Diqqət Berlinə: Nazirlərin ikigünlük görüşü başlayır

28-02-2024, 11:43           
Diqqət Berlinə: Nazirlərin ikigünlük görüşü başlayır
İrəvandan verilən açıqlama etimad mühitinin formalaşmasını əngəlləyir; Almaniyanın təşəbbüsü ələ almasına şimal qonşumuzdan hansı reaksiya veriləcək?

Sülh prosesinin davam etdirilməsi ilə bağlı prinsipial razılaşmanın ardınca məlum olub ki, Azərbaycan və Ermənistan XİN rəhbərləri Berlində görüşəcəklər. Bunu Ermənistan XİN-in mətbuat katibi bildirib.

Onun sözlərinə görə, görüş fevralın 28-29-da baş tutacaq. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında görüş faktını təsdiqləyib. “Danışıqlarda bəlli bir fasilə baş versə də, sülh sazişinin mətni üzərində işlər davam etdirilirdi. Lakin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasındakı görüşdən sonra prosesə yenidən start verilməsi barədə qərar verilmişdi. Yaxın günlərdə Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında sülh müqaviləsi üzrə fiziki olaraq danışıqların keçirilməsi planlaşdırılır”, - XİN başçısı bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl xarici işlər nazirləri və baş nazirlərin müavinlərinin görüşünün yaxın vaxtlarda olacağını Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da demişdi. Qriqoryan görüşdə ölkələr arasında sülh müqaviləsi layihəsinin müzakirəyə çıxarılma ehtimalından söz açıb. Ən başlıcası isə A.Qriqoryan Ermənistanın Azərbaycandan sülh müqaviləsi ilə bağlı əlavə təkliflər aldığını deyib. Qriqoryan əlavə edib ki, Azərbaycanın təkliflərində bəzi yumşalmalar var. Əlbəttə, o, fikrini əsaslandırıb haqqında söz açdığı yumşalmaların nədən ibarət olduğunu açıqlamayıb. Yeri gəlmişkən, Azərbaycanın sülh müqaviləsi ilə bağlı təkliflərində müəyyən yumşalmaların olduğunu bu il yanvarın 10-da Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da bildirmişdi. Sonuncu dəfə İrəvan Bakıya sülh müqaviləsi variantını 2024-cü il yanvarın 4-də göndərib. İndiyədək tərəflər 5-6 dəfə, belə demək mümkünsə, təklif mübadiləsi aparıblar. Ancaq ortada konkret real nəticə yoxdur. Real nəticə həm də ona görə yoxdur ki, Ermənistan müxtəlif təkliflər irəli sürməyi özünün konstruktivliyi prizmasında dəyərləndirir. Əslində isə Ermənistan status-kvonu qorumaq, zaman qazanmaq istəyir. Belə bir durumda ortaya çıxan suallar var: sülh müqaviləsi təkliflərində “yumşalma” dedikləri nə ola bilər? Görüşün Berlində keçirilməsi Moskvanın reaksiyası necə olacaq? Ümumiyyətlə, Berlinin təşəbbüsü ələ almasının xüsusi səbəbi varmı?

Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev açıqlamasında bildirdi ki, Cənubi Qafqazda sabitliyin və sülhün bərpa olunmasında növbəti dayanacaq Berlin olacaq: “Belə ki, fevralın 28-29-da Berlində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin nümayəndə heyətlərinin görüşü planlaşdırılır. Bunu üçtərəfli Münxen görüşünün məntiqi davamı kimi də qiymətləndirə bilərik. Öncə onu vurğulayım ki, görüşün Berlində baş tutması prosesdə Qərb faktorunun rol oynayacağını göstərir. Bildiyimiz kimi, Cənubi Qafqaz Rusiya ilə Qərbin maraqlarının toqquşduğu bölgələrdən biridir. Buna görə də hər iki tərəf prosesdə aparıcı rol almaq istəyir. Hesab edirəm ki, iki ölkə arasındakı münasibətləri bu ölkələrin özləri aydınlaşdırsalar, daha yaxşı olar”. A.Nağıyev digər əsas məqamı da xüsusi vurğuladı: “Qərb məyusedici reallıqla üz-üzədir. Onların Ukrayna üzərindən Rusiyaya qarşı hərbi blokada yaratmaq cəhdi uğursuzluğa düçar oldu. Bununla bağlı Vaşinqton Moskvaya qarşı yeni cəbhələr açmağa başladı - Moldova və Cənubi Qafqaz ərazisində, daha dəqiqi, Ermənistanda. Buna görə də sülhün bərqərar olmasında maraqlar çox azdır”. Sülh müqaviləsinin şərtlərində yumşalma məsələsinə gəldikdə, deputat bildirdi ki, tərəfimizdən qarşı tərəfə belə bir təklif olmayıb: “Ərazi bütövlüyümüz, sərhədlərin delimitasiyası və demarkasiyası sülh müqaviləsinin ana prinsipləri olaraq qalır. Məsələyə Moskvanın reaksiyasına gəldikdə isə əlbəttə ki, Rusiya Cənubi Qafqazda təsir gücünü itirməmək üçün konfliktin birdəfəlik həll edilməsində maraqlı deyil. Bu da təbii olaraq sülh prosesini gecikdirir. Rəsmi Moskva tərəfləri özündən asılı vəziyyətdə saxlamaqla regiondakı gücü əlində cəmləməyə, xüsusilə Türkiyənin regionda artan təsir gücünü məhdudlaşdırmağa çalışır. Hesab edirəm ki, rus sülhməramlılarının Qarabağdan çıxarmaqla və Rusiyanın proseslərə təsirini azaltmaqla biz sülh prosesini sürətləndirə bilərik”.

Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl açıqlamasında bildirdi ki, sülh müqaviləsi ətrafında beş aydan çox çəkən onlayn danışıqların, nəhayət, fiziki müstəviyə keçməsi pozitivlik yaratmaqla yanaşı, sülh sənədinin müzakirəsində bəzi prinsipial fikir ayrılıqlarının da yerində həll edilməsinə ümidləri artırır: “Onlayn danışıqlar nəticəsində də mövqelərin korrektə edildiyi və tərəqqiyə doğru addımlar atıldığı barədə zaman-zaman məlumatlar mediaya sızdırılıb. Son antiterror əməliyyatından sonra fikir ayrılığı əsasən anklav kəndlər, Zəngəzur dəhlizinin açılma şərtləri, delimitasiya və demarkasiya işlərinin hansı sənəd və xəritələr əsasında aparılması üzərində yaranıb. "Yumşalma" dedikləri də məhz bu problemlər ətrafında yarana bilər. Azərbaycan Prezidentinin anklav olmayan 4 kəndin qeyd-şərtsiz təhvil verilməsi bu “yumşalma”da istisnadır. Qalan kəndlərin, eyni zamanda nəzarətimizdə olan bir erməni anklav kəndin problemlərinin hansı prinsiplər əsasında həll edilməsi və hansı güzəştlərin mümkünlüyü baxımından yumşalma halları ola bilər. Zəngəzur yolu ilə bağlı Azərbaycanın mövqeyi belə idi ki, yolun təhlükəsizliyinə Rusiya hərbi kontingenti nəzarət etsin və “Azərbaycandan-Azərbaycana” keçən yüklərin və insanların yoxlanılmadan keçmənin şərt olması. Mümkündür ki, bu şərtlərdə də dəyişikliklər baş versin". İlham İsmayıl qeyd etdi ki, bəzi məqamlar gözlənilməklə bu məsələlərdə hər hansı yumşalma Azərbaycanın təməl maraqlarına zidd deyil və əksinə, zamanla etimad yarandığı halda şərtlərimiz reallaşa bilər: “Bir də, Ermənistan iddia edir ki, 2021 və 2022-də Azərbaycan Ermənistanın bəzi ərazilərini tutub. Hesab edirəm ki, Azərbaycan bu məsələnin razılaşdırılmış delimitasiya prosesinin nəticələrinə görə həll edilməsinin mümkünlüyü barədə də mövqe bildirmiş olsun. Amma əlbəttə, bu mənim şəxsi qənaətimdir və yanlış ola bilər”. Görüşün Berlində keçirilməsinə rəsmi Moskvanın reaksiyası barədə danışarkən ekspertimiz bildirdi ki, mahiyyət etibarı ilə bu, Vaşinqton və Brüssel görüşlərinin yaratdığı reaksiyaya yaxın bir reaksiya ola bilər: “İstənilən Avropa İttifaqı ölkəsində, o cümlədən Almaniya kimi güclü bir dövlətdə keçirilməsi Moskvanın maraqlarına uyğun deyil. Rusiyada prezident seçkisinin yaxınlaşdığı bir vaxtda və Ukrayna müharibəsi Kremlin tam diqqətini Cənubi Qafqaza yönəltməyə imkan vermir. Çox ehtimal, əvvəllər olduğu kimi, Berlin görüşündən sonra Moskvaya dəvət təşəbbüsü yaransın, amma gerçəkləşməsi suallar yaradır. Səbəb də Ermənistanın mövqeyi ola bilər. Əvvəl də Ararat Mirzoyan dəvət təklifini qəbul etməmişdi, təbii, Paşinyanın iradəsi ilə. Onu da qeyd edək ki, Moskvanın reaksiya verməsi yalnız Berlində keçiriləcək görüşlə bağlı olmaya bilər. Nikol Paşinyanın KTMT, Putin, Rusiya ilə bağlı Parisdə dedikləri, xüsusilə Zelenskinin gözlənilən İrəvan səfəri Moskvanı daha çox qıcıqlandırır, nəinki Berlin görüşü. Hələ ki heç bir sərt reaksiya ortada yoxdur və açığı deyək, bu ya tufanqabağı sakitlikdir, ya da Zaxarovanın heç bir şeyə yaramayan növbəti açıqlaması ilə bitəcək”. Berlinin təşəbbüsü ələ almasının səbəblərinə gəldikdə, İlham İsmayıl bunları söylədi: “Münxen Təhlükəsizlik Konfransında Almaniya kanslerinin təşəbbüsü ilə Azərbaycan Prezidenti ilə Ermənistanın baş nazirinin görüşü və görüşdən verilən müsbət bəyanatlar növbəti görüşün də Berlində keçirilməsinə bir vəsilə oldu. Nəzərə alaq ki, Fransa prezidentinin iştirakı ilə olan görüşlərdən Azərbaycanın imtina etməsini qarşı tərəf Azərbaycanı sülh danışıqlarından yayınan tərəf kimi göstərməyə çalışırdı. Berlin görüşü isə hiss olunur ki, hər iki tərəfi qane edir. Burada Almaniyanın deyil, Almaniyanın simasında Qərbin önə çıxması daha vacib şərtdir. Rusiyanın seçki və Ukrayna ilə bağlı problemləri Qərbə Cənubi Qafqazda təsirini artırmağa və təşəbbüsü ələ almağa şərait yaradıb. Amma bu təşəbbüsə Kremlin sonadək imkan verməsi də real görünmür”.

XİN-in mətbuat katibi Ayxan Hacızadə bildirdi ki, Azərbaycanın sülh müqaviləsi layihəsi üzrə mövqeyində dəyişiklik yoxdur: “Eyni zamanda nəzərə alın ki, layihənin təfərrüatları ictimaiyyətə açıqlanmır”./“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.