Universitetlər tələbələrini qızılcaya “qurban verdi”

27-06-2024, 07:14           
Universitetlər tələbələrini qızılcaya “qurban verdi”
Ötən il 8631 tələbə təhsil haqqının ödəmədiyinə, dərs buraxmağa görə və ya öz xahişi ilə təhsil aldığı universitetdən xaric edilib.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin tabeliyində təhsilin əhatə dairəsini genişləndirmək, əlçatanlığını təmin etmək və təhsil almaqda bərabər imkanlar yaratmaq məqsədilə Təhsil Tələbə Krediti Fondu yaradılıb. Təhsil Tələbə Krediti Fondunun məlumatına görə, indiyədək 45 min 134 tələbə kredit almaq üçün müraciət edib. Onlardan 34 min 783 nəfərə TTK verilib. Kredit alan tələbələrin 20 min 646-sı qadın, 14 min 137-si kişidir.

Qeyd edək ki, yaz semestri ərzində 7449 tələbə kredit almaq üçün müraciət edib. Onlardan 504 nəfərin müraciəti natamam olub, 365 nəfərin müraciəti emal mərhələsindədir. Habelə 390 nəfərin müraciətinə imtina cavabı verilib, 335 nəfərin müraciəti isə banka yönləndirilib. Yaz semestri üzrə 5855 tələbəyə təhsil krediti verilib. Onların arasından 1786 nəfərin müraciəti sosial, 4069 nəfərin müraciəti isə standart təhsil tələbə krediti olaraq rəsmiləşdirilib.

8631 tələbə müxtəlif səbəbdən, o cümlədən təhsil haqqını ödəmədiyinə görə, universitetdən xaric edilirsə,Təhsil Tələbə Krediti Fondunun imkanlarından, dövlətin yaratdığı şəraitdən niyə istifadə edilmir?

Təhsil üzrə ekspert Elşən Qafarov "Cebhe.info"-ya bildirdi ki, əslində bunun iki əsas səbəbi var:


“Birincisi, 8 mindən artıq tələbənin təhsilini yarımçıq qoymasının bir hissəsi fərdi məsələlərlə bağlı olsa da, tam böyük əksəriyyəti təhsil haqqını ödəyəməməsi ilə bağlıdır. Təhsil Tələbə Krediti Fondu standart və sosial olmaqla iki istiqamətlər üzrə verilir. Burada qoyulan əsas şərtlərdən biri də tələbənin kreditinin olmamasıdır. Ancaq ali məktəblər daha çox maraqlıdır ki, onların kreditləri olsun.

Çünki ali məktəb bundan əlavə pul qazanır. Bir çox hallarda ali məktəblər imtahanları sərtləşdirir və nəticədə tələblər kreditdə qalmaq məcburiyyətində qalırlar ki, əlavə ödənişlər etsinlər. Burada ümumi sistem elədir ki, tələbələr Təhsil Tələbə Krediti Fondundan yararlana bilmək üçün daha yaxşı oxumalıdırlar. İkincisi ali məktəblərdə mühit belə qurulmalıdır ki, tələbəni kreditə salmaqla cüzi bir gəlir əldə edilir.

Ancaq reallıq odur ki, onun ödənişini birdəfəlik, yarımilliklər üzrə Təhsil Tələbə Krediti Fondu ödəyir. Qısa bir müddətdə kiçik bir qazancı əsas gətirərək tələbələr üçün əlavə maneələr yaratmamalıdırlar. Bu gün bütün ali təhsil müəssisələrində Təhsil Tələbə Krediti Fondu ilə bağlı məlumatlıdırlar, ancaq yenə də maarifləndirmə işini genişləndirmək lazımdır”.

O bildirib ki, Təhsil Tələbə Krediti Fondu son illərdə təhsil sahəsində ən uğurlu layihələrdən biridir:

“Cənab Prezidentin sərəncamı ilə 100 milyondan çox vəsait köçürülüb. Mənim tanıdığım onlarla yoxsul ailənin övladları var ki, heç təhsil almaq xəyallarına belə gəlmirdi. Onların təhsil haqqını Təhsil Tələbə Krediti Fondu ödəyir və o insanların arzusu gerçəkləşir. Bu sahədə maarifləndirmə aparmaq lazımdır. Yalnız ali təhsil müəssisələrində deyil, hər bir ziyalı ətrafında olan insanlara Təhsil Tələbə Krediti Fondu barədə məlumat verməlidir.

Təhsil Tələbə Krediti Fondu öz təkliflərini Nazirlər Kabinetinə göndərib. Beləliklə, yaxın zalmanlarda nəinki ödənişli təhsil alan, hətta ödənişsiz təhsil alanların da ev kirayə ödənişinin, nəqliyyat xərclərinin Təhsil Tələbə Krediti Fondu tərəfindən qarşlanması da müzakirə mövzusudur. Düşünürəm ki, bu, Azərbaycan təhsil sahəsində ən uğurlu layihələrdən biridir. Bu layihənin təbliğatında, insanların onu tanımasında, maariflənmədə KİV-lərin də üzərinə böyük məsuliyyət düşür".

Ekspertin sözlərinə görə, ali məktəblərdən fərdi qaydada, sağlamlıqla bağlı da xaric edilənlər var ki, onlar böyük əsksəriyyət təşkil etmirlər:

"Əgər Nazirlər Kabineti yaxın zamanda qərar qəbul edərsə, yəqin ki, növbəti tədris ili üçün təsdiq edəcək. O zaman tələbələrin nəqliyyat və kirayə ödənişlərinin Fond tərəfindən ödənilməsi bu rəqəmi minimuma endirəcək. Burada bəzi məsələlər də var ki, qanunvericilikdə boşluqlarla bağlıdır. Məsələn, tələbə qızılca xəstəliyinə yoluxubsa, 21 gün dərsə getməməlidir, getsə digərlərini də yoluxduracaq. Ancaq universitet bunu nəzərə almır. Xüsusilə də bu il qızılcanın geniş yayıldığı bir dövrdə rəqəmlər ona görə artdı.

Hər il xaric olunanların sayı 3 minin üzərində olurdu. Ancaq indi 8 minə çatması qızılcaya yoluxub karantinə düşən gənclərin məsələsinin universitetlərdə nəzərə alınmaması oldu. Nəticə etibarilə bu rəqəm 3 dəfə artdı və uduzan yenə biz olduq ki, 8 mindən artıq gəncimiz təhsilini yarımçıq qoymaq məcburiyyətində qaldı.

Ümumilikdə ölkədə tələbə yerlərinin sayı artır. Tələbələr özlərindən asılı olmayan səbəbdən niyə təhsildən kənarda qalsınlar? Dərs saatlarının buraxılmasına görə əsas problem qızılcanın tüğyan etdiyi məqamlarda olub. Ali məktəblər onu nəzərə almadılar. Ona görə də rəqəm böyüdü".

Nigar Abdullayeva
"Cebhe.info"












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.