Dövlət Komitəsinin “Dostluq”a sədaqəti bu imiş... - NARAZILIQ VAR...

12-02-2024, 10:09           
Dövlət Komitəsinin “Dostluq”a sədaqəti bu imiş... - NARAZILIQ VAR...
Kinoteatrın binasını sökürdülər. Məsələni ictimailəşdirəndən sonra ora diqqət cəlb olundu və söküntü işləri dayandırıldı”.

Memarlar İttifaqının İdarə Heyətinin üzvü, memar Elçin Əliyev Meydan TV-yə belə deyib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “Dostluq” (“Дружба”) kinoteatrının sökülməsini təkzib etsə də, memar bu açıqlama ilə razı deyil.

O deyir ki, binanın söküntüsü məhz məsələ ictimailəşəndən sonra dayandırılıb və dövlət komitəsi yalan açıqlama yayıb:

“Kinoteatrın binasının sökülməsi ilə bağlı söylənilənləri necə əsassız adlandırmaq olar? Məgər binanın nə günə qoyulduğunu görmürlər? Buna necə demək olar ki, sökülmür? Hamısı yalandır. Sahibi binanı sökmək istəyirdi”.

“Biz bina sahibinin nümayəndəsi ilə danışdıq və xahiş etdik ki, sökmə. Gəl, sənə bir memar kimi kömək edim, ayrı bir variant tapaq. Binanın fasadını saxla, içərisində nəyi istəyirsən, sök və yenidən tik. Necə ki Bakı Kitab Mərkəzini ediblər. Tarixi bina idi, divarlarını, fasadını saxladılar. İçərisində yeni bina tikdilər”, – Elçin Əliyev deyib.

Fevralın 9-da memar Elçin Əliyev Meydan TV-yə “Dostluq” kinoteatrının sökülməsi ilə bağlı məlumat verib.

Bildirib ki, kinoteatrın ərazisindən təsadüfən keçərkən, binanın söküldüyünü görüb və dərhal Mədəniyyət Nazirliyinə, Bakı Şəhər İcra Hakimiyyətinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etdib.

Hadisə yerində olan aidiyyəti qurumların müdaxiləsi və söhbəti nəticəsində bina sahibinin nümayəndəsi söküntü işlərini dayandırıb və davam etməyəcəklərini deyib.

Mədəniyyət Nazirliyinindən Meydan TV-yə bildirilib ki, “Dostluq” kinoteatrı dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısına daxil olmasa da, bu istiqamətdə təkliflərə baxılır.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən isə bildirilib ki, kinoteatrda monitorinq aparılan zaman binanın damında və fasad hissəsində işlərin aparılması müəyyən edilərək dayandırılıb.

“Kinoteatr binasının sökülməsi və yerində yeni binanın tikilməsi ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə mülkiyyətçi tərəfindən müraciət olunmayıb və heç bir tikintiyə icazə verilməyib”,– “Şəhərsalma”nın açıqlamasında bildirilb.

Memar Elçin Əliyev binanın sökülməsi zamanı çəkdiyi fotoları da Meydan TV-yə təqdim edib.

Vaxtilə paytaxt Bakıda 16 kinoteatr fəaliyyət göstərib.

Onlar ümumilikdə 70 kinozaldan ibarət olub.

2006-cı il avqustun 23-də Prezident İlham Əliyevin imzaladığı “Səhiyyə, təhsil, idman və mədəniyyət sahələrində bir sıra müəssisə və obyektlərin özəlləşdirilməsi haqqında” sərəncamdan sonra ikisi (“Azərbaycan” və “Araz”) profilini saxlamaq şərtilə ölkə üzrə 100 kinoteatr və kino qurğusunun özəlləşdirilməsinə başlanılıb.

Sahibkarlar isə həmin kinoteatrları təmir etmək əvəzinə, onlardan biznes və başqa təyinatlı obyektlər kimi istifadə ediblər.

1952-ci ildə inşa olunan “Dostluq” kinoteatrı da 2017-ci ildə özəlləşdirilib.

Avropa standartları 10 milyon əhali üçün 500 kinozalı nəzərdə tutur.

Bu baxımdan ölkədəki kinozalların say etibarilə Avropa standartlarından geri qalır.

Ölkədə, daha doğrusu, paytaxtda dövlət kinoteatrlarının olmaması da birbaşa bilet qiymətlərinin bahalaşmasına təsir göstərir.

Kino mütəxəssisləri hər dəfə kinonun problemlərindən danışarkən, kinoteatrlar mövzusuna da toxunurlar.

Problemin həlli istiqamətində addımlar atılmadığını deyirlər.

Hazırda isə Bakıda dövlət balansında yalnız bir kinoteatr var, o da “Nizami” Kino Mərkəzidir.

Digərləri – “Park Cinema”, “CinemaPlus” şirkətlər zənciri özəl şəbəkələrdir və hakim ailəyə aid olduğu deyilir.

“Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nda göstərilib ki, dövlət şəbəkəsində saxlanılan kinoteatr binaları bərpa olunmalı, müasir tələblərə cavab verən nümayiş və səs avadanlığı ilə təchiz edilməlidir.

Qanundan irəli gələn tələblər isə yerinə yetirilməyib.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.