“Azərbaycan istənilən birliklərə qarşı çox təmkinlidir” – “O, nə KTMT-yə, nə də Avrasiya İqtisadi Birliyinə can atmır”
13-06-2024, 08:24
“Təəssüflər olsun ki, Ermənistanın Naxçıvanla Azərbaycanın əsas ərazisi arasında keçən logistika marşrutuna (Zəngəzur dəhlizi-red.) Rusiyanın nəzarət etməsinə o qədər də həvəsi yoxdur”.
“AzPolitika” xəbər verir ki, bunu Rusiya Ali İqtisadiyyat Məktəbinin Hərbi İqtisadiyyat və Strategiya İnstitutunun elmi direktoru, tanınmış mütəxəssis Dmitri Trenin deyib.
Treninin sözlərinə görə, Zəngzəur dəhlizinin açılması Rusiyadan daha çox Türkiyəyə lazımdır və ABŞ da bu ideyanı dəstəkləyir: “Burada ilk növbədə Türkiyənin marağı var. Bu marşrutun böyük iqtisadi əhəmiyyət kəsb edəcəyini düşünmürəm. Amma geosiyasi əhəmiyyəti, strateji əhəmiyyəti olacaq. Əlbəttə ki, bu, Türkiyənin maraqlarına uyğundur. Bu gün dinamika Türkiyənin xeyrinədir. İndiki mərhələdə bu dəhliz böyük ehtimalla faktiki olaraq Türkiyənin təsiri altında olacaq, baxmayaraq ki, Birləşmiş Ştatlar guya hər iki tərəfə dost, müstəqil aktor kimi çıxış edəcək. Lakin əslində, ABŞ Türkiyəyə Ankaranın prioritet maraqları zonasında hərəkət sərbəstliyi verir. Türkiyə üçün ABŞ-nin yolunu kəsmək qətiyyən sərfəli deyil. Amerika üçün Türkiyə başqa istiqamətlərdə önəmlidir”.
Trenin Azərbaycan - Rusiya münasibətləri barədə də maraqlı fikirlər səsləndirib: “Azərbaycan bir neçə onilliklər ərzində Rusiyaya qarşı çox uğurlu siyasət nümayiş etdirir. Rusiyaya minimum güzəşt edərək, əvəzində bacardığı maksimumu aldı. Azərbaycan istənilən inteqrasiya birliklərinə qarşı çox təmkinlidir. O, nə KTMT-yə, nə də Avrasiya İqtisadi Birliyinə daxil olmağa can atmır. Azərbaycan - Rusiya münasibətlərinin özü də hər iki tərəfdən sırf praqmatik xarakter daşıyır. Mən dövlətlərarası münasibətləri nəzərdə tuturam”.