"Proletar şüuru" davam edir... mi?

28-11-2023, 07:03           
"Proletar şüuru" davam edir... mi?
"Amerikada təhsil alanlar casusdur" demək, əlbəttə, 100 il ötsə də proletar şüurunun hələ də davam etməsindən xəbər verir.
Proletar şüuru dedikdə nə demək istəyirəm? Zənnincə bu termini açmağa ehtiyac var, çünkü yeni nəsil "proletar şüuru"nun anlamını bilməyə bilər.
Bir dəfə yazmışdım, bir də yazım: Bilirsiniz, Azərbaycan Yazıçılar İttifaqı qanlı şəcərə daşıyıcısıdır. Həbsə atılan, sürgünə göndərilən yaxud yerindəcə güllələnən ədiblərimizin gözdən salınması, eləcə də dirigözlü öldürülməsi ilk olaraq bu idarəyə sifariş edilirdi. Bəzən də rus-sovet rejiminin repressiyalarına alət olmaq... könüllülük, paxıllıq, savadsızlıq, istedadsızlıq, qərəz zəminində baş verirdi.
Dövlətin siyasəti vətəndaşı bir-birinə dost da edə bilər, düşmən də... Dövlət insanı insanın canavarı etmək gücünə malikdir... və rus-sovet rejimi bu cinayəti etmişdi... hər kəs bir-birinə qənim kəsilmişdi...
Belə ağır günlərin birində... 37-lərdə... Yusif Vəzir Yazıçılar İttifaqına gəlir. Qoluna qırmızı bağlamış gənc proletar yazıçısı Əli Vəliyev qapını kəsib onu içəri buraxmır. Boyu 2 metrə yaxın gənc Əli... boyu 170-i keçməyən yetkin yaşlı Yusif Vəzirə kəkələnir:
- Dınışqanı göstər!
- Niyə?
- Çünkü sən sovet hökumətinin düşmənisən! Casussan!
- Casus olduğumu haradan bilirsən?
- Casus olmasaydın fransız dilini bilməzdin...
"Knişka"ya (vəsiqə) "dınışqa" deyən gənc yazıçı öz köyündə 3 sinifli rus məktəbi oxumuş, sovetlər gələndən sonra qısa müddətli firqə məktəbləri oxuyaraq önəmli partiya işçisi olmuş, hətta qəzet redaktorluğu etmiş, lakin "dınışqa" məsələsi dəyişilməz qalmışdı.
Yusif Vəzir Çəmənzəminli müflis bir zadəgan, bəyzadə idi. İntellektual zümrədə yetişmiş, Şuşada ibtidai, Bakıda orta təhsil almış, Kiyev universitetini bitimişdi. Universitetdə müsəlman-türk tələbə birliyi qurmuş, istibdada qarşı hərəkata qoşulmuş, qəzet çıxarmış, məqalələr yazmış və çar rusiyası tərəfindən təqib olunmuşdu. Azərbaycanın azadlığı və müstəqilliyi yolunda saysız məqalələr yazmışdı, ədəbiyyat tariximizdə hələ də misli bərabəri yazılmayan tarixi və etnoqrafik romanların müəllifi idi, Cümhuriyyətin səfiri olmuş, Fransaya mühacirət etmişdi. Onun fransızcası fransızları belə heyran qoyurdu.
Azadlığa ömür vermiş bir adam azadlığı proletar şüuru ilə dərk edən biri ilə üz-üzə gəlmişdi. Zaman ikincinin zamanı idi...
Qüdrət proletar şüurun əlində idi... fransızca bilməyi casusluqda ittiham edilmək üçün yetərli sayan proletar şüurda...
Ölkənin qara günləri idi... az sonra Yusif Vəziri həbs edib Sibirə - ölümə göndərdilər... Hüseyn Cavidi də... Müşfiqi yerində güllələdilər... Şəhidlərin sayı bəlli... dirigözlü ölənlərin sayı bəlli deyil... insanlar qorxudan ölmüşdülər...
Dövlət güclü bir nəsnədir... dövlət öz gücünü şərə sərf edərsə vətəndaşı qorxudan öldürər, acından öldürər, yaltaq edər, şərəfsiz edər... qana susadar... bir-birinə qənim edər... insanı əl meymununa döndərər, zombi edər, mənəviyyatı çökdürər... namussuzları namuslulara güldürər... doğruları məsxərəyə qoydurar... hər pis işi edə bilər dövlət... şərə xidmət edərsə...
"Amerikada təhsil alan casuslar..." təfəkkürü... proletar yazıçı ilə bütün zamanların yazıçısının sənədli hekayəsini yenidən yadıma saldı. Gərək hansı bərbad şüuun varisi olasan ki belə bir ifadə işlədəsən.
Bu dövlətin xüsusi idarələri var, casusu arayıb bulmaq, təyin etmək, zərərsizləşdirməkdir işlərinin adıdır. Sən durduğun yerdə Amerikada təhsil alana necə casus deyərsən? Sən də o 100 il əvvəlki "firqə məkrəblərinin" məzunusanmı?
Fransızca bilməyi casusluq sayacaq qədər görgüsüzlüyün şüur davamçısısanmı?...
O dövr fəlakət idi... qara qasırğa idi...
O adam və o dövrün ürünü olan o kimi adamlar dünya görməmişdi, savadı yox idi, proletar, əslində şər hakimiyyətə tapınıb yazıçı olmuşdu, adam içinə çıxmışdı. Və o hadisənin üstündən az qala 100 il keçir.
100 ildən sonra sən belə bir şüur varisliyi daşıyırsansa... nə deyim...
Yazıqlar olsun... bircə, qoluna qırmızı bağlayıb "dınışqa" tələb etməyin çatmır...
Mehriban Vəzir
Teref. Xocanın Blogu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.