyətlə müstəqillikdən bu günə kimi Azərbaycanda heç vaxt xüsusi təhsillə bağlı dövlət standartı olmayıb. Bu cür uşaqların ya xüsusi təhsil müəssisələrində, ya da evdə təhsil alması lazımdır. Onların ümumi təhsil müəsissələrində təhsil alması inklüziv təhsil təşkil olunan məktəblərdə mümkündür ki, bu da Azərbaycanda cəmi 21 məktəbdə var”, – deyə o bildirib.

Ekspert deyir ki, bu istiqamətdə pedaqoji heyətin də hazırlığı qənaətbəxş deyil:

“Nazirlər Kabineti inklüziv təhsilin təşviqi qaydalarını 2023-cü ildə qəbul edib. Amma onun tətbiqi ilə bağlı Elm və Təhsil Nazirliyinin əmri yoxdur ki, necə olacaq. İnklüziv təhsillə bağlı minlərlə müəllim 1 həftəlik təlimlərə cəlb olunmuşdular. Bu təlimlər adı ilə nə qədər pul silinib, amma ortada heç nə yoxdur",- deyə E.Qafarov bildirib.

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə sorğu ilə müraciət etsək də, suallarımız cavablandırılmayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.