Bir insan maaşını düzgün xərcləmədiyi üçün yolpulunu sizdən istəyirsə...
Bu gün, 17:04

Ruzanna Bəşirova
Xərclər üzrə konsultant
Əslində borc vemək və almaq mövzusunda insanların düşüncələri fərqlidir. Bir qrup insan var ki, onlar daima borc alır və hər zaman da borc verəcək bir insan tapa bilirlər. Bu cür insanlar adətən borcu borcla bağlayan insanlar olur.
Aldıqları borcu borca ehtiyac olduğu üçün deyil, səhv xərclədikləri və o məbləği qazanıb yerinə qoya bilmədikləri üçün daim başqalarından borc alaraq başqa bir borcu bağlamağa çalışırlar.
Bir qrup insan var ki, onlar adətən borc almaz. Bəzən fürsət yaranıb onu dəyərləndirmək lazım gəldiyində borc almalı olar və bu borcu da ən qısa müddətdə və kəsirsiz ödəyərlər. Bu cür insanlara borc vermək təhlükəli deyil, hətta onların bir fürsəti dəyərləndirəcəklərini bildikdə bu borcu dəstək olaraq vermək də insana xoş gəlir.
Bir qrup insan da vardır ki, onlar borcu alır və adətən qaytarmır. Onsuz, aldıqları zaman da qaytarmaq məqsədi ilə almırlar. Buna görə də çalışırlar ki, bacardıqları qədər çox adamdan xırda məbləğlərdə borc götürə bilsinlər. Məbləğ kiçik olduqda, bəzən borc verən adam da utandığından istəyə bilmir. Bu cür insanlara borc vermək pulu birmənalı olaraq itirmək deməkdir.
Əgər müəyyən bir müddət üçün müəyyən bir məbləğdə borc vermək və o borcun həmin tarixdə geri qaytarılmaması sizin üçün cidi bir problem yaratmayacaqsa, o zaman borc verə bilərsiniz. Yox əgər sizdən borc alan 3-cü qrup insanlardandırsa və siz bunu bilirsinizsə, borc vermək heç də məsləhət deyil.
Sonda qərar yenə də sizindir. Çalışın ki, büdcə planlsmasını düzgün edərək borc istəmək məcburiyyətində qalmayın.
Bir insan maaşını düzgün xərcləmədiyi üçün yolpulunu sizdən istəyirsə, məncə o cür insanlara borc verməklə deyil, borc verməməklə dərs vermək lazımdır.