ŞOK! Sertifikasiyadan keçməyən həkimlər! - Onlar əməliyyat da edir

24-11-2023, 08:34           
ŞOK! Sertifikasiyadan keçməyən həkimlər! -
Səhiyyə Nazirliyi 2011-ci ilin yanvar ayından ali tibb mütəxəssislərinin, 2012-ci ildən isə orta tibb işçilərinin sertifikasiya prosesini aparır. Qanuna görə, sertifikasiyadan keçmədən praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul oluna bilməz.

Zaman-zaman klinikalarda keçirilmiş yoxlamalar göstərir ki, heç də bütün müəssisəsilərdə buna riayət olunmur. Sertifikasiya ilə bağlı hazırda vəziyyətin nə yerdə olduğunu, klinikalarda sertifikasiyadan keçmədən işləyən həkimlərin olub- olmadığını araşdırdıqda maraqlı mənzərə ilə rastlaşdıq.

Etibarlı mənbələrdən əldə etdiyimiz məlumata əsasən, aşağıda adları çəkilən həkimlər sertifikasiya imtahanından keçmədən həkim kimi fəaliyyətlərini davam etdirir, hətta cərrahi əməliyyatlar da icra edirlər:

Ürək-damar cərrahı, Uzman doktor Anar Əbülfət oğlu Həmidovun sertifikatı yoxdur. O, “Məlhəm” Beynəlxalq Hospitalında çalışır.

“Məlhəm” klinikasının Oftalmologiya Mərkəzinin rəhbəri, cərrah-oftalmoloq Aytən İxtiyar qızı Sultanova. Həkim sonuncu dəfə sertifikasiyadan 2015-ci ildə keçib və müddəti 2020-ci ildə bitib. Həkimin müayinə və əməliyyatlar etdiyinə dair videoları sosial hesablarından (https://www.instagram.com/draytensultanova/) mütəmadi olaraq paylaşılır.

Ürək-damar cərrahı Fədai Almazov Topçubaşov adına Elmi Cərrahiyyə mərkəzində işləyir. Onun paralel olaraq, özəl klinikalarda da çalışdığı məlumdur.

Ginekoloq Fərəh Əlizadə “Oksigen” klinikasında işləyir. Sertifikatı olmadığına baxmayaraq, əməliyyatlar edir.

“Caspian International Hospital”ın ümumi cərrahı Elçin Firudin oğlu Əzizov da sertifikasiyadan keçmədən tibbi fəaliyyətinə davam edən həkimlər sırasındadır.

Plastik cərrah, LOR Qumru Vidadi qızı Hüseynzadə. Həkimin instagram səhifəsindən, açdığı canlı yayımlardan da görünür ki, fəaliyyəti məhdudlaşdırılmayıb. (https://www.instagram.com/dr.qumru.huseynzade/)

Mingəçevir Regional Hospitalı və Gəncə İstanbul Genetics klinikasında çalışan travmatoloq-ortoped, Uzman doktor Mahmut Bilir də sertifikatı olmadan cərrahi müalicələr edir.

Fetal NS Genetics Klinikasının Uzman Pediatr, Neonatoloqu Dr. Səid Namiq oğlu Səidov sertifikasiya imtahanından keçmədən fəaliyyətini davam etdirir.

“ParaMed” klinikasının ginekoloqu Türkay Hikmət qızı Şəkərova da sertifikasiyadan keçməyən həkimlər siyahısındadır. Həkimin instagram səhifəsində “Sertifikatlar” bölməsində də Səhiyyə Nazirliyinin verdiyi 5 illik sertifikata rast gəlinmir. Lakin səhifədə hər gün canlı yayımlar və paylaşımlardan başa düşülür ki, tibbi fəaliyyəti əvvəlki qaydada davam edir.

Məlumat üçün bildirək ki, Səhiyyə Nazirliyi əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsini təmin etmək üçün sertifikasiya imtahanı keçirir. Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş səhiyyə mütəxəssisləri beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər. 2011-ci ilin yanvar ayından ali tibb mütəxəssislərinin, 2012-ci ildən isə orta tibb işçilərinin sertifikasiya prosesi aparılır. Ölkə səhiyyəsi üçün əhəmiyyətli addım olan bu layihə Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 21 dekabr tarixli Fərmanı və Nazirlər Kabinetinin 2010-cu il 8 iyun tarixli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nı rəhbər tutaraq həyata keçirilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 8 iyun tarixli, 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası” qaydasının 6.1. maddəsinə görə, Sertifikasiyadan keçməyən işçilər 6 ay müddətində iş yeri saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq məqsədi ilə ixtisasları üzrə növbəti imtahanlarda iştirak etmək üçün Nazirliyə müraciət edə bilərlər. Lakin yuxarıda da qeyd olunduğu kimi, bəzi həkimlərin sertifikasiya müddətindən 6 ay yox, 3 il keçməsinə baxmayaraq, imtahana cəlb edilmədən xəstə qəbul edir, həmçinin cərrahi əməliyyatlar icra edirlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin “215. Sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması” maddəsinin 4-cü bəndinə görə, Qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
Bu il bu səbəbdən “Görüş Klinikası” MMC və “SR Dent” MMC-yə qarşı cərimə protokolları tərtib edilmiş və məhkəməyə göndərilmişdir.
Araşdırmalarımız davam edir.
Yazıda adı çəkilən həkimlərin mövqeyini işıqlandırmağa hazırıq.
Nadir Hüseynli
Pravda.az















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.