Kremldən Finlandiya və Estoniyaya mesaj - Rusiya qalib gəlir

12-10-2023, 00:24           
Kremldən Finlandiya və Estoniyaya mesaj - Rusiya qalib gəlir
Rusiyanın hərəkətləri bu hadisə ilə məhdudlaşmayacaq: daha sonra Şimal dənizi və Şimali Atlantika, eləcə də Aralıq dənizi də hədəf ola bilər

Oktyabrın 10-da Finlandiya ölkəni Estoniya ilə birləşdirən “Balticconnector” dənizaltı qaz kəmərinin zədələndiyini açıqlayıb. Finlandiya Sahil Mühafizəsi təfərrüatlara varmadan "xarici amilin səbəb olduğu açıq-aşkar zərər" barədə açıqlama verib. Finlandiyadan və Litvadan olan həmkarlarımın köməyi ilə mən “Balticconnector” qaz kəmərinə və “Elisa” fiber-optik xəttinə dəyən ziyanla bağlı mənzərənin aydınlaşmasına bu yazı ilə cəhd edəcəm.

Bazar günü, oktyabrın 8-nə keçən gecə “Balticconnector” qaz kəmərində operatorlar “Gasgrid Finland” və Estoniyanın “Elering” şirkətləri gecə saat ikiyə az qalmış təzyiqin 40 MPa-dan 6 MPa-a düşdüyünü qeyd ediblər. “Elisa” sualtı qayıqlarının rabitə kabeli də qırılıb.

Çərşənbə axşamı, oktyabrın 10-da, hökumətin Helsinkidə keçirdiyi mətbuat konfransında boru kəmərinin və kabelin qəsdən zədələndiyi bildirilib. Rəsmilər partlayış əlamətinin olmadığını açıqlayıblar. Baş nazir Petteri Orponun sözlərinə görə, Finlandiyanın təchizat təhlükəsizliyi yaxşıdır və təhlükəsizlik vəziyyəti stabildir.

Finlandiya Milli Təhqiqat Bürosu məhkəməyə qədər istintaqa başlayıb. Artıq ilkin araşdırma göstərib ki, borunun zədələnməsi texnogendir və bu, təxribat aktı versiyasını təsdiqləyir.

Finlandiya Prezidenti Sauli Niinistjo NATO-nun baş katibi Yens Stoltenberqlə vəziyyəti müzakirə edib. NATO insidentin araşdırılmasına kömək edəcəyinə söz verib.

Texniki təchizat barədə: “Balticconnector” qaz kəməri Finlandiya və Estoniyanın qaz bazarlarını birləşdirən ilk sualtı qaz kəməridir. Qaz kəmərinin inşası 2019-cu ilin dekabrında tamamlanıb. Bu, 250 milyon avroya başa gəlib və bunun 75%-ni Avropa İttifaqının yardımı əhatə edib. 7,2 milyon kubmetr qaz ötürə bilir. Finlandiya körfəzinin dibində salınıb və uzunluğu 77 km-dir. Borunun daxili diametri 500 mm-dir. Boru poladdır, divar qalınlığı 15,9 mm-dir. Boru kəməri beton qabıq və bir metr qalınlığında çınqıl təbəqəsi ilə qorunur.

Qaz kəməri reversiv dizayna malikdir. Bu, Estoniya və Finlandiya arasında qazın hər iki istiqamətdə nəqlinə imkan verir. Metantankerlə Finlandiyanın terminalı “Inkoo”ya çatdırılan mayeləşdirilmiş təbii qaz oradan “Balticconnector” vasitəsilə Estoniyaya nəql olunur.

Finlandiya mediasının materiallarına əsaslanaraq bir neçə nəticə çıxarmaq olar. Qeyri-rəsmi olaraq Finlandiya rəhbərliyi və Finlandiya Müdafiə Qüvvələri Komandanlığı zərərin arxasında Rusiyanın durduğundan şübhələnir. Şübhəli var, amma günahkarı müəyyən etmək çətindir. Çərşənbə axşamı Finlandiya və Estoniya rəsmiləri təxribatın arxasında kimin və ya hansı tərəfin dayanması ilə bağlı şərh verməkdən imtina ediblər: "Biz nəticə çıxarmazdan əvvəl ilk növbədə bu məsələni hərtərəfli araşdırmaq istəyirik. Qərb hüquqi dövlətləri belə fəaliyyət göstərir".

İstintaqın günahkarı göstərəcək aydın sübutlar təqdim etməməsi mümkündür. Bununla belə, qaz boru kəmərinə qarşı təxribatın Rusiya ssenarisinə mükəmməl uyğun gəldiyi aydındır.

Boru kəmərinin zədələnməsi həm Finlandiya, həm də Estoniya üçün məhdud iqtisadi ziyana səbəb olur. Halbuki edilənlər informasiya müharibəsində güclü alətdir. Rusiya nümayiş etdirir ki, Ukrayna cəbhəsindəki məğlubiyyətlərə baxmayaraq, hələ də bir çox cəbhələrdə qəddar və təsirli olmağa qadirdir. Bu, hər şeydən əvvəl Finlandiya və Estoniyaya NATO-nun effektiv müdafiə olmadığını göstərir.

Daha bir məqam: Norveç seysmoloqları oktyabrın 8-nə keçən gecə Baltik dənizinin dibində yeraltı təkanları qeydə alıblar. Finlandiya vaxtı ilə saat 1:20-də qaz kəmərinin yaxınlığında seysmik dalğalar müşahidə olunub. Norveçlilər bunun "ehtimal olunan partlayış" olduğuna inanırlar. Norveçin “Norsar” seysmoloji cəmiyyətinin məlumatına görə, partlayış 1.0 bal gücündə olub. Yəni o qədər kiçik olub ki, Finlandiya seysmoloji stansiyalarında onu müşahidə etmək çətin olub.

Polşanın “Rochan Consulting” şirkətinin rəhbəri Konrad Muzyka payızda boru kəmərinin təxribatından bir neçə ay əvvəl “Şimal axını” qaz kəmərinin partladığı yerin yaxınlığında müşahidə edilən Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərdən biri olan Rusiyanın “Sibiryakov” hidroqrafik gəmisinə işarə edir.

Baş nazir Petteri Orpo və Prezident Sauli Niinistjo Rusiyanın qaz kəmərinə və fiber-optik xəttinə dəyən ziyanda əli olub-olmaması ilə bağlı mövqe tutmayıblar.

Beləliklə, ümumiləşdirmək üçün deyə bilərik:

Təxribatda “əl işi” “Şimal axını”nda olduğu kimidir. Baltik Donanmasının kəşfiyyat gəmisinin təxribat zonasının yaxınlığında yerləşməsi özü hər şeyi aydınlaşdırır.

Hər iki blokun müvafiq işçi qrupunun yaradılması yolu ilə 2023-cü ilin əvvəlində ən yüksək səviyyədə (Yens Stoltenberq və Ursula fon der Leyen) “təqdis olunan” kritik infrastrukturu qorumaq üçün NATO və Aİ-nin birgə səyləri açıq-aydın qeyri-kafi oldu. Yaradılmış “mübarizə infrastrukturu” dağıdıcı sualtı fəaliyyətə hələ ki, effektiv deyil. Avropa İttifaqı 2014-cü ildən sonra Rusiya Federasiyasının Qara dənizdə aqressiv hərəkətlərinə - Krımın işğalına, regionun hərbiləşdirilməsinə və orada Rusiyanın üstünlüyünün güclənməsinə ləng reaksiya verərək kifayət qədər zaman itirdi.

“Şimal axını” qaz kəmərlərindəki partlayış ən çox yüklənmiş və trafiklə zəngin Baltik dənizində aydın və düzgün qiymətləndirməni ehtiva edən yenilənmiş Dəniz Təhlükəsizliyi Strategiyasının ortaya çıxmasının sürətlənməsini stimullaşdırdı: “2022-ci ildə Baltik dənizində “Şimal axını” boru kəmərlərinə hücumlar, Şimal dənizindəki dəniz aktivlərinin ətrafında icazəsiz pilotsuz nəqliyyat vasitələrinin olması və dəniz infrastrukturunu hədəf alan təkrarlanan hibrid və kiberhücumlar Aİ-dən reaksiyasını gücləndirməyi və kritik infrastrukturu qorumağı tələb edir...”. Qiymətləndirmə aydın və düzgündür, lakin təhdidlərə qarşı effektiv mexanizm yaradılmayıb.

Rusiya təyin olunmuş təxribatı NATO, Aİ, milli səlahiyyətli orqanların reaksiyasını öyrənmək, habelə onların davranışını və görüləcək tədbirləri öyrənmək üçün həyata keçirib.

Təxribat Yaxın Şərqdəki hadisələrlə yanaşı, NATO və Aİ-nin üstünlük təşkil etdiyi dənizdə baş verdiyi üçün Alyansın və Avropa Komissiyasının diqqətini yayındırır. Bununla yanaşı, diqqəti Ukraynadan daha çox yayındırır.

Aydındır ki, Rusiyanın hərəkətləri bu hadisə ilə məhdudlaşmayacaq: daha sonra Şimal dənizi və Şimali Atlantika, eləcə də Aralıq dənizi də hədəf ola bilər.

NATO və Alyansa üzv olan ölkələrin siyasi liderləri eskalasiyanın qarşısını almaq üçün Rusiyanın təxribat müəllifinin (“Şimal axını”nda olduğu kimi) ictimaiyyətə açıqlanmasından yayınmaq praktikasından əl çəkməlidir. Bu praktika Qərbin zəifliyinin təzahürü kimi qiymətləndirildiyi üçün Rusiyanı yalnız növbəti addımlar atmağa sövq edir.

Müəllif: Mixail Qonçar - “Strategiya XXI” Qlobal Araşdırmalar Mərkəzinin prezidenti.

Mənbə: UNİAN

Tərcümə AYNA-ya məxsusdur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.