Ən çox şikayət edilən banklar: müştərilər onlarla işləməkdən çəkinirlər - NƏ ETMƏLİ?
27-05-2024, 11:31
Ötən günlərdə Azərbaycan Mərkəzi Bankı (AMB) aprel ayı üzrə bank müştərilərinin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksini açıqlayıb. Məlum olub ki, ən çox şikayət edilən banklar arasında siyahıya 5.70 indeksi ilə “Bank VTB Azərbaycan” liderlik edir. Bundan əlavə, şikayət indeksində "Bank of Baku" ikinci (4.94 indeks), “Yapı Kredi Bank Azərbaycan” üçüncü (4.79 indeks), “AFB Bank” dördüncü (3.06 indeks), “AccessBank” beşinci (2.98 indeks), “Yelo Bank” altıncı (2.48 indeks) olub. Eyni zamanda, “Expressbank”, “Unibank”, “Bank BTB” və “Rabitəbank” isə orta şikayət indeksi ilə siyahıda qərarlaşıb.
İqtisadçı-ekspert Elman Sadıqov İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, şikayətlərin çoxluğu banklara dolayısı ilə mənfi təsir göstərə bilər.
Onun sözlərinə görə, bu, müəyyən dərəcədə müştəri portfelinə, depozitlərə təsir göstərə bilər: "Çünki müştərilər də çox şikayət edilən bankla hesablaşmaqdan, iş görməkdən çəkinirlər. Ümumilikdə isə şikayətlərin çoxluğu sırf iqtisadi, müştəri nöqteyi-nəzərdən həmin banklar üçün müəyyən imic və reputasiya riskidir"
Ekspert bununla yanaşı, Mərkəzi Bank tərəfindən aparılan bankların reytinqini təqdirəlayiq hesab etdiyini deyib. O söyləyib ki, ən azından banklar böyük məsuliyyət hiss edirlər və çalışırlar ki, onlar haqqında Mərkəzi Banka müştəri şikayətləri az olsun və problemləri vaxtında həll etsinlər: "Ümumiyyətlə, reytinq Mərkəzi Banka həmin banklarla bağlı edilən şikayətlər əsasında formalaşır. Ona görə də banklar çalışır ki, müştərilərinin şikayətlərini yerindəcə özləri həll etsinlər və Mərkəzi Banka onlar haqqında şikayətlər daxil olmasın, nəticədə də reytinqləri pisləşməsin. Bu reytinq nüfuzdur və çox önəmlidir".
E.Sadıqov vurğulayıb ki, Mərkəzi Bank sadəcə olaraq banklar arasında müəyyən sağlam rəqabət və məsuliyyətin formalaşdırılmasını istəyir: "Banklar da öz növbəsində müştərilərin şikayətlərinin yerindəcə həll edilməsinin vacibliyini başa düşməlidirlər. Belə olan təqdirdə həmin banklar şikayət indeksində yeri yuxarı pillədə deyil, daha aşağıda qərarlaşa bilər".
Mütəxəssis müştərilər tərəfindən banklarla bağlı edilən ən çox şikayətlərin mahiyyətindən də danışıb. Onun sözlərinə görə, şikayətlər daha çox texniki problemlərlə bağlıdır:
"Çünki əksəriyyət müəyyən tətbiq, kart və onlayn bankinqlərdən istifadə edir. Bəzi hallarda bu tətbiqlərdə və serverdə problemlər üzə çıxır. Yəni hazırda daha çox banklardan texnoloji məsələlərlə bağlı narazılıqlar edilir. Kreditlərlə bağlı da müəyyən problemlər mövcuddur. Lakin kreditlərlə bağlı şikayətlər 5-10 il əvvəlki kimi deyil. Hazırda ciddi şəkildə Mərkəzi Bank tərəfindən əhalinin daha çox borclanmamasına görə normativlərə uyğun olaraq istehlak kreditləri verilir. Bir də müştəri sayı çox artıb deyə, banklar plastik kartlarla bağlı şikayətləri bəzən fiziki olaraq çatdırıb həll edə bilmirlər. Yəni çağrı mərkəzində kifayət qədər adam olmur və yaxud da müştərilər plastik kartlarla bağlı nasazlıqlar yarananda faktiki olaraq bəzən problemlərini həll etməkdə çətinlik çəkirlər".