Zinəti Hindistandan, köynəyi Türkiyədən gətirilən “Tağıyev” - RESENZİYA
Bu gün, 00:08
Milyonçuya ağı deyən xala, telefonla oynayan qız, fəlsəfi monoloq söyləyən xidmətçi...
Son bir-neçə ildə tarixi mövzuda çəkilməsinin sorağı gələn iki filmi gözləyirdim. Onlardan biri “Atabəylər”, ikincisi “Tağıyev” idi. İkincisi artıq ölkə kinoteatrlarında nümayiş olunur. COP29-un “razqar” vaxtında yol tapıb, gedib filmə baxdım.
Stanislavski nahaq yerə “teatr asılqandan başlayır” - deməyib. Bu asılqan məsələsi elə-belə söz deyil, özündə çox mətləbləri ehtiva edir. Ən önəmli mətləb elə asılqanın özüdür. Yəni ki, teatrdı, kinoteatrdı, konsert salonudu, bir sözlə, mədəniyyət ocağı olan nəsnə asılqandan başlayar. Gələrsən kinoya, tamaşaya, konsertə, baletə... baxmağa, əvvəlcə bir üst geyimini çıxardıb, asıb, əllərini yuyub, sonra keçərsən sənətə tamaşa etməyə. Yox, üst geyimini də qoltuğuna vurub, tamaşa salonuna, kinoteatra keçəcəksənsə, daha bunun nəyi mədəniyyət oldu?
Nə isə, keçdim kino salonuna, gördüm içəridə elə bil, yanvarın 1-dir, hər tərəf ağappaq qar. Amma su qabları da boldur. Əcəba, qar yağan vaxt bu nə su sevdasıdır? Baxdım ki, qar hesab etdiyim popkorndur – bildiyimiz qarğıdalı qovurması. Yeyilən yeyilib, kinoya baxa-baxa, yeyilməyən səpilib ayaqlar altına, su içilib, boş butulkalar atılıb salona.
Ticarət mərkəzində kino zalı təşkil edib qarderob barədə düşünməyən insan kinoya da “yeyib-içməkl”lə gəlib, tullantı qoyub gedər. Binəva süpürgəçi də deyinə-deyinə təmizləyir: “Elə bil qəsdən edirlər e, nə qədər bacarırlar o qədər zibilləyib çıxmaq ən ali məqsədləridir”. Süpürgəçi deyir ha…
Yanımdakı boş yerə üst geyimimi, çantamı qoyub, əyləşdim. Yaxşı ki, axıra qədər o yerin sahibi gəlib çıxmadı… Bunları atdım ki, yiyəsi götürsün.
İndi keçirəm mətləbə, şükür ki, o, ürəkaçandır. Evdə televizorda, maşında radioda, küçədə hər addımda rastlaşdığımız reklamlar azmış kimi, kinoteatrda da bir 10 dəqiqə vaxtımızı alıb, hüququmuzu növbəti dəfə pozandan sonra, nəhayət, film başladı.
“Tağıyev: Neft” - film adı kimi uğurlu görünməyə bilər, çünki qoşa nöqtə adamı itələyir, birinci ifadə bəs edər, amma görəndə ki, ikinci söz birinci filmin adıdır, anlamağa çalışırsan. Yəni “Tağıyev” filmi, 1-ci hissə - “Neft”.
Xeyriyyəçi Hacı Zeynalabdin Tağıyeva həsr olunan filmdə XIX əsrin sonu – XX əsrin əvvəlində Bakıda və bölgədə baş verən mühüm tarixi hadisələr əks etdirilir. Birinci hissədə, təbii ki, bunun hamısını birdən görməyəcəksiniz.
Film Tağıyevin yaşlı, artıq hər şeyini itirmiş vaxtında xarici jurnalistə müsahibə verməsi ilə başlayır. Bütün həyatını müsahibədə, jurnalistin suallarını cavablandırarkən nəql edir.
“Neft” adlı birinci hissədə Hacı Zeynalabdinin həyat yolunun bildiyimiz və bilmədiyimiz ilkin etapı canlandırılır. Yəni o necə Bibiheybət ərazisindən əvvəl ermənilərlə şərik torpaq götürür, sonra onlara düşən ərazini də (nə yaxşı ki…) geri alır. Hamı həmin torpaqdan neft çıxmayacağını dediyi halda Hacı Zeynalabdinin ordan neft çıxması üçün çarpışıb bir addım belə geri çəkilməməsi ona hansı əzablarla başa gəlir. Hər şeyini itirir, evini girov qoyur, hətta diqqətsizliyindən vaxtında həkimə aparmadığı üçün xanımı Zeynəb dünyasını dəyişir. Oğlu İsmayıl üz döndərir. Ətrafda hər kəs onun çörəyini yeyir, amma hamı arxasında deyil, bəzən önündə durur. Bir tərəfdən də Bibiheybət məscidinin axundu din pərdəsi altında xalqı onun əleyhinə qaldırmağa çalışır. Müqəddəs torpaqları qazmaqla ruhları incitdiyini, Allaha qarşı çıxdığını iddia edib, mane olur. Xeyriyyəçilik, yaxşılıq, çörək, təhsil vermək ən ali missiyası olan Hacı Zeynalabdin Tağıyevi allahsızlıqda günahlandırıb lənətləmək allahsızlığın özü deyilmi?
Qəhrəman bütləşdirilmir, filmin uğuru da bundadır, Hacını zəif və güclü cəhətləri, əyər-əskiyi ilə, olduğu kimi göstərməyə çalışmaq cəhdi var.
Hacı bütün bu ittihamlara, etirazlara, işçiləri, övladını belə ona qarşı çıxarmağa cəhdlərə təmkinlə dözüb, əlini işdən soyutmur. Nəhayət, bıçaq sümüyə dirənən gün, tam uçurumun kandarında ikən neft fontan vurur… Neft fontanı ilə “Neft” başa çatır. Qalanı növbəti hissələrdə. Filmin prodüseri Orman Əliyev ilk təqdimat zamanı çıxışında deyib ki, film 8 hissədən ibarət nəzərdə tutulub, amma kinoteatr formatında 4 olacaq.
İki saat çəkən birinci hissəyə göz qırpmadan baxırsan. Dekor, musiqi, aktyor oyunu inandırıcıdır. Özünü həmin dövrdə, o adamlardan biri kimi hiss edirsən. Filmin çəkilişləri 70-dən çox məkanda aparılıb, 300-dən çox dekorasiya hazırlanıb.
“Azərbaycanfilm” kinostudiyasının geyim və rekvizit bölməsindən 1600 əlbisə filmin geyim emalatxanasına daxil olub. Çəkiliş boyu 3600 insan geyindirilib və onların geyim davamiyyəti ssenariyə uyğun olaraq həll edilib. Bomboz, quru, cansıxıcı çöllükdə neft fontanı ilə həyatlarının çiçəkləyəcəyi barədə xəyallar quran fəhlə obrazlarının hər biri dövrün bir salnaməçisi kimi görünür. İllah da, hərdən o ağır əməyin altında şirin bir milli musiqini ağız-ağıza verib oxumaqları elə o çöllükdə neft fontanı təsiri bağışlayır. Obrazları yaradan aktyorların oyunu maraqlıdır.
Onu da deyim ki, filmin çəkilişləri 5 il əvvəl başlayıb, qismət Hacının vəfatının 100-cü ildönümünə imiş. 5 il ərzində bu film üzərində 2500-dən çox insan işləyib.
Hə, insan demiş, Tağıyevin gənclik dövrünü Pərviz Məmmədrzayev, yaşlı vaxtını isə Qurban İsmayılov oynayır. Filmin rejissoru Zaur Qasımlının dediyinə görə, istehsalat zamanı ən çətin proses aktyor seçimi olub. Xüsusilə milyonçu, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin obrazının canlandırması üçün aktyorun seçilməsi həm çətin olub, həm də xeyli vaxt aparıb. Digər aktyorların da seçimi uğurludur. Məsələn, milyonçu olsa da Tağıyevin təsiri olmadan heç bir xeyriyyə işinə əl qoymadığı deyilən Musa Nağıyevi Rasim Cəfərov məharətlə təqdim edir.
“Himayədar” işçi adı ilə çəkilişlərinə başlanılan filmin 15 aylıq hazırlıq və çəkiliş, 9 aylıq çəkiliş dövrü, 135 çəkiliş günü olub. Hazırlıq və çəkiliş dövründə rəssam komandası 150-dən çox əsas qəhrəmanların geyim eskizlərini və geyimlərini, 400-dən çox geyim növlərini, 100 aksessuar – zərgərlik nümunələri hazırlayıb. Çəkilişlərdə ölkənin müxtəlif bölgələrindəki sənətkarların dövrə uyğun hazırladıqları geyimlər, baş geyimləri, çəkmələr, çarıqlarla birgə müxtəlif məhsullar istifadə edilib.
Türkiyədən gətirilən köynəklər və kəmərlər, Hindistan sərgisindən alınan və şəxsi kolleksiyalarda saxlanılan zinət əşyaları və aksessuarlar kirayə götürülüb.
Film Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi, Neqsol Holding, Kapital Bank, Bakcell və Norm şirkətlərinin sponsorluğu ilə Bakı Media Mərkəzi tərəfindən istehsal olunub.
Baş prodüseri Arzu Əliyeva, prodüseri Orman Əliyev, rejissoru Zaur Qasımlı, ssenari müəllifləri İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlı, operatoru Vladimir Artemyev, rəssamı Səbuhi Atababayev, geyim rəssamı Vüsal Rəhimdir.
Rejissor təqdimatda deyib ki, “Tağıyev: Neft” filminin ərsəyə gətirilməsindən əsas məqsəd kassadan gəlir götürmək deyil, Azərbaycan xalqına Azərbaycanın tarixi-mədəni irsini dəyərincə çatdırmaqdır.
Mən fərqli baxıram, Azərbaycan xalqı oğullarını da tanıyır, tarixini də bilir, bilməyən öyrənsin, tanısın, lap elə bu filmdən, amma belə filmlər həm də gəlir gətirməlidir, prokat sistemi işə düşməlidir. Həm də film yalnız daxili auditoriyaya hesablanmalı deyil. Texniki baxımdan da standartlara uyğundursa, bir zəhmət, çalışaq dünyaya çıxaq. Bu özümüz deyib, özümüz eşitməkdən daha vacibdir.
Ekran qaralıncaya qədər, bütün yaradıcı heyətin adını oxuyub, sona qədər izlədim. İşıqlar yanır, ətrafa baxıram, hamı çıxıb. Məndən qabaqda əyləşib film boyu telefonla oynayıb, sonda da “o biri hissəyə də gələrik” - deyən qız da, məndən arxada film boyu Tağıyevə ağı deyib ağlayan xala da. Qalxıb asta-asta çıxıram, qarşımdan keçən süpürgəçi yenə nə isə deyinir, amma eşitmirəm, gözüm onu görsə də, fikrim ötən əsrin əvvəllərində idi…
Növbəti seriyaları gözləməklə, “Atabəylər” filmini də tezliklə görmək üçün, Azərbaycanın həm siyasi, həm də mədəni cəbhəsində vuruşanlara uğur diləyi ilə...