Memarlıq və abadlıq arasında ziddiyyət: Bakıda fasad rəngləmələri səkiləri MƏHV EDİR

28-09-2024, 18:18           
Memarlıq və abadlıq arasında ziddiyyət: Bakıda fasad rəngləmələri səkiləri MƏHV EDİR
Bakı sakinlərini narahat edən məsələlərdən biri də paytaxtın küçə və prospektlərində aparılan fasad rəngləmə işləri nəticəsində səkilərin ciddi zədə görməsidir.

Bununla bağlı Bakı Abadlıq Xidmətinin baş memarı Elçin Əliyev sosial hesabında paylaşım edib.

O qeyd edib ki, son illər şəhərin görkəmini daha da gözəlləşdirmək məqsədilə çoxsaylı binaların fasadları müxtəlif rəng çalarlarında boyanır. Lakin bu zaman ağır texnikanın səkilər üzərindən hərəkəti qranit üzlüklərin sınmasına və yararsız hala düşməsinə səbəb olur.
Məsələ ilə bağlı baş memar Elçin Əliyevlə əlaqə saxladıq.

Memar Oxu.Az-a açıqlamasında bildirdi ki, bu məsələ ilə bağlı dəfələrlə öz mövqeyini bildirib.

“Belə iş görmək olmaz. Mən bütün dünyanı gəzmişəm, heç yerdə belə fakt görməmişəm ki, o boyda çoxtonnajlı maşınlar “iş görürük” deyə çıxsınlar səkinin üstünə və onu zədələsinlər. Bu, nəzarətsizlik və iş görən şirkətlərin səriştəsizliyidir. Onlar bir binanın fasadını rəngləmək üçün dövlətə nə qədər zərər vururlar. Bu bahalı qranitləri dəyişmək üçün yenidən nə qədər pul xərclənməli olacaq.

Məsələ burasındadır ki, həmin iş görən şirkətlərə hökumət tərəfindən bütün imkanlar yaradılır və tapşırılır ki, işləri keyfiyyətli görsünlər, ətrafa zərər vurmasınlar. Onlara lazımi imkanlar yaradılıb, lazım olduğu qədər vəsait də ayrılıb – yəni saxlama maşını səkinin üstündə, saxla bir az kənarda, ya alpinistlərlə görün bu işi və s. Bu işləri görməyin neçə yolu var. Onlar isə vəsaiti götürürlər, sonda ən ucuz, ən keyfiyyətsiz şəkildə iş görürlər”, – deyə memar vurğulayıb.

Məsələ ilə bağlı layihəni həyata keçirən Bakı Abadlıq Xidmətinə sorğu ünvanladıq.

Qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, çoxmərtəbəli binalarda işləmək üçün əraziyə çoxtonnajlı texnikanın cəlb olunması zəruridir.

“Bütün binalarda alpinistlə işləmək mümkün olmur, çünki binanın arxitekturası buna imkan vermir. Hər hansı binada iki-üç saatlıq yüngülvari kosmetik işlər görmək üçün taxtabəndlər qurmağa da ehtiyac olmur. Bu, əlavə vaxt itkisinə səbəb olur. Belə hallarda bərpaçılar çoxtonnajlı texnika vasitəsilə yuxarı mərtəbələrə qalxıb işləmək məcburiyyətində qalırlar. Bəli, ağır texnika əraziyə gətiriləndə yerə düzülmüş nazik tamet, metlax qatı, təbii ki, sıradan çıxır, amma binalardakı iş başa çatınca həmin qırılan metlaxlar da yenisi ilə əvəzlənir. Heç bir küçədə və ya səkidə iş yarımçıq görülmür. Ağır texnikanın əzdiyi səkilər mütləq təmir edilib əvvəlki vəziyyətinə gətirilir”, – deyə açıqlamada bildirilir.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.