30 il atəş altında: “yarımköçkünlər” sülh dövrünə nə ilə gedirlər?

2-11-2023, 07:04           
30 il atəş altında: “yarımköçkünlər” sülh dövrünə nə ilə gedirlər?

Sərhəd kəndlərinin sakinləri bir zamanlar qəhrəman idilər, indi isə yaddan çıxmış əyalət insanları...

(“Sərhəd kəndlərimizin həyatı” silsiləsinin yekun yazısı)
Onlar qaçqınlardan, məcburi köçkünlərdən az zillət çəkməyiblər. Hətta daha çox həyati təhlükə
altında olublar.
Bütün müharibə dövründə onlar qəhrəman idilər, indi, müharibə bitdikdən, sülh söhbətləri
başladıqdan sonra isə yaddan çıxmış sakinlərdir. Müharibənin ən qızğın dövründə belə eveşiklərini tərk etməyən bu sakinlər barədə çox danışılırdı. Söhbət düşmənlə təmas xətlərinə ən
yaxın ərazilərdə yaşayan sərhəd kəndlərinin sakinlərindən gedir. Onlar, bütün məşəqqətlərə
baxmayaraq, döyüşlərin ən qızğın vaxtlarında belə yurdlarını tərk etməyərək həm öz evlərini,
həm də sərhədlərimizi qoruyublar.
İşğaldan azad olunmuş ərazilərdə quruculuq işlərinin, köçkünlərin doğma yurdlarına qayıtması
fonunda onlar bu gün güllə yağışı altında olmasa da, yenə nişangahda hərəkət edirlər. Və
özlərini yaddan çıxmış hesab edirlər. Bir zamanlar bütün enerjilərini sağ qalmaq üçün sərf edən
sərhəd bölgəsinin sakinləri indi sosial problemlərdən yaxa qurtarmaq üçün “döyüşürlər”.
***
Bu gün Azərbaycanın qərb bölgəsinin sərhəd kəndlərini əsas ortaq problemi ölkənin ümumi
problemi olan su təminatı ilə bağlıdır. Onların bəzilərində içməli su, bəzilərində suvarma suyu,
bəzilərində isə heç biri yoxdur.
Məsələn, Tovuzun Əlibəyli kəndi çay dərəsində yerləşir və buranın sakinləri suvarma suyu
gətirmək üçün bellə “silahlanıb”, Ermənistan ərazisinə keçməyə məcbur olurlar.
Heç bir çayı olmayan, qurumaq üzrə olan bulaqların ümidinə qalan Tovuz rayonunun Koxanəbi
və Qazaxın Quşçu Ayrım kəndlərinin sakinlərinin isə istəsələr belə, heç yerdən suvarma suyu
gətirmək imkanı yoxdur.
Quşçu Ayrımda içmək və təsərrüfat suyu problemi son illərdə Coğazçay su anbarından nasosla
vurulan suyun hesabına qismən həll olunsa da, Koxanəbi kəndində bu məsələ müşkül görünür.
Yaxınlıqda heç bir açıq, yaxud qapalı su mənbəyi olmayan kəndin sakinləri ümid edirlər ki
artezian quyusu qazılarsa, bu problemdən yaxa qurtarmaq olar. Amma bu ümidləri
reallaşdırmaq, yaxud ondan birdəfəlik əl üzmək üçün heç bir qurum ərazidə kəşfiyyat işi
aparmayıb. Dağlıq ərazidə artezian quyusunun qazılması, su çıxması haqda rəy verməyib.

Milyonlarla kubmetr su tutumu olan anbarın sahilində yerləşən Məzəm kəndinin suvarma suyu
çətinliyi isə daha müşkül görünür. Belə ki, uzun müddət sayğacsız olaraq kəndə xidmət edən
nasos stansiyasının elektrik enerjisi aidiyyəti orqanlar tərəfindən kəsildikdən sonra kənddə
suvarma suyu problemi yaranıb. Səbəb odur ki, hər bir üzvü müharibə iştirakçısı sayıla biləcək
kəndin sakinləri onsuz da məhdud şərtlər altında yaşamlarından bir də əlavə olaraq, nasos üçün
enerji haqqı ödəmək istəmirlər. Enerji təminatına cavabdeh olan qurum isə hansı ərazidə, necə
yaşamalarından asılı olmayaraq, hər kəsin işlətdiyi enerjinin haqqının ödəməli olmasını əsas
gətirərək, kəndi suvarma suyu ilə təmin edən qurğunu elektrik enerjisindən ayırıb və kəndi susuz
qoyub. Bu vəziyyətdə hər iki tərəf özünü haqlı sayması kəndin suvarma suyu problemiylə
üzləşməsiylə nəticələnib.
***
Problemlər girdabında olan kəndləri rayonlar üzrə də təsnifatlaşdırmaq olar. Müşahidələr onu
göstərir ki Qazax rayonunun sərhəd kəndlərində yaşayan insanlar özlərini daha güvəndə sayırlar.
Bunu görmək üçün ən sadə üsul qarşı tərəfin təxribatlarından sığortalanmaq üçün istinad
divarlarının necə çəkilməsini müşahidə etməkdir. Belə ki, Qazaxın sərhəd kəndlərində istinad
divarlarına ayrılan büdcə qonşu rayona nisbətən daha insafla sərf edilib.
Məsələn, Tovuzda müsahiblərdən birinin bildirdiyinə görə, üzü erməni postlarına baxan bir
pəncərənin qarşısından istinad divarı çəkmək üçün 3 metr hündürlüyündə, 3 metr enində divar
çəkilməsi üçün smeta tutulub. Nəticə olaraq təhvil verilən isə 1.5 metr hündürlüyündə, 2 metr
enində, hündür torpaq üzərində tikilən divar olub. Ev sahibinin sözlərinə görə, təməli zəif olduğu
və heç bir bərkidici bağ vurulmadığı üçün divarın özü uçmaq təhlükəsi törədirdi. Nəticədə divarın
qoruduğu evin sahibi o divarı sökərək, daşlarından su hovuzu tikmək üçün istifadə edib.
Qazax rayonunda isə bu cür divarlar geniş və hündür çəkilib. O da bu divarlar arxasında yaşayan
insanları özlərini daha güvəndə hiss etməsini təmin edib. Eyni zamanda, Qazaxın sərhəd
bölgəsinin sakinləri rayon rəhbərliyinin onların problemləri ilə də yaxından maraqlandığını
bildiriblər. Bu diqqətin özü onsuz da dövlətdən çox şey ummayan sərhəd kəndlərinin sakinləri
üçün bir stimul sayılır.
Rayonlar arasında digər bir fərq isə Qazax rayonunun düşmənlə təmas xəttinə ən yaxın
məsafədə yerləşən kəndlərinın sakinləri üçün müəyyən statusun olmasıdır. Belə ki, bu kəndlərin
sakinləri yarımköçkün statusu daşıyırlar – onlara işıq və qaz istifadəsi üçün müəyyən bir limit
ayrılıb. Bu limit sakinləri əsas kommunal xərclərdən qismən azad edir ki, onlar da həmin qənaət
edilmiş vəsaiti öz güzəranlarına sərf edə bilirlər.

Tovuz rayonunun sərhəd kəndlərində isə belə bir limit mövcud deyil. O səbəbdən Qazax
rayonunda yaşayan insanların daha təmin olunmuş saymaq olar.
Qısaca desək, bir ay ərzində olduğumuz bütün kəndlərdə insanlar müəyyən miqdarda mal
heyvan, toyuq-cücə, arı saxlayırlar. Bu, onların dolanışığına müəyyən qədər kömək edir. Amma
sakinlərin özlərinin də dediyi kimi, 2 inək, yaxud 5 arı, 10-15 qoyun saxlamaqla ailə dolandırmaq
olmur. İş orasıdır ki, bir ailənin bundan artıq təsərrüfat saxlamağa fiziki imkanı da çatmır.
Bu kəndlərin sakinlərinin əsas çətinliyi nağd pul ilə bağlıdır. Çünki hər dəfə, tutaq ki, 20-30
manata ehtiyac yarandıqda bir inəyi, yaxud bir qoyunu satıb nağd pula çevirmək mümkün və
sərfəli deyil. Sərhəd kəndlərində hansı ailədə aylıq pensiya, əlillik və yaxud veteran pulu alan
varsa, yəni o ailəyə az miqdarda da olsa nağd pul daxil olursa, onlar müəyyən qədər dolana
bilirlər. Bunlar olmayan ailələr isə dolanmaq üçün daha çox əziyyət çəkirlər.
Sərhəd kəndlərində keçirdiyimiz bir ay ərzində ünsiyyətdə olduğumuz şəxslər deyirdilər ki,
vəziyyəti düzəltmək üçün onlara müəyyən güzəştlər tətbiq olunmalıdır. Amma əvəzində hər gün
daha çox məhdudiyyət və məhrumiyyətlə üzləşirlər. Haqsız yerə əlillikləri ləğv edilir, yaxud, əlillik
dərəcələrini dəyişdirərək, aldıqları pulu azaldırlar, bu da heç yerdən əlavə gəliri olmayan
insanların maddi sıxıntılarının daha da artmasına səbəb olur.
***
Sözsüz ki, sərhəd bölgəsində yaşayan əhalinin əsas problemlərindən biri də örüş, əkin və biçin
yerlərinin məhdud olmasıdır. Örüş yerlərinin təmas xəttinə düşməsi, yaxud, şərti sərhəddən o
tərəfdə qalması da onların mal-qara saxlaması üçün əngəllər törədir.
Daha çox çətinlik yaradan isə mina təhlükəsidir. Nəzarətsiz qalan heyvanları tapdanmamış, yaşıl
ərazilər cəlb edir ki bu da onların canı, sahiblərinin isə malı bahasına başa gəlir. Görünən odur ki,
sülh sazişi imzalansa və sərhədlər konkretləşsə belə, bu minalar hələ çox tələfata səbəb olacaq.
Sərhəd kəndləri arasında ən az təmin olunmuş Koxanəbi kəndidir. Ayrıca icra nümayəndəliyi,
bələdiyyəsi olan bu kəndin ərazisində nə bir inzibati idarə binası, nə məktəb, nə tibb məntəqəsi
mövcuddur. Sanki yaddan çıxmış bir kəndi xatırladan ərazidə 3 böyük mobil operatordan heç biri
işləmir. Bu da kəndin boşalmasının səbəblərindən biridir. Koxanəbi sakinlər 2015-2016-cı ilə
kimi ara-sıra “bayraqlıların” (Beynəlxalq Qırmızı Xaç) gəlib onların güzəranı ilə maraqlandığını
deyirlər. Lakin artıq 7-8 ildir ki, onlarla bir nəfər belə maraqlanmır.

Qazax rayonun sərhəddə, həmçinin işğal altında olan kəndlərinin əhalisinin başqa bir ümumi
problemi də var. Burada yaşayan insanlar uzun müddət sayğac olmadan mavi yanacaqdan
istifadə ediblər. Heç bir qadağa haqda məlumatlandırılmayan sakinlər bir gün artıq hər ailənin
adına 3 min, 5 min, hətta 12 min manat qaz borcu yazıldığından xəbər tutublar. Sakinlərin
bildirdiyinə görə, bu borclanma heç bir qanunauyğunluq əsasında aparılmayıb. Hətta
bildirildiyinə görə, illərlə yaşayış, qaz istifadəsi olmayan evlər olub ki, onlara da 10-12 min manat
qaz borcu yazılıb. Düzdür, bu məbləği onlardan hələlik ciddi tələb olunmasa da, hər kəsin
üzərində daşıdığı öhdəlikdir.
***
Son 3 ildə – 44 günlük müharibədən bəri burada yaşayan insanların həyatı nisbətən sakit keçir.
Mina təhlükəsi, sosial problemlər qalsa da, Ermənistandan gözlənilən təhlükə azalıb. Əvvəllər
özlərini aqressiv aparan, ərazinin sahibi sayan erməni hərbçilərinin postlarından daha əvvəlki
kimi gur səs çıxmır. Əvvəllər istədikləri vaxt sərxoş vəziyyətdə əhalini narahat edirdilərsə, indi
belə hallara rast gəlinmir.
Artıq insanlar sakit həyata alışırlar. Minalanmış ərazilərin təmizlənməsini, kənddə sərbəst
hərəkət etmələrini arzulayırlar. Hətta son 30 ildən bəri ilk dəfədir, gələcəklə bağlı planlar da
qururlar.
Düzdür, söhbət etdiyimiz insanlardan heç biri ermənilərlə münasibətlərin yenidən əvvəlki
səviyyədə olacağına inanmırlar. Bu da başadüşüləndir. Çünki bu illər ərzində övladını, qardaşını,
dostunu itirən insanların bu tələfatlara səbəb olmuş qarşı tərəfin insanı ilə münasibət quracağı
real görünmür. Bu insanların 30 illik həyatı məşəqqətdə keçib. Onlar sağ qalmaq üçün sərf
etdikləri enerjini daha yaxşı, xeyirli işlərə sərf edə bilərdilər. Özlərinin də dediyi kimi, hansı insan
“yaralıdır”, hansı insanın itkisi olub, o insanların qayıdıb əvvəli münasibətdə yaşaması azı 1-2
nəsil mümkün görünmür. Sərhəddən kənarda, heç bir acısı olmayan, daim güllə qorxusu altında
yaşamayan insanlar üçün barışıq o qədər də çətin görünməz. Bu yöndə söhbətlərdə, ümumi
olaraq, qadınlarla kişilərin də fikirləri fərqlənir. Kişilər qəti olaraq bu münasibətin əleyhinədirilər.
Qadınlar isə nə formada olur-olsun, bu münaqişənin, müharibənin dayanmasını istəyirlər. Hətta
övladları düşmən gülləsindən həyatını itirən qadınlar belə əmin-amanlıq olmasını arzulayırlar.
İndiyə kimi itirdikləri ilə kifayətlənmək, bundan belə yanlarında qalan yaxınları, əzizləri ilə əminamanlıqda həyatlarını davam etmək istəyirlər.

Əlbəttə, bu kəndlərdə olan problemlər bu və digər formada ölkənin digər ərazilərində də
mövcuddur. Lakin ətrafı minalarla əhatələnmiş, illərlə hər an ölümlə yanaşı addımlamış bu
insanlar zamanla cəmiyyətin həssas təbəqəsinə çevriliblər. Ən azı örüş yerlərinin qayıtması,
minaya düşən heyvanların əvəzinin ödənməsi, hər hansı sosial proqram, yaxud layihənin
işlənməsi sərhəd bölgəsində yaşayan insanların da güzəranlarına müsbət təsir göstərə bilər.
Bunları edə bilsək, sərhəddən başlayan vətən torpağı da boşalmaz, yaşlı sakinlərin ümidinə
qalmaz…
İlham Mustafa
pressklub












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.