Qanunu pozub cəzasız qalan deputat – Rüfət Quliyev
23-08-2016, 07:36
Son günlər “sələmçi deputat” ayaması ilə ictimailəşən Milli Məclisin üzvü Rüfət Quliyevin adı gündəmdən düşmür. Belə ki, “Deputatın statusu haqqında” qanunverciliyə zidd olaraq, biznes fəaliyyəti ilə məşğul olan R.Quliyevin həm də qanunsuz olaraq faizə pul verdiyi faktı ortaya çıxıb. Vətəndaşa yüksək fazilə pul verən R.Quliyev deputat səlahiyyətlərindən istifadə edərək, vətəndaşın əmlakını ələ keçirməyə çalışır. Bu günlərəd isə R.Quliyev barəsində daha bir sənəd yayılıb. Bu sənəddə də deputatın başqa bir şəxsə faizlə pul verməsi məhkəmə qərarında əks olunub. Şirvan Apellyasiya Məhkəməsinin Rüfət Quliyevin cavabdeh Səlimov Zamiq Malik oğluna qarşı “ödənilməmiş borcun və ona əsasən hesablanmış faizin ödənilməsinə dair” qərarı mediada yayılıb.
Məsələyə münasibət bildirən tanınmış hüquqşunas Müzəfər Baxış cümhuriyyət. az-a bildirib ki, parlament üzvü belə bir fəaliyyətlə məşğul ola bilməz. Onun sözlərinə görə, Azərbaycan Respublikası konstitutsiyasının 89 -cü maddəsinin 1-ci hissəsinin 4-cü bəndinə görə, Milli Məclisin deputatı elmi pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda mandatından məhrum edilməlidir: “R. Quliyev qanunsuz sahibkarlıqla və sələmçiliklə məşğuldur. Bunu hamı bilir. Bu adam konstitusiyanın yuxarıda qeyd etdiyim bəndinə görə, deputat mandatından məhrum edilməlidir. Amma nə qədər ki, Rüfət Quliyevin yarpağı saralmayıb, onu müdafiə edənlər yüksək vəzifələrədirlər, inanamıram ki, mandatı əlindən alınsın. R. Quliyevin sahibkarlıq fəaliyyətini sübut edən milyonlarla sənəd də orta çıxsa, ona “krışalıq” edənlər deputatın mandatını itirməsinə imkan verməyəcək”.