Səttar Mehpalıyev MTN-nin şərlədiyi qardaşı oğlundan danışdı
29-08-2016, 09:24
Eldar Mahmudovun MTN-dəki mütəşəkkil cinayətkar dəstəsi tərəfindən saxta ittihamlarla həbs alınaraq, sifarişli 12-14 il müddətinə azadlıqdan məhrum edilən “SƏİDİN DƏSTƏSİ” barəsində uzun illərdir ki, mediada yazılsa da ancaq haqq yerini tapmır. Artıq 10-cu ildir ki, həbs həyatı yaşayan Səid Dadaşbəyli və onun “dəstəsi”nin üzvü olduğu bildirilən insanlar hələ də azadlığa çıxa bilmir. Baxmayaraq ki, MTN dağılandan sonra ictimaiyyətdə onların azadlığa çıxacağına dair ümidlər vardı.
“Səidin dəstəsi”nin üzvü kimi uzun illərdir həbsxana həyatı yaşayan şəxslərdən biri də Azərbaycan Həmkarlar Konfederasiyasının sədri, Milli Məclisin üzvü Səttar Mehpalıyevin qardaşı oğlu Emil Mehpalıyevdir. Eldar Mahmudovun nazir olduğu dönəmdə onun qüdrəti ölkədə hər kəsi MTN-nin qorxusu altında saxlayıb. Əgər bu belə olmasaydı, Səttar Mehpalıyev də qardaşı oğlunun günahsız olduğunu bildiyi halda susmazdı. Ümumiyyətlə, MTN-nin ötən illər ərzində sadə vətəndaşlarla yanaşı ayrı-ayrı vəzifəli şəxslərə qarşı da qanunsuzluqları susqunluqla qarşılanıb. Həmin vəzifəli şəxslər hətta Eldar Mahmudova haqq da verirdi.
Bəs görəsən, Səttar Mehpalıyev heç olmasa, indi qardaşı oğlunun günahsız həbsi barədə danışa bilərmi? Yaxud, o, Emil Mehpalıyevin azadlığı üçün çalışırmı?
Bu suallara aydınlıq gətirmək üçün Gununsesi.info-nun əməkdaşı deputatın özüylə əlaqə saxlayıb. Sualımıza cavab olaraq, Səttar Mehpalıyev bu məsələyə ilk gündən qarışmadığını deyib: “O, mənim əmim nəvəsidir. İkincisi də mən bu işə qarışmadım. Mən deputatam, ortada məhkəmə qərarı var. Məhkəmə qərarı olan yerdə mən nə deyə bilərəm ki?”
Deputatın diqqətinə MTN-nin dağılması və keçmiş rəhbərliyin cinayətlərinin üstünün açılması faktını xatırlatdıqda isə bu cavabı aldıq: “İndi, orada baş verənlər hüquqi müstəvidə araşdırılır və qanun qarşısında da hər kəs cavabını alacaq”.
Bununla belə deputat qohumunun azadlığı üçün çalışıb-çalışmaması barədə sualdan yayındı: “Mən həbsdə olan hər kəsə azadlıq arzu edirəm. Allah heç kimi ora salmasın. Başqa nə deyim ki…Hər şey hüquqi müstəvidə həll olunmalıdır”.