Azərbaycan təhsili son sıralarda: - 10 il gözləməliyik...

8-12-2023, 19:48           
Azərbaycan təhsili son sıralarda: -
PISA (Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı) tədqiqatının 2022-ci il üzrə nəticələri açıqlanıb.

Ötən il keçirilən PISA tədqiqatında əsas sahə riyaziyyat olub və 81 ölkədən ümumilikdə 700 000-ə yaxın şagird qiymətləndirmədə iştirak edib. Riyaziyyat üzrə nəticələrə görə ilk beşlikdə Sinqapur, Makau (Çin), Çin Taypeyi, Honkonq (Çin) və Yaponiya qərarlaşıb. Bakı məktəbləri ilə təmsil olunan Azərbaycan sıralamada 81 ölkə arasında 56-cı yerdədir.

Qeyd edək ki, ölkədə təhsilin inkişafı istiqamətində tədbirlərin həyata keçirildiyi bildirilsə də, beynəlxalq statistikada başqa reallıqlarla qarşılaşmalı oluruq. Bunun isə səbəbini müxtəlif amillərlə izah edirlər.

Doğrudanmı bu gün Azərbaycan məktəblilərinin beynəlxalq qiymətləndirmədə yüksək nəticə göstərə bilməməsi təhsil sistemində mövcud problemlərlə bağlıdır?

Təhsil üzrə ekspert Elşən Qafarov “Cebhe.info”-ya bildirib ki, birinci yerdə olmaq üçün beyinlərimiz birinci yerdə olmalıdır:

“Biz hələ də təhsil almamağa görə pul vermək istəyən bir toplumuq. Dünyada təhsilin səviyyəsini ayrı-ayrı ölkələr arasında ölçən beynəlxalq qiymətləndirmə meyarları var ki, onlardan biri də PISA-dır. Azərbaycan PISA qiymətləndirməsinə 2006-cı ildə qoşulub. Hətta ilk vaxtlar ən axırıncı yerdə olduğumuz üçün ondan imtina etməyi düşünürdük. Bizim sabiq təhsil naziri bildirmişdi ki, təhsildə uğurlarımıza qarşı beynəlxalq qiymətləndirmə komissiyası düzgün mövqe tutmur.

Reallıq ondan ibarətdir ki, riyaziyyat üzrə ən yaxşı nəticə 56-cı yer, təbiət elmləri üzrə 68-ci yer, oxu bacarıqlarına görə 69-cu yerdəyik. PISA qiymətləndirməsində 2022-ci ilin nəticələrinə görə, dünyanın bütün ölkələrində, o cümlədən Azərbaycan çox ciddi geriləmələr var.

Bunun əsas səbəbi pandemiyanın göstərdiyi geriləmələrdir. Hazırda bizdə təhsil islahatları davam edir və düşünürəm ki, yaxın 3-5 il ərzində istər PISA, istərsə də digər beynəlxalq qiymətləndirmədə mövqelərimiz güclənəcək. Bizim təhsili inkişaf etməkdə olan və inkişaf etmiş ölkərə nisbətdə ciddi irəliləyişlərimiz var. Son PISA qiymətləndiməsi isə konkret olaraq pandemiyanın vurduğu ağır zərbələrdən sonra dirçələn təhsildən gedir ki, burada 81 ölkənin hər birinin təhsilində geriləmələr var. Bunun da səbəbi pandemiyadır”.

Ekspert deyib ki, bunu xüsusi olaraq ölkəmizin təhsilində mənfi xüsusiyyət kimi qeyd etmək də doğru deyil:

“İstənilən halda təhsil islahatları davam edir və yaxın illərdə müsbət nəticələri görəcəyik. Təhsildə aparılan islahatlar 3-10 ildən sonra nəticələrini verməyə başlayır. Növbəti PISA qiymətləndirməsində Azərbaycan həm iştirak edən ölkələr arasında, həm də indiyədək göstərdiyi nəticələrdən daha yaxşı nəticə göstərəcək. Düşünmürəm ki, faciəvi rəqəmdir, biz 2 ildir pandemiyadan çıxmışıq. Bu nəticələr 2022-ci ilə aiddir və hər şey sabaha istiqamətlənməlidir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.