Azərbaycan-ABŞ münasibətləri: istiləşirmi?

28-06-2024, 12:54           
Azərbaycan-ABŞ münasibətləri: istiləşirmi?
ABŞ Dövlət Departamenti açıqlayıb ki, dövlət katibi müavini James O’Brien Azərbaycana gəlir. Onun yüksək səviyyədə görüşlər keçirəcəyi gözlənilir.

Keçən həftə rəsmi Washington Bakını “yenilənmiş və daha möhkəm ikitərəfli əməkdaşlığa çağırıb”. ABŞ-ın dövlət katibi Antony Blinken bu barədə Azərbaycan Prezidenti İlham Əliyevlə son telefon danışığında danışıb.

İlham Əliyev də Azərbaycanın ABŞ-la əlaqələrə əhəmiyyət verdiyini və ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi və keyfiyyətcə yeni səviyyəyə qaldırılmasını dəstəklədiyini bildirib, Azərbaycan Prezidentinin mətbuat xidməti açıqlayıb.

Daha əvvəlsə ABŞ Prezidenti Joe Biden da Bakı ilə “güclü ikitərəfli münasibətlərin bərpa olunması imkanı” yaranmasını təqdir edib.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin ABŞ-a rəsmi səfəri isə daha əvvələ təsadüf etmişdi.

Bu qarşılıqlı bəyanatlar və səfərlər ABŞ-Azərbaycan arasında son aylarda müşahidə edilən soyuq münasibətlər fonunda baş verir.

Bəzi siyasi təhlilçilərə görə, ABŞ-Azərbaycan münasibətlərində “real normallaşma yoxdur”, bəzilərinə görə, əlaqələr getdikcə axarına düşür.

Ötən ilin payızında Azərbaycan Qarabağda on minlərlə erməninin evini tərk etməsinə səbəb olan hərbi əməliyyatlar aparmasından sonra Washington Bakı ilə yüksək səviyyəli ikitərəfli görüş və danışıqları ləğv etdiyini demişdi. Bundan sonra Bakı da buna qarşılıq vermişdi.

Yaranmış gərginlikdə hətta tərəflər bir-birinin rəsmilərinin qarşılıqlı səfərlərini bir müddət qadağan da etmişdilər.

Sonradan isə hər iki tərəfin yüksək vəzifəli şəxslərinin qarşılıqlı səfərləri bərpa olundu.

Ötən ay ABŞ-da yüksək səviyyədə müzakirələr aparan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “ikitərəfli əməkdaşlığının və əlaqələrinin gələcək inkişaf perspektivlərini” yenidən nəzərdən keçirildiyini bildirib.

Bəs hazırda ABŞ-Azərbaycan münasibətləri “daha güclü” perspektivdə möhkəmlənməyə yönəlibmi və ümumiyyətlə, iki ölkə arasında müşahidə olunan gərginlik artıq yumşalırmı?

Jurnalist Könül Şahin BBC News Azərbaycanca üçün bu suallara cavab axtarıb.
BBC News Azərbaycancaya danışan bəzi təhlilçilər hesab edirlər ki, Azərbaycanın əsas gözləntisi ərazi bütövlüyünün müdafiəsində və tanınmasında “səmimi dəstək”dir.

BBC News Azərbaycancaya danışan müstəqil araşdırmaçı Şücaət Əhmədzadə deyir ki, ABŞ və Azərbaycan arasındakı prosesləri uçurum səviyyəsinə gələcək bir gərginlik kimi görmür. O qeyd edib ki, iki ölkə arasında münasibətlər həmişə enişli-yoxuşlu olub və sabit münasibətlərdən danışmaq çətindir:

“ABŞ-də hər administrasiyanın özünün spesifik olaraq, xarici siyasət prioritetləri müəyyən dərəcədə fərqli olur. Ancaq bəzi sferalarda, məsələn enerji təhlükəsizliyi, terrorizmlə mübarizə, sərhəd əməkdaşlığı və hərbi əməkdaşlıq kimi məsələlərdə Azərbaycan və ABŞ-ın maraqları bir çox baxımdan üst-üstə düşdüyündən bu sahələrdə iki ölkə arasında oturuşmuş əməkdaşlıq modeli mövcuddur və bu sferalar ABŞ-daki administrasiyaların dəyişməsindən asılı hala düşmür.”

Bakıda mənzillənən Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov isə BBC News Azərbaycancaya müsahibəsində iki ölkə arasındakı son aylardakı səfərləri “business as usual” (“həmişəki” -red.) münasibətlərinə qayıdış kimi qiymətləndirib.

Məmmədov ABŞ-Azərbaycan münasibətlərindəki bu yumşalmanı “atəşkəs” kimi qiymətləndirərək qısamüddətli perspektivlərdən danışmağın çətin olduğunu deyir:

“ABŞ, adətən, seçki qabağı dövrdə xarici siyasətdə, əsasən, strateji müttəfiqlərinin rolunu artırır. Burada Türkiyə ilə yaxınlaşmanı da müşahidə edirik. Bunun fonunda Azərbaycan ilə də müəyyən dərəcədə normallaşma baş verir. Bu, ABŞ tərəfindən məcburi olan addımlardır. Bunu səmimi kimi qiymətləndirmirəm. Seçkidən sonra bu, daha yaxşı bəlli olacaqdır. ABŞ-ın uzunmüddətli strategiyaları bir seçki ilə dəyişə bilir, bunu biz Trump zamanında müşahidə elədik”.

BBC News Azərbaycancaya danışan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin siyasi şərhçisi Vasif Hüseynov bildirib ki, hazırda Bakı ilə Washington arasında münasibətlər qənaətbəxş səviyyədədir. Siyasi şərhçinin fikrincə, ABŞ-ın Bakı üçün həssas məsələlərə “məhəl qoymaması” münasibətlərin korlanmasına səbəb olur:

“Ölkəmizin 20 faiz torpağının uzun illər işğalda olması rəsmi Bakının xarici əlaqələrdə bu məqama çox həssaslıqla yanaşmasına səbəb olub. Azərbaycanın ərazi bütövlüyünə dəstək göstərilməsi və hansısa separatist qüvvələrə bu və ya digər yolla dəstək verilməməsi rəsmi Bakı üçün prinsipial məqamdır. 2023-cü ildə ABŞ-da bəzi siyasi dairələr tərəfindən ölkəmizə qarşı böhtan xarakterli bəyanatların səsləndirilməsi, separatizmə dəstək ifadə edilməsi və bədnam 907-cü düzəlişin yenidən qüvvəyə minməsi ikitərəfli əlaqələrdə gərginlik yaratdı.”
Sanksiya təhlükəsi aradan qalxdımı?
Azərbaycan-ABŞ münasibətləri çərçivəsində müzakirə edilən başqa bir mövzu isə ABŞ konqresində bu ilin aprel ayında Nümayəndələr Palatasının üzvü konqresmen Dina Titusun Azərbaycanın 44 yüksək rütbəli məmurlarına və hərbçilərinə qarşı sanksiyaların tətbiqini nəzərdə tutan “Azərbaycanda Sanksiyalar Baxış Aktı ” adlı sənədi konqresə təqdim etməsi olub.

Qanun layihəsi keçən ay təqdim edildikdən sonra Konqres Xarici Əlaqələr və Məhkəmə Komitələrinə göndərilib, lakin bu günə qədər heç bir əlavə tədbir görülməyib. Qanun layihəsi təsdiqlənərsə, Biden administrasiyası 180 gün ərzində siyahıda adları çəkilən şəxsləri araşdırmalı və onların Maqnitski sanksiyalarına məruz qalıb-qalmadığını müəyyən etməlidir.

Şərq-Qərb Araşdırmalar Mərkəzinin direktoru Ərəstun Oruclu BBC News Azərbaycancaya deyib ki, ABŞ konqresinin təqdim etdiyi bu siyahının sanksiyalar siyahısına çevriləcəyini söyləmək hələ tezdir. O, yaxın zamanda sanksiyaların olacağını düşünmədiyini deyir. Amma gələcəkdə ola bilmə ehtimalını istisna etmir.

“Bu, zamanın diktəsidir. Dünyada hal-hazırda çox sərt qütbləşmə gedir. Geosiyasi mübarizə və müxtəlif coğrafi bölgələrə təsir uğrunda mübarizə durmadan kəskinləşir. Bu mübarizədə iştirakçılar da olduqca çoxdur. Bu da Azərbaycanın seçim məsələsini mürəkkəbləşdirir. Artıq ABŞ-ın xarici siyasətində güzəşt xətti prioritet təşkil etmir. Uzun bəyanatlar vermək, təəssüfləndiyini bildirmək arxa plana keçib.”

Ərəstun Oruclu ABŞ-ın daha sərt addımlar atdığını bildirir.

“Gürcüstanda xarici təsirlər haqqında qanunun qəbulu ilə gördük ki, ABŞ ani reaksiya verdi və istisna olunmur ki, Azərbaycan ilə bağlı belə addımlar atsın. Ümumi insan haqları pozuntuları ilə bağlı, əlbəttə, müəyyən sanksiyaların olacağı istisna deyil, hətta realdır. Sadəcə zaman məsələsidir.”

Oruclu qeyd edir ki, ABŞ-in siyasətində praqmatik xətt hər zaman üstünlük təşkil edir və əsas diqqət əməkdaşlıq imkanlarına yönəldilir.

“Əməkdaşlıq imkanları tükənəndə sərt xətt işə düşür. O sərt xətt işə düşəndə mən istisna etmirəm ki, Azərbaycan rəsmilərinə qarşı sanksiyalar tədbiq olunacaq”.

Bakıda mənzillənən Topçubaşov Mərkəzinin siyasi şərhçisi, tarixçi Tural Həmid hesab edir ki, Azərbaycanla ABŞ arasında real normallaşma yoxdur.

“Sanksiyalar məsələsindən sonra iqtisadçı Qubad İbadoğlunun azadlığa buraxılması ilə çoxu düşünürdü ki, həbs olunan jurnalistlər məsələsində yumşalma olacaq. Daha sonrakı həbslər onu göstərdi ki, Azərbaycan bu məsələdə ABŞ ilə hər hansı bir alver eləmək niyyətində deyil”.

Tural Həmidin fikrincə, Azərbaycan Prezidentinin Rusiya ilə münasibətlərdə əməkdaşlığın bütün istiqamətlərdə inkişaf etdiyini və möhkəmlənəcəyini deməsi, eyni zamanda Rusiyanın “Mir” bank kartının Azərbaycanda da fəaliyyətə başlaması bank sistemində Azərbaycanın əvvəlki kimi ABŞ-ın Rusiyaya sanksiyalarını dəstəkləmədiyini göstərir.

Azərbaycanın ABŞ-dan gözləntiləri nədir?
Şücaət Əhmədzadəyə görə Azərbaycanın əsas gözləntisi ərazi bütövlüyünə açıq dəstək ifadə edilməsidir:

“Xüsusilə, Azərbaycan rəsmilərinin çıxışlarına nəzər yetirdikdə görürür ki, bu istiqamətdə Ukrayna, Moldova və Gürcüstanla müqayisələr aparılır və bildirilir ki, müəyyən dərəcədə oxşar, tam da oxşar olmasa da, əlbəttə ki, münaqişədən əziyyət çəkməsinə baxmayaraq Azərbaycanın ərazi bütövlüyünə edilən vurğu daha azdır.’’

Fərhad Məmmədvonun sözlərinə görə, Azərbaycanı ABŞ-la münasibətlərində narahat edən əsas məsələlərdən biri iki ölkə arasındakı münasibətlərə Azərbaycanın üçüncü ölkə ilə münasibəti kontekstində baxılmasıdır:

“Buna misal olaraq, Azərbaycan-Ermənistanın normallaşma prosesini, Azərbaycan-Rusiya münasibətlərini, ABŞ-ın Azərbaycanın İran ərazisindən keçən dəmir yolunu çəkməsinə qarşı çıxmasını göstərmək olar.”

Məmmədov bildirir ki, ABŞ ilə Azərbaycan arasında yaranan soyuq münasibətlərə baxmayaraq, strateji layihələrin fəaliyyəti hər zaman fasiləsiz olaraq davam edib.

Fərhad Məmmədov deyir ki, ABŞ-ın Azərbaycanın daxili işlərinə qarışması, USAID-in siyasi partiyalara yaxın qurumlara maliyyə ayırması, Anthony Blinken-in Qarabağ erməni separatçılarının azadlığa buraxılması ilə bağlı sözləri, dini azadlıqlar barədə hesabatlarda səhv məlumatların yer alması da iki ölkə arasında münasibətlərə mənfi təsir edir.

ABŞ Dövlət Departamentinin sözçüsü Matthew Miller bu ayın əvvəlində keçirdiyi mətbuat brifinqlərin birində deyib ki, Azərbaycanda vətəndaş cəmiyyəti üzvlərinin həbsindən çox narahatdırlar.

“Öz fundamental azadlıqlarından, o cümlədən ifadə azadlığından istifadə edənlər buna görə həbs olunmamalıdır. Biz Azərbaycan hökumətini haqsız yerə həbs edilmiş bütün şəxsləri dərhal azad etməyə və hamının insan hüquqlarına və əsas azadlıqlarına hörmət etməyə çağırmağa davam edirik.”- Miller qeyd edib.

Elə Blinken də İlham Əliyevə son zənglərində "haqsız yerə həbs olunanları" azad etməyə çağırıb.
Azərbaycan və ABŞ arasında münasibətlərin gərginləşməsinin səbəbləri
Rəsmi Washington-la Bakı arasında münasibətlər ötən il sentyabrın 19-da Azərbaycanın Qarabağda apardığı hərbi əməliyyatdan sonra gərginləşib.

2023-cü il noyabrında ABŞ dövlət katibinin müavini James O’Brien Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində "Dağlıq Qarabağın Gələcəyi" adlı dinləmədə bildirib ki, Azərbaycanla münasibətlər Bakı və Yerevan arasında sülh sazişi imzalanmayana qədər əvvəlki səviyyədə olmayacaq.

O'Brien ABŞ-ın Azərbaycanla yüksək səviyyəli ikitərəfli görüş və danışıqları ləğv etdiyini, ABŞ’da Azərbaycana birbaşa yardımları qadağan edən, "907-ci düzəliş" kimi tanınan qanunun tətbiqini dayandıran qərarın müddətini uzatmayacaqlarını söyləyib.

Bu bəyanatlara cavab olaraq, Bakı Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Washington-da noyabrın 20-nə planlaşdırılan görüşdə iştirak etməyəcəyini açıqladı. Həmin ərəfədə Azərbaycan Prezidenti İlham Əliyev ABŞ dövlət katibi Anthony Blinken ilə telefon danışığında O'Brien-ın bəyanatlarının ABŞ-Azərbaycan münasibətlərinə ciddi zərbə vurduğunu bildirdi.

Ötən il ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) direktoru Samanta Power-in hərbi əməliyyatdan sonra Qarabağı tərk edən on minlərlə erməniyə 4 milyon dollar yardım edəcəyi ilə bağlı bəyanatı da Azərbaycan rəsmiləri tərəfindən mənfi qarşılandı. Prezident köməkçisi Hikmət Hacıyev X hesabında yazdı ki, Samanta Power Birinci Qarabağ müharibəsi zamanı mülki azərbaycanlılara qarşı törətdilən cinayətlər qarşısında tamamilə susqun qalıb və bu məsələdə Ermənistanı qınamayıb.

Bundan sonra hakimiyyətyönümlü mediada ABŞ-ın Azərbaycandakı “Amerika guşələri”, USAİD kimi təsisatları barədə materiallar gedib, onlar ölkədə sabitliyi pozmağa cəhddə ittiham edilib.

İki ölkə bir-birinin rəsmilərinin qarşılıqlı səfərlərini qadağan edib.

Bu qadağanı James O’Brien-ın Azərbaycana gəlməsi və yüksək səviyyədə görüşlər keçirməsi aradan qaldırıb.

Həmin vaxt Azərbaycan Prezidentinin mətbuat xidməti bildirib ki, İlham Əliyev James O’Brien-ın Azərbaycana səfəri ilə “bir şərtlə razılaşıb ki, bu səfərdən sonra Azərbaycanın yüksək səviyyəli rəsmilərinin ABŞ-a səfərlərinə qoyulan əsassız qadağa aradan qaldırılsın”.

Bundan sonra tərəflər qarşılıqlı səfərlərin bərpasını ikitərəfli münasibətlərin inkişafı baxımından müsbət addım kimi qiymətləndirdiklərini bildirmişdilər.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.