Körpələrin ana südü ilə qidalanmasının üstünlükləri

Bu gün, 16:08           
Körpələrin ana südü ilə qidalanmasının üstünlükləri
Ana südü körpələr üçün əvəzedilməz və ideal qida hesab olunur. Bu qida sağlam böyümə və inkişaf üçün onları lazım olan enerji və qida maddələri ilə təmin edir.Ana südü 6 ayadək olan körpələrin qidalanması üçün “qızıl standart” hesab olunur. Bu qida ilk 6 ayda onların orqanizminin ehtiyac duyduğu enerji və qida maddələrinin hamısını qarşılayır. 6 aydan 12 ayadək olan müddətdə ana südü uşaqların sadalanan ehtiyaclarının yarısını, 13 aydan 24 ayadək olan müddətdə üçdə birini ödəyir. Vaxtından əvvəl doğulan körpələrdə isə bu qida demək olar ki, onların həyatının mühafizəsini təmin edir. Belə körpələr üçün ana südünün əsas üstünlüyü ondan ibarətdir ki, bu qida onlarda çəkinin daha yaxşı artmasına, infeksion və iltihabi xəstəliklərin qarşısının alınmasına kömək edir. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən körpələrin doğumdan bir saat sonra ana südü ilə qidalandırılması tövsiyə olunur. Bu prosesin 2 yaş və ya daha uzun müddətə davam etdirilməsi məsləhət görülür.Ana südünün tərkibində qidalı maddələrdən əlavə bu maddələri mənimsəməyə kömək edən xüsusi fermentlər də mövcuddur. Məhz bu fermentlər körpələrin orqanizmində yağ, karbohidrat və digər maddələrin həzm olunmasına kömək göstərir. Südün əsas tərkib hissəsini, 80%-dən artığını su təşkil edir. Lakin bu, adi deyil, bioloji aktiv sudur. Ana südündəki su uşaqların orqanizmi tərəfindən tam mənimsənilir. Bu su hətta isti yay günlərində onların suya olan ehtiyacını tam ödəyir. Məhz bu səbəbdən həkimlər yalnız ana südü ilə qidalandırılan körpələrə su, çay və digər mayelər verməyi tövsiyə etmirlər. Ana südünün komponentlərindən biri də karbohidratlardır. Bu qidada karbohidratların əsas hissəsini laktoza təşkil edir. Məhz laktoza kalsiumun və dəmirin mənimsənilməsinə kömək göstərir. Laktoza körpələrin mərkəzi sinir sisteminin inkişafı üçün vacibdir. Bundan əlavə, laktoza onların bağırsağında lakto- və bifidumbakteriyaların inkişafını stimullaşdırır. Lakto- və bifidumbakteriyalar isə bağırsağa düşən zərərli mikrobların inkişafına maneə yaradır. Nəticədə uşaq bağırsaq infeksiyalarından qorunmuş olur. Bundan əlavə, ana südünün tərkibindəki xüsusi yağ turşuları körpənin, xüsusilə onun beyninin və bağırsağının inkişafı üçün olduqca vacibdir.Ana südünün tərkibində uşaq orqanizmi üçün zəruri olan bütün vitamin və mikroelementlərə də rast gəlinir. Keyfiyyətinə və balanslaşdırılmış komponentlərinin tərkibinə görə bu qidada olan bioloji aktiv birləşmələri əvəz etmək mümkün deyil. Ana südünün tərkibindəki immunoqlobulinlər bağırsağın selikli qişasının səthi boyu yerləşərək immuniteti təmin edir. Ana südü maye mənbəyi olaraq orqanizmi dehidratasiyadan qoruyur və xəstəlik zamanı qida rejimini pozmur. Məsələn, diareya zamanı əksər maye və qidalardan imtina olunur, amma ana südünün qəbulu davam etdirilir.Faydalı olması ilə yanaşı, tərkibində balanslaşdırılmış komponentlər, hormonlar, yüksək miqdarda bioloji aktiv maddələr, müxtəlif boy və müdafiə faktorları (immunoqlobulinlər, fermentlər) olan ana südünün həzmi də çox asandır. Tərkibindəki bütün komponentlər nisbət etibarilə mədə-bağırsaq sisteminin funksional imkanlarına müvafiq olduğu üçün bu qidadakı fermentlər (amilaza, lipaza, fosfotaza, proteaza) və daşıyıcı zülallar körpələr tərəfindən asanlıqla mənimsənilir.Ümumiyyətlə ana südü sadəcə qida deyil. Bu qida həmçinin körpələrin orqanizmini zərərli mikrob və infeksiyalardan qoruyur, müxtəlif immun faktorlarla (lizosim-təbii antibiotik, makrofaqlar-mikrobları məhv edən xüsusi hüceyrələr) zəngin olduğuna görə, immun sisteminin inkişafına kömək edir və bu sistemi aktivləşdirir. Eləcə də allergik reaksiyaların, qəfil uşaq ölümü sindromunun, diabet, piylənmə və artıq çəkinin əmələ gəlmə riskini azaldır. Uşaqları qulaq, boğaz və sinus infeksiyalarından, soyuqdəymədən, çoxsaylı tənəffüs, xroniki, mədə-bağırsaq və digər xəstəliklərdən qoruya bilir. Ana ilə körpə arasında erkən dövrlərdə tam emosional bağlılıq yaradır. Həmçinin ana südü ilə qidalanan körpələr fiziki inkişafları ilə seçilirlər. Beləliklə, ana südü ilə qidalanan uşaqlar müxtəlif xəstəliklərdən daha etibarlı müdafiə olunmuş sayılırlar. Təsadüfi deyil ki, anemiyadan əziyyət çəkən uşaqların çoxluğu məhz ana südü ilə qidalanma göstəricisinin aşağı olması ilə əlaqədardır. Tədqiqatlar göstərir ki, keyfiyyətsiz qidalanma və körpələrin qida rasionunda ana südünün olmaması anemiyanın əsas səbəbidir. Uşaqlar arasında anemiya halları onların böyüməsinə və inkişafına mənfi təsir göstərə, öyrənmə və idrak pozğunluqlarına səbəb ola bilər.Qeyd edək ki, ana südü ilə qidalanma körpələr üçün əhəmiyyətli olmaqla yanaşı, bu prosesin həyata keçirilməsi anaların sağlamlığı üçün də vacib sayılan reproduktiv prosesin bir hissəsidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.