Məşhur YAP-çılar mandatsız qalacaq - İDDİA
29-05-2024, 16:51
Növbədənkənar parlament seçkilərinin keçiriləcəyi ilə bağlı xəbərlərin intensiv xarakter alması ölkənin siyasi həyatında canlanma yaradıb. Hazırda müxtəlif qütblərdə dayanan siyasi qüvvələr qanunverici orqanda təmsil olunmaq üçün qollarını çırmalayıblar.
Yenisabah.az xəbər verir ki, ölkənin siyasi həyatında dominant rola malik olan hakim Yeni Azərbaycan Partiyası (YAP) seçkilərlə bağlı rəsmi mövqeyini artıq açıqlayıb. İqtidar partiyasını qanunverici orqanda təmsil edən bir neçə deputat bu ilin sentyabrında keçiriləcəyi iddia olunan marafona qoşulmağa hazır olduqlarını bildirib.
Hakimiyyətin əsas opponentlərindən sayılan Müsavat Partiyası da mübarizədən kənarda qalmaq niyyətində deyil. Özlərini yeni dövrün partiyası elan edən ReAL, Haqq Ədalət Partiyası(HƏP), Böyük Azərbaycan Partiyası (BAP) və digər siyasi təşkilatlar da qanunverici orqanda təmsil olunmaq uğrunda mübarizəyə hazır olduqlarını açıqlayıblar. Ümid Partiyası, ADP, KXCP də növbədənkənar parlament seçkilərində iştirakla bağlı müsbət mövqeyini ortaya qoyub.
“Yeni Sabah”ın əldə etdiyi məlumata görə, seçkilərin yaxınlaşması təkcə müxalifət deyil, həm də hakimiyyət daxilində canlanma yaradıb. Hazırda iqtidar komandasında təmsil olunan yüksək rütbəli məmurlar arasında gizli mübarizənin getdiyi bildirilir. Məsələn, əvvəlki dövrlə müqayisədə “ulduzu” getdikcə sönən Fövqəladə hallar naziri Kəmaləddin Heydərov özünə yaxın olan ən azı 3-4 şəxsin bu dəfə də Milli Məclisdə təmsil olunmasına çalışır. Nə qədər qəribə görünsə də, uzun müddətdən bəri pensioner həyatı yaşayan Ramiz Mehdiyevin də ortaya iddia qoyduğu bildirilir. Onun öz iddialarını birbaşa deyil, dolayı yollarla gerçəkləşdirməyə çalışdığı bildirilir. Həmçinin, hazırda hakimiyyət komandasında təmsil olunan digər məmurlar da özlərinə yaxın olan bir neçə siyasətçi, iqtisadçı və hüquqşünasın parlamentə gedən yolunu açmağa çalışır.
Aldığımız məlumata görə, parlament seçkilərinin yaxınlaşması hakim partiyada "temperaturu" bir qədər də yüksəldib. Bu günə kimi, 200-dən artıq YAP üzvünün deputat olmaq iddiası ilə partiya rəhbərliyinə müraciət etdiyi bildirilir. Onların arasında hazırda Milli Məclisdə təmsil olunan şəxslərlə yanaşı, çoxdan “arxivə” göndərilmiş köhnə fiqurlar da var. Vaxtilə, etimad göstərilərək, icra başçısı təyin olunan Əhəd Abıyev və onun kimi daha bir neçə nəfərin mandat almaq uğrunda qeyri-rəsmi mübarizəyə başladıqları qeyd olunur.
YAP funksionerlərindən biri bizimlə söhbət zamanı deyib ki, hakim partiya bu dəfə özünün namizədlər siyahısına əməlli-başlı “əl gəzdirəcək”. Onun sözlərinə görə, təkcə partiyada deyil, həm də cəmiyyətdə kifayət qədər populyar olan bir neçə YAP-çının “oyundankənar vəziyyət"də qalacağı şübhə doğurmur.