"Muğanbank"a yatırılan 61 milyonluq əmanət kimindir?

2-11-2023, 08:34           
"Muğanbank"a yatırılan 61 milyonluq əmanət kimindir?
Ləğv prosesində olan “Muğanbank”ın sığortasız əmanətləri təxminən 102 milyon manat təşkil edir.
Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun bu gün verdiyi açıqlamaya görə, həmin məbləğin 76 milyonu fiziki şəxslərə məxsusdur.
Taleh Kazımov bildirib ki, sözügedən 72 milyonun 61 milyonu bir nəfərindir: "Yerdə qalan 24 milyon hüquqi şəxslərin pullarıdır. Onun da 50 faizi 2 şirkətindir".
Maraqlıdır, "Muğanbank"da 61 mlyon sığortasız əmanəti olan şəxs kimdir?

Bakupost.az bununla bağlı araşdırma aparıb. Əldə etdiyimiz məlumata görə, "Muğanbank"dakı sığortsız əmanətin təxminən 80 faizi, başqa sözlə, həmin 61 milyon manat sözügedən bankın sahibi, "Odlar Yurdu" Universitetinin rektoru Əhməd Vəliyevin ailəsinə məxsusdur.
Muğanbank”ın səhimləri rəsmi olaraq Elmir Maqbet oğlu Mehdiyevə (67,74%), Vəfa Əhməd qızı Vəliyevaya (10,65%) və Fəridə Cahandar qızı Mehdiyevaya (10,03%) məxsus idi.
Qeyd edək ki, Elmir Mehdiyev Əhməd Vəliyevin kürəkəni, Vəfa Vəliyeva isə qızıdır.
Vaxtilə Elmir Mehdiyevin atası Maqbet Mehdiyev də bankın səhimlərinin bir hissəsinin sahibi idi. 2022-ci ildə dünyasını dəyişməsindən sonra ona məxsus səhmlər qohumlar arasında bölüşdürülüb.
Bəzi məlumatlara görə isə sonradan bankın payının böyük hissəsi Odlar Yurdu Universitetinin rektoru, sabiq deputat Əhməd Vəliyevin oğulları – Samir və Munir Vəliyevlərə ötürülüb. Nəticədə Vəliyevlərin Bankdakı payı 10,65%-dən 88,33%-ə, Mehdiyevlərin payı isə 89,35%-dən 11,67%-ə dəyişib.
Xatırladaq ki, Mərkəzi Bankının İdarə Heyətinin 18 oktyabr 2023-cü il tarixli Qərarı ilə “Muğanbank” ASC-nin lisenziyası ləğv olunub.
Məsələ ilə bağlı verilən rəsmi açıqlamada qeyd olunur ki, məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasına, cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə, habelə bankın daxili idarəetmə və nəzarət prosedurları adekvat olmadığına görə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6-cı, 16.1.7-ci, 16.1.9-cu, 16.1.18-ci, 57-ci və 61.1-ci maddələrinə əsasən “Muğan Bank” ASC-nin lisenziyası 19 oktyabr 2023-cü il tarixindən etibarən ləğv edilib, banka müvəqqəti inzibatçı təyin edilib və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.