Mikayıl Cabbarov son 20 ilin nailiyyətlərindən danışanda nədənsə son 4 ilin göstəriciləri haqqında danışmır...

5-12-2023, 10:44           
Mikayıl Cabbarov son 20 ilin nailiyyətlərindən danışanda nədənsə son 4 ilin göstəriciləri haqqında danışmır...
Azərbaycanda İqtisadiyyat Nazirliyinin böyük səlahiyyətləri var, hətta supper-nazirlik də adlandırmaq olar, hörmətli nazir Mikayıl müəllim bir çox başqa vacib vəzifələr də daşıyır, İnvestisiya Holdinqində, SOCAR da – yəni, ölkədə iqtisadiyyata aid nə varsa, hörmətli nazir söz sahibidir.
Mikayıl müəllim 2 gün öncə çıxış edib, sitat: “Son 20 ildə Azərbaycanda əhəmiyyətli iqtisadi dəyişikliklərə baş verib, bunu ümumi daxili məhsulun (ÜDM) 3 dəfə artması sübut edir. Ölkə yoxsulluq səviyyəsinin 49 %-dən 5 %-ə qədər əhəmiyyətli dərəcədə azalmasına nail olub. Bundan əlavə, 2023-cü ildə ÜDM-in təxminən 10 %-ni təşkil edəcəyi gözlənilən xarici dövlət borcunun olduqca aşağı səviyyəsi ilə Azərbaycan dünya bazarında seçilir”.
Cənab Cabbarov bilərəkdən son 20 ilin nəticələrindən danışıb – doğrudan da son 20 ildə makroiqtisadi göstəricilərdə ciddi nəticələr var, amma hörmətli nazir 2019-cu ilin oktyabr ayından bu sahəyə cavabdehdir, son 4 ilin göstəriciləri haqqında, nədənsə, danışmır. Nazirin açıqlamasında göstərilən son 20 ilin ilk 10 ili ölkəmizə fantastik həcmdə neft pulu gəldi, makroiqtisadi göstəricilər, əsasən də ÜDM rəqəmləri buna görə xeyli yaxşılaşdı, amma gəlin son 4 ilə baxaq:
1) 2020-ci ildə Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) həcmi 2019-cu il ilə müqayisədə 4,3% azalaraq 72 milyard 432,2 milyon manat təşkil edib – yəni, ÜDM 4,3% azalıb, hə, obyektivlik üçün deyim ki, burada dünyada zay idarə olunan və mənasız işlərə səbəb olan “pandemiyanın” da rolu var,
2) 2021-ci ildə ölkədə 92 milyard 857,7 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,6% çox ümumi daxili məhsul istehsal olunmuşdur. İlk baxışdan yaxşı göstərici kimi görünsə də, problem odur ki, 2020-də çökən ÜDM-ə nisbətən 5,6% artım olub, yəni, 2019-da, mənasız “pandemiya” məsələsindən öncə Azərbaycanın ÜDM-i 82 mlrd. manat idi,
3) 2022-də ÜDM 4,6% artıb, amma son 4 ildə böyük, ikirəqəmli inflyasiya olduğunu da nəzərə almaq lazımdır,
4) Və ən əsası: bu ilin ilk 10 ayında Azərbaycanda ÜDM cəmi 0,5% artıb, demək olar ki, artmayıb - MDB məkanında ən pis, ən aşağı göstəricidir.
Yəni, son 4 ildə ÜDM-in artım tempi aşağı düşüb, inflayasiya, qiymət artımı kəskin olub, ona görə də Mikayıl müəllim son 20 ildən, yəni, onun iştirakı olmadan keçən nisbətən uğurlu illərdən danışır, çünki öz fəaliyyət dövründə deyiləcək uğur hekayəsi çox azdır.
Bir sözlə, iqtisadi komanda bu gün məmləkətin qarşısında duran çətin çağırışlara uyğun davrana, qərarlar ala, iqtisadiyyatda yeni müsbət inkişaf dalğaları yarada bilmir. Büdcədə problemlər yaşanan kimi də vergi və digər ödənişləri artırmaqla yükü vətəndaşın çiyninə atmağa çalışır.
İnsaf naminə deyim ki, məsələlərin həlli tək onlardan asılı deyil, qanunvericilikdə, idarəetmə sistemində də vacib dəyişikliklərə ehtiyac var, amma bu dəyişikliklərin təşəbbüsü də məhz iqtisadi komandadan gəlməlidir - amma bunu görmürük...
Natig Jafarli
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdı












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.