165 saylı marşrutda biabırçı vəziyyət - Üfunət saçan şəraitə kim cavabdehdir?
28-09-2024, 17:16
Paytaxt Bakıda fərdi avtomobillərdən istifadənin sayının azaldılması, daşınmanın daha çox ictimai nəqliyyat vasitəsilə həyata keçirilməsinin vacibliyi önə çəkilir. Amma bu gün ictimai nəqliyyat vasitələri ilə bağlı ortaya çıxan mənzərələr fərdi avtomobillərdən istifadəyə üstünlük verənlərə haqq qazandırır.
Məsələn, paytaxtın bir çox mərkəzi küçəsindən keçib, Binəqədi, daha sonra Abşeron rayonunun Mehdiabad qəsəbəsindəki “Gənclər şəhərciyi”nə kimi gələn 165 saylı avtobusun vəziyyətini görənlər çətin ki, məcbur qalmadıqca, bu nəqliyyat vasitəsindən istifadə etsinlər.
Sərnişinlər tərəfindən TNS-ə təqdim olunan fotolarda avtobusun oturacaqlarının çirkdən görünmədiyi, ümumillikdə isə avtobusun istifadəyə yararsız olduğu aydın görünür. Amma həmin vasitə ilə gün ərzində yüzlərlə sərnişin daşınır və onlar da normal avtobuslarda gedən sərnişinlərlə eyni məbləği ödəyirlər.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) daşıyıcı şirkətlərin təmziliklə bağlı cavabdeh olduğunu, avtobusların hər gün təmizləndiyini deyir.
Əgər avtobuslar hər gün təmizlənirsə, bu cür vəziyyət necə ortaya çıxır?
Məsələ ilə bağlı TNS-in sorğusu AYNA tərəfindən cavablandırılıb.
Qurumun mətbuat xidmətinin rəhbəri Tural Orucov bildirib ki, Nazirlər Kabinetinin “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında 141 nömrəli qərarına əsasən, daşıyıcı şirkət avtobusların təmiz saxlanmasına cavabdehdir: “Daşıyıcı şirkətlər sərnişin avtonəqliyyat vasitəsini tələb olunan texniki və sanitar tələblərinə uyğun vəziyyətdə təqdim etmək, istifadəsində olan avtonəqliyyat vasitələrinin ekoloji və sanitariya-gigiyena normalarına riayət etmək kimi məsuliyyət daşıyır.
Avtobusların daxili və xarici görünüşünün təmiz və səliqəli olması məsələsi daşıyıcılarla keçirilən görüşlərdə mütəmadi olaraq qaldırılır. Daşıyıcılara avtobusların təmizliyinə nəzarəti gücləndirmək tapşırığı verilir”.
Qurum sözcüsü qeyd edib ki, AYNA ilə daşıyıcı arasında bağlanan müqavilədə avtobusun salonunun və çöl hissəsinin gündəlik təmizlənməsi öhdəlik kimi müəyyən edilib: “İcraya nəzarət üzrə monitorinqlər zamanı nəqliyyat vasitəsinin təmizliyinə riayət olunmaması halları aşkarlandıqda daşıyıcıya xəbərdərlıq edilir və lazımi ölçü götürülür.
Avtobusun köhnəliyinə gəlincə, AYNA tərəfindən bütün marşrut xətləri təhlil edilib. 165 nömrəli avtobusun daşıyıcısına xəttə olan nəqliyyat vasitələrinin yenilənməsi barədə tapşırıq verilib. Daşıyıcının məlumatına görə, yaxın zamanda xəttə olan köhnə nəqliyyat vasitələri yeniləri ilə əvəzlənəcək”.
Mətbuat katibi AYNA tərəfindən məsələnin nəzarətə götürüldüyünü də vurğulayıb.