Yol polisi tərəfindən döyüldüyü deyilən sürücüdən şok açıqlama – Video

27-08-2016, 09:07           
Yol polisi tərəfindən döyüldüyü deyilən sürücüdən şok açıqlama – Video
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin YPX Alayının komandiri, polkovnik Rəşadət Babayev tərəfindən döyüldüyü iddia olunan sürücü Avtosfer.az-a açıqlama verib.
Bəlli səbəblərdən adının çəkilməsini istəməyən sürücü bildirib ki, bu gün yayılan məlumatlar onu və ailəsini ciddi narahat edib və sarsıntı keçiriblər: «Mən yazılanları sosial şəbəkələrdən izlədim. Ailəmlə birlikdə sarsıntı keçirdik. Yazılanların heç biri doğru deyil. Həyat yoldaşım həmin küçədə bankda işləyir. Mən də onu işə aparmışdım. Maşını saxlayıb yoldaşımı düşürəndə yol polisi yaxınlaşıb sənəd istədi ki, burada maşın saxlamaq olmaz. Mən də dedim ki, bir dəqiqə dayandım, gedirəm. Orada heç bir dava olmayıb. Məni kimsə vurmayıb, ailəmi kimsə təhqir etməyib. Belə şeyləri kimlərsə qəsdən yayıb. Amma mənim bunlardan xəbərim olmayıb».
Sürücü onu da bildirib ki, bu gün Bakı şəhər Baş Polis İdarəsinə gedərək həyat yoldaşı ilə birlikdə izahat veriblər: «İzahatımda da göstərdim ki, mən heç kimdən şikayətçi deyiləm. Məni vuran, söyən olmayıb. Yayılan xəbərlərin də bizə heç bir aidiyyatı yoxdur».
Rəşadət Babayev özü isə açıqlamasında bildirib ki, hamilə qadını söyüb onun həyat yoldaşını vurması barədə yazılanlar yalandır: “Bizim mentalitetimiz var. Hamilə qadına qarşı kobudluq etmək kişiyə yaraşan hərəkət deyil. Orada heç bir insident olmayıb. Oradan keçəndə gördüm ki, inspektor sürücüdən maşını götürməyi tələb edir, lakin sürücü ona müqavimət göstərir, göstərişə əməl etmir. Özüm yaxınlaşdım ki, nə baş verdiyini aydınlaşdıram. Maşından qadın düşüb dedi ki, hamiləyəm, dedim, zəhmət olmasa siz maşına əyləşin, sürücü ilə yol polisi öz aralarında məsələni yoluna qoyacaqlar. Sonra sürücü səs-küy salmağa başladı. Lakin inspektor öz işini gördü. Orada kimisə vurmamışam, təhqir etməmişəm. Yazılanların hamısı yalandır”.
Rəşadət Babayev bildirib ki, bu xəbəri yayanları məhkəməyə verəcək.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirdi ki, bu gün sürücü və həyat yoldaşı Baş Polis İdarəsində izaşat verərək şikayətçi olmadıqlarını və onlara qarşı kobudluq edilmədiyini bildiriblər: «Onların hər ikisi bildirdilər ki, kimisə vuran olmayıb, kiməsə ağır söz deyilməyib. Sadəcə olaraq, kimlərsə bu videonu məqsədli şəkildə yayıblar. Onların bundan xəbəri olmayıb. Azərbaycanın mental xüsusiyyətləri var. Heç bir kişi həyat yoldaşının təhqir olunmasına, özünün isə onun yanında döyülməsinə razı olmaz, bunu qəbul etməz. Ən azından onu vurana və ya özünə nəsə edib etiraz edərdi. Amma sürücü də etiraf etdi ki, onlara qarşı yol polisi tərəfindən hər hənası təzyiq və kobudluq edilməyib».
[media=https://www.youtube.com/watch?v=QZsO60B2r8Q]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.