Vilayətinin “Zəngəzur hədəsi”: Qoca "şir"in son çırpınışı
Bu gün, 09:24

Xəbər verdiyimiz kimi, İranın ali dini liderinin beynəlxalq məsələlər üzrə baş müşaviri Əli Əkbər Vilayəti Zəngəzur dəhlizi ilə bağlı son açıqlamaları ilə yenidən gündəmə gəlib.
Referans xəbər verir ki, Vilayəti açıq şəkildə bildirib:
“İran Zəngəzur dəhlizinin açılmasına imkan verməyəcək. Biz bunu ya Rusiya ilə, ya da təkbaşına edəcəyik. Azərbaycanla Naxçıvan arasında keçidi təmin etmək üçün dəhlizə ehtiyac yoxdur. Cənubi Qafqaz Trampın icarəyə verə biləcəyi daşınmaz əmlak deyil. Əgər Ermənistan rəhbərliyi bu qərarını dəyişməsə, bu, bütün bölgə üçün yeni çağırış olacaq. Lazım gələrsə, bura ABŞ muzdluları üçün qəbiristana çevriləcək".
Vilayətinin sözlərinə görə, məsələ Rusiyanın iştirakı ilə müzakirə olunmalı və lazım gələrsə, bölgədə müharibə qaçılmaz ola bilər.
Köhnə ritorika, yeni reallıqlar
Bu açıqlamalar bir daha göstərdi ki, İran hələ də 1980–90-cı illərin köhnəlmiş geosiyasi yanaşmasından əl çəkməyib – hədələmək, qorxutmaq, “böyük güc” imici yaratmaq. Amma artıq reallıq fərqlidir.
Son illərdə İsrailin İran ərazisində həyata keçirdiyi uğurlu əməliyyatlar, strateji obyektlərin dronlarla vurulması, nüvə proqramlarının ifşası, hava hücumundan müdafiə sistemlərinin iflic vəziyyətdə qalması və hərbi-hava qüvvələrinin görünməməsi Tehranın illərlə qoruduğu “dəmir divar” mifini yerlə-yeksan edib.
İran ordusunun faktiki döyüş qabiliyyəti yalnız daxildəki narazı kütlələri basqı altında saxlamaqla məhdudlaşır. Xarici təhlükə qarşısında isə bu sistem yox dərəcəsindədir. Müasir silah istehsalı məhduddur, texnologiya köhnədir, beynəlxalq sanksiyalar isə ordunun yenilənməsinə imkan vermir. Ancaq fars şovinisizmi dayanmır-guruldayır...
Zəngəzur dəhlizi: Tehranın “qara kabusu”
Vilayətinin sərt reaksiyası təsadüfi deyil. Zəngəzur dəhlizi layihəsi reallaşarsa, İranın həm tranzit monopoliyası, həm də Cənubi Qafqazdakı qalan təsir imkanları sıradan çıxacaq.
ABŞ, Azərbaycan və Ermənistan arasında Vaşinqtonda imzalanan sülh çərçivə sazişi çərçivəsində nəzərdə tutulan koridor artıq geosiyasi faktordur.
Bu marşrut Azərbaycanı birbaşa Naxçıvan və Türkiyəyə bağlamaqla yanaşı, Qərbin regiondakı hərbi-iqtisadi təsirini gücləndirir.
"The Guardian", "Washington Post" və "Reuters" kimi nüfuzlu mənbələr qeyd edir ki, bu layihə İran və Rusiyanın Cənubi Qafqazdakı ənənəvi təsirini kəskin zəiflədəcək. Ekspertlər bildirir ki, Tehran indi daha çox “geosiyasi tamaşaçı” mövqeyindədir.
Vilayətinin qara keçmişi
Əli Əkbər Vilayətinin siyasi karyerası Azərbaycan xalqının yaddaşında qara izlərlə qalır.
* 1990-cı illərin əvvəllərində açıq şəkildə İranın Azərbaycanın müstəqilliyini tanımayacağını bəyan edib.
* O dövrdə Azərbaycanın baş naziri olmuş Yaqub Məmmədovu İrana dəvət edərək, diplomatik manipulyasiya ilə vaxt itirilməsinə və nəticədə Şuşanın ermənilər tərəfindən işğalına şərait yaradıb.
Yəni adam heç zaman Azərbaycana qarşı xoş münasibət olmayıb. Hər zaman qısqanc, xain planlar, fikirlər ortaya atıb...
Bu faktlar göstərir ki, Vilayətinin Azərbaycanın strateji maraqlarına zidd fəaliyyəti sistemli xarakter daşıyır.
İranın bu günki reallığı – iqtisadi böhran, sosial narazılıqlar, beynəlxalq təcrid və regiondakı mövqelərin itirilməsi – onun hərbi ritorikasını real əməliyyat imkanlarından ayırır. Belə bir ölkənin “Zəngəzur müharibəsi” hədəsi qoca şirin son çırpınışlarını xatırladır: səsi çoxdur, amma dişi yoxdur.
Öz sərhədlərini qorumaqda aciz qalan, Yaxın Şərqdə nüfuzunu itirən, Cənubi Qafqazda proseslərdən kənar qalan bir ölkənin başqa dövlətlərə iradə diqtə etməsi yalnız “tutar qatıq, tutmaz ayran” misalını yada salır.
Regionda oyun qaydaları dəyişib. 2020-ci il Vətən müharibəsi və sonrakı antiterror əməliyyatları ilə Azərbaycan yeni güc balansı yaradıb. Bu balansda artıq nə Tehran, nə də Vilayətinin təmsil etdiyi köhnə geosiyasi fiqurların rolu qalmayıb.
Vilayətinin sözləri indi yalnız keçmişin kölgəsində qalan, təsir gücünü itirmiş bir siyasi fiqurun boş gurultusu kimi dəyərləndirilir.