Şeyxin etiraz etdiyi BU QANUN yenidən gündəmdə
28-09-2024, 12:43
Ekspertlər hesab edir ki, ölkəmizdə qadağa qoyulduqca başqa ölkələrin səhiyyə sisteminə üz tutur, reproduktiv mayalanma həyata keçirirlər; Deputat: “Utanc yerimiz olan selektiv abortların qarşısının alınması üçün...”
Azərbaycanda “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi hazırlanıb. Bunu səhiyyə nazirinin müavini Nadir Zeynalov Gənc Ailə Forumunda deyib. O qeyd edib ki, hazırda qanun layihəsinin son variantı hazırdır: “Qanun layihəsindəki süni mayalanma, sperma donorluğu, surroqat ana kimi yenilikləri cəmiyyət istəmir. Amma indi reproduktiv sağlamlıq məsələlərinə yeni baxış yaranır. Ona görə bu sahədə hüquqi baza vacibdir. İnanıram ki, VII çağırış Milli Məclis bu qanunu qəbul edəcək”.
Süni mayalanma elə bir məsələdir ki, burada Azərbaycan cəmiyyəti birmənalı mövqe bildirmir. Məsələnin həm müsbət, həm də mənfi tərəfləri var. Müsbət tərəfi budur ki, övlad həsrəti çəkən ailələr arzularına qovuşacaq.
Yada salaq ki, “Reproduktiv sağlamlıq haqqında” qanun artıq 10 ilə yaxındır ki, müzakirə edilsə də, qəbul olunmayıb.
Xüsusilə Qafqaz Müsəlmanları İdarəsi qanun layihəsindəki bəzi maddələrin əleyhinə idi. QMİ-nin narahatlığına səbəb qanun layihəsində süni mayalanma ilə bağlı yer almış müddəalar olub. Layihədə narazılıq yaradan əsas məsələlərdən biri ekstrokorporal mayalanma üçün donorluğun tətbiqi ilə bağlı idi. Qafqaz Müsəlmanları İdarəsi də məhz donorluq məsələsinə etiraz edirdi.
Yəni QMİ süni mayalanmaya qarşı yox, məhz donorluğa qarşı idi. Sənəd üzərində xeyli təkmilləşdirmələr aparılsa da, artıq 8 ildir ki, sənədin qəbulu mümkün olmur. Yeni layihədə nələr var, hələ bəlli deyil.
Tanınmış həkim, invaziv ağrı mütəxəssisi Zülfüqar Yusifov mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Reproduktiv sağlamlıq haqqında" qanun uzun müddətdir müzakirədədir. Ancaq bu qanunun gec-tez qəbul olunması lazımdır. Çünki bu sahədə qanun olmadıqca müəyyən addımların atılması olduqca çətin olur. Həm həkimlər, həm tibbi heyət üçün, həm də vətəndaşlar üçün müəyyən problemlər yaranır. Bəzi problemlərin də həll olunmasının hüquqi bazası olmur. Bu boşluq da gərəksiz mübahisələrə, hüquqi problemlərə yol açmış olur. Reproduktiv sağlamlıq sahəsi yeni bir istiqamətdir. Bu gün tibb elmi burada çox ciddi yeniliklərə imza atıb. Övlada sahib olmaq üçün əgər sağlamlıqda müəyyən problemlər varsa, həkim tərəfindən tibbi müdaxilələr yolu ilə övlada sahib olmaq yolları davamlı şəkildə araşdırılıb. Bu günə qədər müəyyən sadə metodikalardan, mümkün olan xalq təbabəti məsləhətlərindən tutmuş bugünkü tibbi nailiyyətlərindən istifadə edərək realizə etmək olur. Amma hazırda süni mayalanma məsələsi dünyada geniş yayılıb. Ola bilər ki, mayalanma mümkün olmadıqda cütlüyün spermasından donor kimi istifadə olunsun. Ortada digər fərdlərin donor olması məsələsi var. Bundan əlavə surroqat analıq məsələsi var. Surroqat ana dedikdə biz digər bir fərdin başqa bir cütlükdən olan dölü daşımasını nəzərdə tuturuq. Əlbəttə, bunlar cəmiyyət üçün yenilikdir. Xüsusən Şərq, islam aləmi üçün kifayət qədər mübahisələr, müzakirələr doğuracaq məsələlərdir. Həm də bir sıra adət-ənənələrə uyğun gəlməyən məsələlərlə cəmiyyət üz-üzə qalır. Burada verilən qərarlar çox sayda ailələrin həyata baxış bucağı ilə uyğun gəlməyə bilir. Qanunun qəbul olunması mental dəyərlərin nəzərə alınması kontekstindən müzakirə olunduğu halda xeyli ciddi çətinliklərin ortaya çıxdığını görmüş oluruq. Dünyada fərqli bir tendensiya mövcuddur. Artıq övlad dünyaya gətirməklə bağlı inkişaf etmiş ölkələrdə daha çox azuşaqlılığa meyllilik var. Bir və ya iki uşaq dünyaya gətirirlər. Bir sıra ailələr var ki, onlar karyeraları naminə uzun müddət uşaq dünyaya gətirməkdən imtina edirlər. Hazırda qadınların daha işgüzar olması, karyera istiqamətində daha çox çalışması surroqat ana istəyi ortaya çıxır. Bu həm bizim üçün, həm də dünya üçün yenidir. Dünyada inkişaf davam edir, biz həm texnologiya sahəsində, həm də tibb sahəsində gündən-günə başgicəlləndirən yeniliklərlə üz-üzə qalırıq. Əlbəttə, dünyada reproduktiv proseslərin də yeni şərtlərlə ortaya çıxacağını gözləməliyik. Tədricən cəmiyyət bu proseslərə hazır olmalıdır. Qloballaşma prosesi istər-istəməz insanları həm donorlarla bağlı, həm süni mayalanma, həm də surroqat ana ilə yeniliklərini qəbul etməyə meylləndirəcək. Əgər bütün bunlar qanun şəklinə düşməzsə, yəqin ki, bu ehtiyacları ödəmək üçün insanlar ya digər ölkələrdəki səhiyyə sisteminə müraciət etmək istəyəcəklər, ya da bunları qanunsuz halda həyata keçirməyə cəhd edəcəklər. Yaxşı olar ki, qanun müzakirələri aparılan zaman mental dəyərlərmizi də nəzərə alaq".
Deputat Musa Quliyev də mövzu ilə bağlı dedi ki, sözügedən qanunun qəbul olunması olduqca aktual məsələdir. Qanun layihəsi neçə illərdir hazır olsa da, cəmiyyətdə və dini qurumlar və hökumət orqanları arasında tam razılığın əldə olunmaması səbəbindən qəbul olunmayıb. Zamanında bu qanunu hazırlayan işçi qrupunun rəhbəri olaraq deyə bilərəm ki, bunun qəbul olunması təkcə reproduktivlik məsələsi ilə bağlı deyil, burada çox ciddi ana, qadın hüquqlarının qorunması, ona təminat verilməsi məsələsi öndə durur. Eyni zamanda, demoqrafik məsələlərin həlli üçün də qanunun qəbul olması lazımdır. Bununla yanaşı hər birimiz üçün utanc yeri olan selektiv abortların qarşının alınması üçün belə bir qanunun qəbul olunmasına da ciddi ehtiyac var. O ki qaldı cinsi hüceyrələrin donorluğu məsələsinə, burada birmənalı fikir yoxdur və olmayacaqdır. Bizim fikrimiz odur ki, şəxsin hüququ cəmiyyətin hüququna qurban verilməli deyil. Bu qanun şəxslər üçün olan qanundur. Cəmiyyət üçün olan qanun deyil. Bu mənada biz dünyadakı digər ölkələrin də qanunlarını da araşdıraraq ortaq bir nəticəyə gəlməliyik bütün dünyada, o cümlədən Azərbaycanda son illər doğumların sayı azalır. Boşanmaların da əksəriyyəti sonsuzluqla bağlıdır. Belə olan halda əhalinin təkrar istehsalı ifadəsinə uyğun olaraq bu qanunun qəbul olunmasının müəyyən əhəmiyyəti olacaq. Onsuz da bizdə olan məlumata görə, qeyri-rəsmi yollarla bu gün reproduktiv, ekstrakorporal mayalanma həyata keçirilir. Çox zaman da başqa donorlardan istifadə olunur. Biz bunları bu gün qanunla qadağan etsək ki, insanlara bu seçimi verməyə məcburuq. Çünki Azərbaycanda deyil, başqa ölkədə edəcək. Digər tərəfdən, mənəvi, islam dəyərlərimiz olduğuna görə dəyərləri də birdən-birə dəyişmək mümkün deyil. Bunu da anlayışla qarşılayıram. Ona görə də qanun konseptual baxımından çərçivə qanunu olaraq qəbul olunmalıdır. Amma detallar üzərində sonradan da dəyişikliklər əlavələr etmək lazımdır.
Azərbaycan Həkimlər Assosiasiyasından da bildirilib ki, illərdir qəbul edilməyən məqamları layihədən çıxarmaqla güzəştlər edilə bilər: “Qanunda onu da qeyd etmək mümkündür ki, Azərbaycan Respublikası tərəfindən ratifikasiya olunmuş beynəlxalq sazişlərdə bu Qanundan fərqli qaydalar müəyyənləşdirilibsə beynəlxalq qaydalar qüvvəyə minir. Beynəlxalq sazişlərdə isə mübahisəli məqamlar öz həllini tapıb. Beləliklə dini və mental baxımından ziddiyyətlər aradan qalxar. Sonsuzluğun profilaktik təyinatı və vətəndaşların reproduktiv hüquqlarının təminatı qanunda aydın şəkildə öz əksini tapmalıdır. Ona görə də biz təklif edirik ki ,qanunun adı ”sonsuzluğun profilaktikası, vətəndaşların reproduktiv hüquqları və onların həyata keçirilməsinin təminatıarı haqqında" qanun olaraq adlandırılsın. Beləliklə bu qanunun mahiyyəti, məzmunu, əhəmiyyəti və ona qarşı münasibət dəyişəcək. İnsanlar deklorasiya olunmamış maddələr əvəzinə konkret yardım və hüquqlar əldə edə biləcəklər. Bunun üçün mütləq eyniadlı dövlət proqramı işlənib hazırlanmalı və qəbul olunmalıdır".
Mənbə: musavat.com