“İranla münasibətlərin yaxınlaşması Qərblə münasibətlərin gərginləşməsinin nəticəsidir”

18-06-2024, 15:18           
“İranla münasibətlərin yaxınlaşması Qərblə münasibətlərin gərginləşməsinin nəticəsidir”
İyunun 12-də Azərbaycan və İran ordularının eyni vaxtda Naxçıvanla sərhəddə taktiki təlimlər keçirəcəyi barədə xəbərlər xeyli suallar yaratdı. O səbəbdən ki, hamının bildiyi kimi, son illər iki dövlət arasında münasibətlər gərginləşmişdi.

2020-ci ilin 44 günlük savaşından sonra İran hərbçiləri Azərbaycana qarşı bəyanat verərək Bakını təhdid etmişdilər. Azərbaycan isə İranın hərbi təlimlərinə cavab kimi xüsusi təyinatlı hərbi qüvvələri sərhədə çıxarmışdı.

Qarşılıqlı ittihamların baş verdiyi ərəfədə Azərbaycanın Tehrandakı səfirliyinə də silahlı basqın edildi və səfirliyin fəaliyyəti rəsmi Bakının qərarı ilə dayandırıldı.

Ardınca hər iki ölkənin rəsmi və qeyri-rəsmi təbliğat vasitələrində qarşılıqlı ittihamlara start verildi və Azərbaycanda dindarların həbsi başladı.

Bu ərəfədə İranda azərbaycanlı tələbə Fərid Səfərli də casusluq ittihamı ilə həbs olundu.

Bəs iki ölkənin siyasətində nə dəyişdi ki, indi birgə taktiki təlimlər keçirir?

Keçmiş diplomat Nahid Cəfərov mövzu ilə bağlı ASTNA-nın suallarına cavab verir.

* * *

– Nahid bəy, Azərbaycan və İran ordularının eyni vaxtda Naxçıvanla sərhəddə taktiki təlimlər keçirməsi barədə rəsmi xəbərlər xeyli təəccübə səbəb oldu. Son illər iki dövlət arasında münasibətlər gərginləşmişdi. Sizcə, indi nə baş verir? İki ölkə arasında münasibətlərdəki buzlar əridi?

– Azərbaycan-İran münasibətlərində hiss olunan istələşmə heç də təsadüfi deyil. İki ölkə arasındakı münasibətləri tənzimləyən bir neçə nüans var ki, bu nüanslardan biri və bir neçəsi aktivləşəndə dövlətlərarası münasibətlərin dinamikası dəyişir. İranla Azərbaycan arasındakı münasibətlərə müsbət təsir edən amillər əsasən aşağıdakılardır:

a. Azərbaycanda avtoritar idarəetmə – Avtoritar idarəetmə ölkədə insanların həyat şəraitinə birbaşa təsir edir və nəticədə İran bir çoxları üçün həm təhsil və həm də səhiyyə mərkəzi rolunu oynayır. Bu da İran dini rejiminin Azərbaycan əhalisi arasında cazibəliyini artırır. Eyni zamanda İranın türkdilli əhalisi üçün müstəqil Azərbaycan modelinin əhəmiyyəti də azalır.

b. Azərbaycan siyasi rəhbərliyinin liberalizm və millətçilik kimi ideologiyalara mənfi münasibəti də ikitərəfli münasibətlərin dinamikasına müsbət təsir göstərir.

Münasibətlərə mənfi təsir göstərən amil isə siyasi hakimiyyətin şiə təriqətinə inanan tanınmış dindarlara qarşı həyata keçirdiyi repressiyalardır. Son dövrlərdəki gərginliyin ən əsas səbəblərindən biri də məhz bu amil idi.

Zaman-zaman bu amillərdən biri və ya digəri aktivləşir və bu da siyasi münasibətlərə təsir göstərir.

-İki ölkənin siyasətində nə dəyişdi, qarşılıqlı ittihamlar, təhdidlər hansı səbəbdən konstruktiv danışıqlara keçdi?

– Azərbaycan-Ermənistan münasibətləri və Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycanın Qərblə münasibətləri son dərəcə gərginləşdi. Bu ərəfədə İlham Əliyev Fələstin dövlətinin müstəqilliyi ilə bağlı fikir də səsləndirdi ki, bu da İranın əzəli düşməni olan İsraillə münasibətlərin gərginləşməsinə səbəb ola bilər. Digər tərəfdən Ermənistan ciddi cəhdlə Qərbi regiona gətirməkdə israrlıdır. Bütün bunlar bizə düşünməyə əsas verir ki, sanki İran, Azərbaycan və Rusiya Qərbi bu regiona buraxmamaq üçün əməkdaşlığı gücləndirir.

– İki ölkə arasında münasibətlərin müsbətə doğru dəyişməsi maraqlı dövrə təsadüf edir. Birincisi, ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Braynın Ermənistana səfəri ilə üst-üstə düşür. Ola bilərmi, İran bu addımı ilə Ermənistana və Qərbə mesaj ötürür?

– Rusiyanın Ukraynada məğlub olması İrandakı molla rejimi və İlham Əliyev hakimiyyəti üçün ölüm-qalım məsələsi ola bilər. Əgər Rusiya məğlub olacaqsa, o zaman Rusiya Qafqazdan çıxmaq məcburiyyətində qala bilər və nəticədə Cənubi Qafqazda demokratik proseslər daha da geniş vüsət ala bilər. Sözsüz ki, İrandakı molla rejimi Qərbin regiona gəlməsinin qarşısını almaq və bunun üçün mümkün olan bütün vasitələrdən istifadə etməyə hazır olduğunu göstərməyə çalışır. Verilən mesaj da məhz bundan ibarətdir.

– İkincisi, İranla yaxınlaşma Azərbaycanın Qərblə münasibətlərinin gərginləşdiyi bir dövrə təsadüf edir. Azərbaycan İranla yenidən yaxınlaşmaqla Qərbə mesaj vermiş ola bilərmi?

– İki ölkə arasındakı münasibətlərin yaxınlaşması mesaj yox, nəticədir. Bu, Qərblə münasibətlərin gərginləşməsinin nəticəsidir.

– Və üçüncüsü, İsrailin Baş naziri Netanyahunun oğlu Kürdüstan adlı xəritə paylaşmışdı. Və o xəritədə İran, Türkiyə ilə yanaşı Azərbaycanın torpaqlarının da bir hissəsi Kürdüstan ərazisi kimi göstərilmişdi. Bu yaxınlaşmanı rəsmi Bakının İsrailə cavabı hesab etmək olarmı?

– Görünən odur ki, Azərbaycanın xarici siyasətinin konturları son günlər Moskvada müəyyənləşir. Azərbaycanın Qərblə münasibətlərinin gərginləşməsi, Fələstini müdafiə etməsi də Azərbaycanın yox Rusiyanın, daha doğrusu Putinin yürütdüyü xarici siyasətə uyğundur. İranla münasibətlərinin istiləşməsi təklifi də, eyni zamanda, Rusiyadan gələ bilər.

– Ümumiyyətlə, İran-Azərbaycan münasibətlərinin yaxşılaşması bizə nə verəcək? Bu, iki ölkənin, xüsusən də Azərbaycanın xeyrinədir, yoxsa ziyanına?

– Hansısa bir ölkə ilə münasibətlərin gərginləşməsi heç zaman dövlətə müsbət bir şey vəd etmir. Münasibətlərin normallaşması təqdirəlayiq bir haldır. Lakin maraqlı olan məqam bu istiləşmənin arxa fonundakı məsələlərdir. Əgər Azərbaycanın İranla yaxınlaşmasının səbəbi dediyim kimi məhz Qərblə münasibətlərin gərginləşməsidirsə, o zaman bu yaxınlaşma bizə müsbət heç bir divident vəd etmir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.