Dövlət Vergi Xidmətinin Dövlət qeydiyyatı baş idarəsinin şöbə rəisindən absurd fikirlər - Azərbaycanda riskli vergi ödəyiciləri hüquqi şəxs təsis edə bilməyəcək - EKSPERT

28-11-2023, 09:44           
Dövlət Vergi Xidmətinin Dövlət qeydiyyatı baş idarəsinin şöbə rəisindən absurd fikirlər -
Hökumətin iqtisadi komandası kələfin ucunu itirib, atdığı addımlar məmləkətin zatən problemlərlə dolu olan iqtisadi mənzərəsini daha da pisləşdirir – nəticədə Azərbaycan MDB ölkələri arasında ÜDM-i ən az, cəmi 0,5% artan ölkədir. Maaş və təqaüd, əhalinin nominal deyil də, real gəlirlərinin artım tempinə görə də ölkəmiz MDB-də ən pis göstəricilərdən birinə malikdir. İqtisadi komanda fürsətləri daraltmaq, vergi-rüsum yükünü artırmaq yolu ilə büdcəni doldurmağa çalışır ki, bu da səhv və mənasız yoldur. Ağıllı hökumətlər vergi-rüsumu deyil də, iqtisadi aktivliyi artırmaqla daha çox vergi ödəyicisi qazanırlar, onların sayının çoxalması da büdcəyə daxilolmaları artırır.
İqtisadi komanda indi hətta vətəndaşların hüquqlarını belə məhdudlaşdırmağa çalışır - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Dövlət qeydiyyatı baş idarəsinin şöbə rəisi Leyla Hüseyn-zadə deyib ki, Azərbaycanda riskli vergi ödəyiciləri hüquqi şəxs təsis edə bilməyəcək. Bu nə absurd bəyanatdır axı – nə deməkdir riskli vergi ödəyicisi, bunu kim müəyyən edəcək, bu hüquqi şəxslərə aiddir, ya fiziki?! İstənilən şəxs biznesin hansısa növündə uğursuz ola bilər, bu onun həyatının üzərindən xətt çəkə bilməz axı, əksinə, yeni şans qazanmalıdır ki, əvvəlki səhvlərini düzəltsin, yeni qazanc fürsətləri əldə etsin. İndi hökumətin iqtisadi komandası insanların şansını belə əlindən alır – zatən ölkədə sərbəst rəqabət, iqtisadi azadlıqlar əlimizdən alınıb, indi də hüquqlarımızı məhdudlaşdırmaq istəyirlər.
İqtisadi komandaya xatırladım ki, dünyada onlarla misal var ki, kimlərsə bankrot, riskli vergi ödəyicisi olublar, amma sonradan şanslar qazanıb dünyaca məşhur biznes strukturlarına sahib olublar – belə şəxs və şirkətlərə “McDonald’s” (Raymond Albert Kroc), “The Walt Disney Company” (Walt Disney) və onlarla, yüzlərlə misalları aid etmək olar. Bunlar isə izah etmədən, əsaslandırmadan gündə bir səhv qərar, təklif verirlər, bundan bütün iqtisadiyyat, əhali ziyan görür, sonra bəzilərini elə özləri ləğv edirlər, amma bu mənasız qərarlara görə məsuliyyət daşıyan, cavab verən olmur...
Natig Cəfərli
Teref. Xocanın Blogu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.