Dollar 3 manatı keçəcək? - Ekspert bank fırıldaqçılığının üstünü açdı

29-08-2016, 16:27           
Dollar 3 manatı keçəcək? - Ekspert bank fırıldaqçılığının üstünü açdı
Maliyyə məsələsi üzrə ekspert Əkrəm Həsənov bankların nizamnamə kapitalı fırıldağının üstünü açaraq əmanətçiləri ehtiyatlı olmağa çağırdı.

Gundeminfo.az xəbər verir ki, bu barədə Əkrəm Həsənov öz Facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, son həftələr ərzində bir neçə bank (Unibank, Nikoyl, Dəmirbank və s.) yaxında nizamnamə kapitalını kəskin artıracağı barədə məlumat yayıb. “Məlumatı da reklam kimi yayırlar, bir növ guya vəziyyətlərinin yaxşı olduğunu gözümüzə soxmaq istəyirlər.

Əslində isə: 1) bu banklarda kapital əsasən artırılmayacaq, faktiki bərpa ediləcək; 2) sözügedən bərpa, bir qayda olaraq, iri əmanətçilərin əmanəti hesabına həyata keçiriləcək (yəni banka əlavə pul qoyuluşu olmayacaq, əmanətlər mənimsəniləcək).
Məsələni hamı başa düşsün deyə, əvvəlcə bank kapitalının mahiyyətini izah etmək istərdim”- deyə, ekspert vurğulatyıb.
Ə.Həsənov bildirib ki, bank əmanətçilərdən cüzi faizlə əmanət cəlb edir və həmin vəsaiti daha yüksək faizlə kredit verir, nəticədə faiz fərqindən gəlir götürür. “Amma qanunvericilik tələb edir ki, bank sahibləri də banka öz pullarını yerləşdirsin ki, kredit verərkən yalnız başqalarının pulu ilə deyil, həm də öz pulları ilə risk etsinlər. Bank sahiblərinin təsis edilərkən banka qoyduqları pul nizamnamə kapitalı adlanır (50 mln. manatdan az ola bilməz). Bankın fəaliyyəti uğurlu olduqda, mənfəət əldə edir, uğursuz olduqda zərərə məruz qalır. Bundan asılı olaraq da cəmi (faktiki) kapitalı (xalis aktivi) artır və ya azalır.
Məsələn, tutaq ki (misal səthidir), bankın nizamnamə kapitalı 50 mln. manatdır. Bank 150 mln. manat əmanət cəlb edib. Deməli, bankın 200 mln. pulu var. Həmin pulu bank kredit verib və 10 mln. mənfəət əldə edib. Bu o deməkdir ki, bankın artıq 210 mln. pulu (aktivi) var və həmin pulun faktiki kapital hissəsi artıq 60 mln. manatdır (yəni 50 mln. nizamnamə kapitalı+10 mln. mənfəət). Yəni bu 60 mln. bank sahiblərinə məxsus olan məbləğdir.

İndi isə təsəvvür edək ki, bank əksinə 10 mln. zərərə məruz qalıb. Bu o deməkdir ki, bankın 190 mln. pulu (aktivi) var və həmin pulun faktiki kapital hissəsi 40 mln. manatdır, yəni nizamnamə kapitalından 10 mln. azdır. Qanunvericiliyə görə bu halda bank nizamnamə kapitalını faktiki kapital səviyyəsinədək (50 əvəzinə 40 mln. olmalıdır) azaltmalıdır. Yəni faktiki kapital nizamnamə kapitalından az ola bilməz.

Amma bizim banklar heç vaxt bunu etmir: illər boyu zərərlə işləyirlər və faktiki kapitalları nizamnamə kapitalından az olur. Hərdən bir nizamnamə kapitalını guya artırırlar. Amma faktiki olaraq bu artma yox, bərpadır. Yəni sonuncu misalda bank nizamnamə kapitalını 10 mln. azaltmalı olduğu halda elan verir ki, 10 mln. artırıram və hər yerdə göstərir ki, kağız üzərində nizamnamə kapitalı artıq 60 mln. olub. Halbuki faktiki kapitalı yalnız 50 mln-dur.

Məsələn, götürək Bank VTB-ni. Nizamnamə kapitalı 50,815 mln. manatdır. Amma ötən ilin nəticələrinə görə faktiki kapitalı 12,77 mln. manatdır. Qanuna əsasən nizamnamə kapitalını faktiki kapital səviyyəsinədək azaltmalı idi. Amma bunu etməyib. Əksinə, nizamnamə kapitalını artıracağı gözlənilir. Təbii, belə “artım” reallığı əks etdirməyəcək.
Unibank, Nikoyl, Dəmirbank və “artım” haqda elan verən digər banklara gəldikdə isə onların həqiqi vəziyyəti haqda dəqiq söz demək ümumiyyətlə çətindir. Çünki qanuna zidd olaraq hesabatlarını açıqlamırlar, maliyyə göstəricilərini gizlədirlər. Durumları yaxşı olsaydı, gizlətməzdilər təbii. Deməli, onlar də əslində artıma deyil, bərpaya hazırlaşır. Təbii, bu proses Maliyyə Bazarlarına Nəzarət Palatasının tələbi ilə həyata keçirilir. Palata banklardan məcmu kapital (məcmu kapital anlayışının bəzi xüsusiyyətləri var, amma ümumilikdə faktiki, yəni cəmi kapital anlayışına yaxındır və minimum 50 mln. manat olmalıdır) tələbinə riayət etməyi tələb edir, buna görə də bankların çıxış yolu yoxdur. Əks halda ləğv ediləcəklər.

Maraqlısı budur ki, hesabatını gizlədən bankın buraxdığı yeni səhmləri alan hansı axmaq alır axı? Bu bankların cari sahibləri əlavə pul qoyuluşu etmək istəmir təbii. Etsələr də, az edəcəklər. Bəs bu bankların səhmini almaq istəyən kimlərdir?

Bu, iri əmanətçilərdir. Buna “bail-in” deyilir və bu mexanizm Kiprdə bir neçə il öncə tətbiq edilmişdi. “Bail-in” nədir? Bank faktiki müflisdir, problemli kreditlərin içində boğulur, əmanətlərini qaytara bilmir. Bankın mövcud sahibləri iri əmanətçilərə deyir ki, gəlin batan bankımızı birlikdə xilas edək, sağlamlaşdıraq. Necə? Əmanətlər hesabına, yəni əmnətlərinizdən imtina edin! Əvəzində isə əmanətçilərə bankın səhmləri verilir və onları “Artıq bankın sahiblərindən, səhmdarlarından birisiz!” deyə təbrik edirlər. Təbii, verilən səhmlər konfet kağızından qiymətli olmur, çünki guya xilas edilmiş bank əslində qəpiyə güllə atır. Başqa sözlə, səhmdara çevrilmiş əmanətçi əmanətinə əbədi “Əlvida!” deyir”- o, bildirib.

Ə.Həsənov deyib ki,nümunə üçün yuxarıdakı misala qayıdaq: “Bankın nizamnamə kapitalı 50 mln. manatdır. Bank 150 mln. manat əmanət cəlb edib. Deməli, bankın 200 mln. pulu var. Həmin pulu bank kredit verib və 10 mln. zərərə məruz qalıb. Bu o deməkdir ki, bankın faktiki kapitalı 40 mln. manatdır, yəni nizamnamə kapitalından 10 mln. azdır. Əmanətləri qaytarmaqda çətinlik çəkir və iri əmanətçilərə deyir ki, özünüz bilin: ya əmanətləriniz batacaq, ya da gəlin həmin əmanət müqabilində sizə səhm verək. Təbii, iri əmanətçilərin əlacı yoxdur, razılaşırlar (bankda iri əmanəti olan səsini necə çıxarsın axı, qorxur ki, sabah hətta soruşa bilərlər ki, sənə bu qədər pul hardandır). Nəticədə bankın əmanət üzrə öhdəliyi 10 mln. azalır, keçmiş əmanətçilər isə onlara gəlir gətirməyən səhm əldə edirlər. Kapital “artımı”ndan sonra diqqət yetirsəz, görəcəksiz ki, bu banklarda xırda paylara malik olan yeni səhmdarlar əmələ gələcək. Onlar keçmiş zavallı əmanətçilərdir ki, əmanətlərini itiriblər.
Təbii, bizim banklarda faktiki vəziyyət daha acınacaqlıdır. Bəzi bankların kapitalı 10 deyil, onlarla milyon azalıb (təsadüfi deyil ki, sözügedən banklar azı 50 mln. manatlıq “artım”dan dəm vurur). Bank sahiblərinin və onların təyin etdikləri menecerlərin fəaliyyəti ucbatından. İndi də onlar bankı iri əmanətçilər hesabına xilas edib yarıtmaz fəaliyyətlərini davam etdirmək istəyirlər.

Məlumat var ki, Bank Standardın da iri əmanətçilərinə əmanəti qaytarmaq əvəzinə bankın səhmlərini əldə etmək təklif olunur. Bəs deyirdilər ki, bu bankı dövlət hesabına sağlamlaşdıracaqlar? Deməli, yalan imiş. Əmanətçilərin hesabına olacaq. Guya nizamnamə kapitallarını artıran banklarda olduğu kimi. Odur ki, özünüzdən və pulunuzdan muğayat olun! Sonra deməyin ki, sizi xəbərdar etməmişdilər!”Həmin təhlükə reallaşmağa başlanır. Və bu, yalnız başlanğıcdır…”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.