AZAL-da rəzalət - Günel aviaşirkəti ifşa etdi
24-08-2016, 21:41
Aparıcı Günel Hümbətova AZAL-dan şikayətlənib.
Axşam.az-ın məlumatına görə, Türkiyədən qayıdan aparıcı xidmətlərdən narazı olduğunu bildirib:
“Xəbəriniz var ki, AZAL-ın yol bələdçiləri göydə alverlə məşğuldur? Belə ki, təyyarə salonunda olan sərnişinlərə boş qalan yerləri pulla təklif edirlər. Əgər sərnişin özünü pis hiss edirsə və boş olan yerə keçirsə, yol bələdçiləri “şüvənlik” edirlər. Fikriniz çox maraqlıdır, sizcə bu nə dərəcədə düzgündür? Doğrudan vəziyyətləri çox pisdir deyəsən. Hətta sərnişinlərin istədikləri odeyalları da (əvvəllər istəməyə ehtiyac qalmırdı, özləri yastıqla bərabər paylayırdılar) enişə 10 dəqiqə qalmış israrla geri istəyirlər. Xəbəriniz olsun.
Bundan sonra çətin ki, AZAL-ı seçəm. AZAL mənim kimi çox vaxt bizneslə uçan müştərisini itirdi. Bir qəpik belə verib xidmətinizdən istifadə etməyə heyifim gəlir. Xidmət səviyyənizin yüksəlməsinə ehtiyac var.
AZAL lap ağını çıxarıb. Bəlkə də hər zaman insanlarla belə davranış sərgiləyiblər. Sadəcə çox vaxt "biznes-klass"la uçduğum üçün "ekonom-klass"da insanlarla bu cür davranıldığından xəbərsiz idim. Həm də çoxdan idi qızımın körpə olması ilə əlaqədar heç yerə uçmurdum. 2 saatlıq yolu "biznes-klass"la uçmağı gərəksiz hesab edib, "ekonom-klass"dan istifadə etdim. Həm Bakıdan uçarkən, həm də geri qayıdarkən gördüklərim məni şok etdi”.
G.Hümbətova qızının təyyarədə keçirdiyi narahatçılıqdan söz açıb:
"Təyyarədə qızım ağlamağa başladı, 1 saat dayanmadı. Təlaş basmış halda körpəni sakitləşdirməyin hayındaydım, hətta başqa sərnişinlər də mənə qoşulmuşdu. Yanımda əyləşənləri narahat etməmək üçün boş olan sıraya yaxınlaşdım. Xatırladım ki, doğulanda qızımın ürəyində kiçik qüsur təhlükəsi olduğu üçün 1 həftə küvəzdə qaldı. Çox şükür hər şey yaxşıdır, amma yenə də ağlamağa qoymuruq. Yeni əyləşdiyim yerdə qızımı sakitləşdirməyə çalışarkən, vicdanı, mərhəməti olmayan, qeyri-peşəkar yol bələdçisi yaxınlaşıb yerimi dəyişdiyimə görə pul ödəməli olduğumu xatırladırdı. Gəlib mənimlə alver edirdi".