Bir var insan hüququ, bir də var dövlətin hüququ... Heç birinin hüquqlarını əlindən almaq olmaz.

5-12-2023, 09:44           
Bir var insan hüququ, bir də var dövlətin hüququ... Heç birinin hüquqlarını əlindən almaq olmaz.
ABŞ-Azərbaycan münasibətəri gərginləşən gündən bu günə qədər sosial şəbəkələrdə polis orqanları ilə bağlı iki aqressiv video ictimailəşdirilib. Qərbə bağlı olduğu iddia olunan və həbs edilən jurnalistlərin ardınca polis əməkdaşlarının videolarının yayılması təsadüf sayıla bilməz. Polis orqanlarının hədəfə alınacağı gözlənilən idi. Nə üçün?
Qərbin məlum dairələrinin hədəfi - Azərbaycan hökumətinin əsas etimad kart-blanş verdiyi polis orqanlarının reputasiyasını zədələmək, ictimai təpkini artırmaq, etimadsızlıq mühiti yaratmaq və polis əməkdaşları ilə provokasiyaya getməyin mümkün olduğunu təbliğ etməkdir. Münasibətlər gərginləşdikcə, polis əməkdaşları ilə bağlı silsilə videoların yayılacağı da şübhə doğurmur. Bu, kiçik qığılcım idi.
Qəbələdə baş verən hadisə ilə bağlı ictimai-siyasi sfera iki hissəyə (polisi ittiham edənlər və polisi müdafiə edənlər) bölünüb. Qərb birinci mərhələdə polisin fəaliyyətini müzakirəyə çıxarmağa, ictimai qınaq yaratmağa nail oldu, amma azyaşlı uşağa qarşı yol verdiyi hərəkətlərə görə polis əməkdaşının daxili işlər orqanlarından çıxarılması ictimai ittihamları əhəmiyyətli dərəcədə bloklamış oldu. Doğru qərar idi.
Bununla yanaşı, ən vacib və diqqətçəkən məqamlardan biri bu tip hadisələr zamanı ümumən polis sisteminin müzakirəyə çıxarılmasıdır. Müxtəlif ölkələrdə, eləcə də ABŞ-da hər gün yüzlərlə bu tip hadisələr baş verir. Amma orada polis sistemi ictimaiyyət üçün ittiham hədəfinə çevrilmir.
Proseslər göstərir ki, xüsusilə, bölgələrdə ən xırda insidentlərin videolentə alınması, onların xaricdə fəaliyyət göstərən resurslara ötürülərək arxivləşdirilməsi və zamanında dövriyyəyə buraxılması planlaşdırılmış şəkildə həyata keçirilir. Məhz eynimotivli hadisələrin lentə alınaraq xaricə göndərilməsi istiqamətində bölgələrdə xüsusi qruplar fəaliyyət göstərir. Bu qrupun üzvləri içərisində müxalif və iqtidaryönlü jurnalistlər, sıravi vətəndaşlar və kiçik məmurlar da var.
Baş verən hadisənin ictimailəşdirilməsinin planlaşdırılmış şəkildə həyata keçirilməsi, kadrların ilk olaraq, xaricdə fəaliyyət göstərən resurslar tərəfindən yayılması və bütün bunların Qərb-Azərbaycan münasibətlərinin gərginləşdiyi bir ərəfədə baş verməsi hadisəyə yanaşmanı dəyişir.
Diqqət ediriksə, son aylarda xarici resursların sıravi vətəndaşlar üçün daha əlçatan olması da hansısa şəkildə təmin edilib. Bunun səbəblərindən biri yerli mətbu orqanlara qarşı etimadsızlıq olsa da, amma əsas səbəb bu deyil.
Baş verən hadisə sıradan hüquqpozma faktı kimi olsa da, kənardan idarə olunduğu da gün kimi aydındır. Deməli, bu hadisə ilə bağlı münasibətimiz soyuqqanlı olmalı, tələsik ittihamlar yağdırmamalıyıq. Təəssüf ki, mətbu orqanlar bu hadisə ilə bağlı rəsmi açıqlamalardan başqa heç bir konseptual fəaliyyət nümayiş etdirə bilmədilər.
Bir var insan hüququ, bir də var dövlətin hüququ... Heç birinin hüquqlarını əlindən almaq olmaz.
Samir Feyruzov
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdı












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.