DÖVLƏTƏ VƏ XALQA XİDMƏT, YOXSA SUİ-İSTİFADƏYƏ BƏRAƏT?

26-11-2023, 08:58           
DÖVLƏTƏ VƏ XALQA XİDMƏT, YOXSA SUİ-İSTİFADƏYƏ BƏRAƏT?
Azərbaycanda əsl yazıçı Anar, əsl alim Həbibbəylidir desək, yanılmarıq. Bəs necə?! Hər ikisinin geniş maddi imkanları, ikincinin hətta 3-4 vəzifəsi və 3-4 kabineti də var. Təzahürata görə hər ikisi dövləti, xalqı, rəhbəri əşəddü-məhəbbətlə sevir. Nə gözəl! Hər ikisi qayğıkeşdir və hər ikisi "yaxşılıq" etməkdən doymur ki, doymur. Bəh-bəh! Məsələn, Anar müəllimin ən böyük yaxşılığı AYB-ni saxlaması, Həbibbəylinin qlobal yaxşılığı isə AMEA-nı saxlamasıdır. Bu "saxlamalar" əlahəzrətlərin "yaxşılıq əlifbası"dır. Təəssüf ki, bu "yaxşılığ"ın morfologiya və sintaksisi çox mürəkkəb, qarmaqarışıq və anlaşılmazdır.
Bu dahi şəxsiyyətlərin üzü hörmətinə bir tikə qara çörək də olsa, tapıb yeyirik, əlhəmdülillah! Əks halda, "əzazil" dövlət hər iki qurumi qapayar və vətəndaşlar da acından ölərdilər, əstəğfirullah!
Bu səbəbdən də hər iki qurum rəhbərinə, onların sürücülərinə, köməkçilərinə, dostlarına, qohumlarına və adını çəkmədiyim digərlərinə daim səcdədə olmaq fərzi-kifayədir!
Bəli, Anar müəllim nəinki yazıçıların, hətta onların böyük, "ailə qurmuş" övladlarının da qeydinə qalıb mənzil problemlərini həll edirmiş.
Təəssüf ki, nataraz və ədalətsiz "qeydəqalma"ların, şəxsi zövqə uymaların cəmiyyəti narazılıq və nifrət burulğanına itələməsi hedonizmin zirvəsində olan 85 yaşlı yazarı narahat etmək gücündə deyil.
2-3 mənzili olanlara ev verilməsini AYB sədri belə əsaslandırıb:
"....Həmin adamlar da deyirlər ki, ilk evi 20 il əvvəl alıblar, indi isə övladları böyüyüb, ailə qurublar deyə əlavə evə ehtiyacları var. Mən nə deyim?! Deyim ki, yox, sənə ev vermirəm?!”
Hər şey bir tərəfə. Özlərini xalq yazarı, akademik və s. adlandıran şəxslərin öz ədalətsiz və çox vaxt məsuliyyətsiz əməllərinə haqq qazandırmaları dövlətə də, xalqa da, ünvanına xoş sözlər söylədikləri rəhbərə də ən ağır zərbədir.
Azərbaycan məsuliyyətsiz yazarların, özbaşına akademiklərin küt zərəbələri altında inildəməkdədir...
PS. Hiyləgərlik və riyakarlıq dürməyinə bükdüyünüz boyalı sözlər, təriflər, vədlər və mədhlərin sonunda özünüzə də faydası olmayacaq, çünki Allah sizin qəlblərinizə və əməllərinizə baxar!
Idris Abbasov
Teref. Xocanın Blogu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru