Ahıl yaşda kişi məhkəməylə Reyestr İdarəsinin arasında əsir-yesir qalıb – Cəlilabadda ÖZBAŞINALIQ

28-09-2024, 15:18           
Ahıl yaşda kişi məhkəməylə Reyestr İdarəsinin arasında əsir-yesir qalıb – Cəlilabadda ÖZBAŞINALIQ
Cəlilabad rayon Muğan kənd sakini Allahverdiyev Məmmədhüseyn Arastun oğlu redaksiyamıza müraciət edərək bildirib ki, artıq bir ildən çoxdur ki, Cəlilabad rayon Məhkəməsində onunla bağlı çıxarılan qətnamə icra olunmur. Məhəmmədhüseyn Allahverdiyevin böyük qardaşı Ağapaşa Allahverdiyev məhkəmə proseslərində onun nümayəndəsi kimi iştirak edib.

Ağapaşa Allahverdiyev Redaktor.az-a bildirib ki, qardaşı Məmmədhüseyn Allahverdiyev qaynı Cəfərov Elşən Balamirzə oğlu ilə birlikdə olan pay torpaqlarının ayrılması ilə bağlı məhkəmədə iddia qaldırıb:

“Kiçik qardaşım Məmmədhüseyn Allahverdiyevin nümayəndəsi kimi məhkəmə proseslərində mən iştirak etmişəm. İşimizə Cəlilabad rayon Məhkəməsinin hakimi Qalib Paşayev tərəfindən baxılırdı. Mənə məhkəmədə dedilər ki, torpağın ayrılması üçün əraziyə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən ekspert təyin olunmalıdır. Hakim Qalib Paşayev işdən çıxdığı üçün sonra işimizə hakim Elxan Əmirəliyev baxır”.

A.Allahverdiyev deyib ki, indi o, aylardır ki, məhkəmə və reyestr idarəsi arasında əsir-yesir qalıb:

“80-dən çox yaşım var, gözüm görmür. Məhkəməyə də yaxınlarımdan xahiş edirəm, onlar məni maşınla aparıb-gətirir. Bu il aprelin 23-də Cəlilabad rayon Məhkəməsindən mənə məktub göndərildi. Məktubda qeyd olunurdu ki, mayın 8-də torpaq sahəsinə ekspertlərin iştirakı ilə baxış keçiriləcək. Həmin gün məni kürəkənim məhkəməyə gətirdi. Orda mənə hakimin köməkçisi, cavan oğlan dedi ki, “dayı, siz torpaq sahəsinə gedin və indi ekspertlər də orda olacaqlar”. Mən də torpaq sahəsinə getdim. Lakin gördüm ki, orda heç kim yoxdur. Yenidən məhkəməyə gəlib o cavan oğlana dedim ki, oğul, nəvəm yaşındasan, məni dolayırsan, yaşlı adamam o boyda yolu gedib-gəlmişəm, amma ərazidə heç kim yoxdur. Hakim köməkçisi hələ üzümə durub dedi ki, ola bilməz”.

A.Allahverdiyev deyib ki, hakim köməkçisi daha sonra ona hakim Elxan Əmirəliyevin məzuniyyətdə olduğunu və avqustun 15-də qayıdandan sonra işinə baxılacağını deyib:

“Avqustun son həftəsində yenidən məhkəməyə getdim. Bu dəfə isə hakim köməkçisi Elməddin adlı şəxs dedi ki, 8 saylı Reyestr İdarəsi bizə rəy verməlidir və ondan sonra torpağın ölçüləcək. İndi isə artıq sentyabr ayı tamam olur, amma iş icra olunmur. Ona görə də məcbur qaldım ki, bu özbaşınalığı ictimailəşdirim. Bu torpaqlar isə bizə 1997-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən verilib. Sizdən tək xahişim odur ki, məhkəmə və reyestr idarəsinə bu işi niyə ləngitdiklərini sual edəsiniz”.

A.Allahverdiyev onu da qeyd edib ki, yaxın qohumu may ayında Cəlilabad rayon Məhkəməsinin işçiləri ilə əlaqə saxlayıb. Onlar isə may ayı ərzində işin icra ediləcəyinə söz verib. 8 saylı Reyestr İdarəsindən isə bildiriblər ki, bu məsələylə bağlı məhkəməyə bir dəfə rəy göndərilib. Amma məhkəmədə onu it-bata salıblar. O vaxtdan isə nə az, nə çox düz üç ay ötür.

Qeyd edək ki, məsələ ilə bağlı əməkdaşımz Cəlilabad Məhkəməsi ilə əlaqə saxlayıb. Hakim Elxan Əmirəliyevin köməkçisi Elməddin adlı şəxs məhkəmə çəkişməsi ilə bağlı bizə açıqlama verə bilməyəcəyini söylədi.

Vasif












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.