RUSİYAYA TƏKLİF EDİLƏCƏK 4 VARİANT... - Trampın sülh planı Kremlə nə vəd edir?
28-06-2024, 11:39
ABŞ-nin eks-prezidenti Donald Trampın Ukraynadakı müharibəni dayandıracağına dair planı ilə bağlı müxtəlif fikirlər səslənir. Həmin plan Trampın təhlükəsizlik məsələləri üzrə müşavirləri Keyt Kelloq və Fred Fleyts tərəfindən hazırlanıb. Ancaq Tampın mətbuat katibi Stiven Çunq bildirib ki, yalnız eks-prezidentin özünün və ya onun seçki kampaniyasının səlahiyyətli üzvlərinin verdiyi bəyanatlar rəsmi hesab edilməlidir.
Ümumiyyətlə, çox böyük ehtimalla sözügedən plan heç də boş yerə elan olunmayıb. Bu, yəqin ki, özünəməxsus nəbz yoxlanmasıdır və hələlik yalnız mülahizə xarakteri daşıyır. Həmin planın müəlliflərinin sözlərinə görə, Donald Tramp prezident olacağı təqdirdə ABŞ tərəfindən Kiyevə və Moskvaya danışıqlar masası arxasında oturmaq təklif olunacaq.
Kelloq bildirib ki, əgər ukraynalılar danışıqlar masası arxasında əyləşməsələr, ABŞ tərəfindən onlara verilən dəstək kəsiləcək, öz növbəsində Vladimir Putinə deyiləcək ki, əgər siz danışıqlar masası arxasında oturmasanız, biz döyüş meydanında sizi öldürmək üçün ukraynalılara lazım olan hər şeyi verəcəyik. Maraqlıdır ki, əgər hər iki tərəf danışıqlardan imtina edərsə, onda necə olacaq?
Əlbəttə, Trampın hakimiyyətə gələcəyi təqdirdə hansı addımları atacağını söyləmək çətindir, çünki o, müharibəyə baxışını dəyişə də bilər. Amma bir məsələ var ki, Tramp müharibəni 24 saat ərzində durduracağını dəfələrlə bəyan edib. Gələcəkdə nələrin baş verəcəyini yalnız hipotetik versiyalar üzərindən analiz edə bilərik.
Ancaq masa arxasında tərəflərə konkret hansı təkliflərin olunacağı bəlli deyil. Belə görünür ki, həmin planın əsas məqsədi Ukrayna və Rusiyanı masa arxasında əyləşdirməkdir, sonrası isə Trampın hansı qərar verməsindən asılıdır.
Burada bir nüansa xüsusilə diqqət etmək lazımdır. Əgər Rusiya sülhü müzakirə etməyə razılıq verərsə, deməli, danışıqlar prosesində güzəştə getməyə da hazırdır. Danışıqlar gedən zaman Rusiya hücum əməliyyatını durdurmalı və Donald Trampı dinləməlidir. Kreml hələ masa arxasına keçməzdən öncə də anlayacaq ki, ona “sən indiyədək tutduğun ərazilərlə kifayətlən və bundan sonra dayan” deyilməyəcək. Çünki bəllidir ki, sülh danışıqlarının bu cür aparılması nonsensdir və sülhə yalnız qarşılıqlı kompromislə nail olmaq mümkündür. Görəsən, Tramp Putinə nə təklif edəcək?
Əsasən dörd variant üzərində dayanmaq olar.
Brincisi, Krım yarımadası Rusiyada qalmaq şərtilə Moskvaya tutduğu bütün ərazilərdən çəkilmək təkluf olunur.
İkincisi, Rusiyaya təklif olunur ki, 2022-ci ilin 24 fevral tarixindən əvvəlki sərhədlərə qayıtsın və müharibədən öncə zəbt etdiyi torpaqlar onda qalsın.
Üçüncüsü, Luqansk və Donetsk vilayətlərinin işğal olunmuş əraziləri Rusiyada qalır və onlar Zaporojye və Xerson vilayətlərinin zəbt edilmiş torpaqlarından çıxırlar.
Dördüncüsü, Rusiyadan Krım da daxil olmaqla bütün tutduqları ərazilərdən çıxmaq təklif olunur, bunun müqabilində isə Ukrayna NATO-ya girməyəcəyi ilə bağlı öhdəlik götürür.
Yuxarıda sadalanan bütün variantları bəndlərə bölmək olar və bu bəndlərdə Ukraynanın Şimali Atlantika hərbi alyansına girib-girməməsi məsələsi qeyd edilə bilər. Sözsüz ki, başqa variantlar da mümükündür və bu, yalnız danışıqların gedişi zamanı müəyyənləşməlidir.
Nəzəri baxımdan sözügedən hər dörd ssenari Vladimir Putinin siyasi məhvinə yol açmalıdır. Ancaq əgər Putin hətta Rusiya üçün ən pis variantla razılaşarsa belə, onun hakimiyyəti üçün təhlükə doğuracaq heç nə baş verməyə bilər. Çünki Rusiya cəmiyyəti çoxdan sındırılıb, elita isə korrupsiya girdabına batmış miskin adamlardan ibarətdir və bu səbəbdən də Putindən hesab tələb edən olmayacaq.
Müharibə başlamamışdan öncəki və sonrakı dövrlərə nəzər salıb Vladimir Putinin Ukraynadakı vəziyyətlə əlaqədar çıxışlarını xronoloji şəkildə gözdən keçirsək, bir-birini təkzib edən çoxsaylı fikirlərə rast gələrik. Ona görə də Putinin bu yaxınlarda səsləndirdiyi sülh təklifi elə bir ciddi əhəmiyyət daşımır. Rusiya həmişəki kimi vəziyyətə uyğun davranacaq.
Putinin sırtıq təbliğat komandası ən pis varinatı da Rusiyanın böyük qələbəsi kimi təqdim etməyə girişəcək. Deyiləcək ki, bilirsinizmi, əslində Putinin əzəldən planı da elə məhz bundan ibarətmiş, müharibəsiz isə bu, mümkün deyildi. O ki qaldı 500-600 min itirilimiş insan həyatına və “denasifikasiya”, ”demilitarizasiya” və sairə xoşagəlməz söhbətlərə, bunun da cavabı tapılacaq. Yalan maşını saz işləyəcək və söyləyəcəklər ki, qələbə qurbansız ötüşmür, ukraynalılar bizdən üç-dörd dəfə daha artıq itki veriblər. Çox şeyin üstündən isə sükutla keçməyə çalışacaqlar.
Real təhlükə ilə qarşılaşmayan Putin və ətrafının cəfəngiyyat dolu hədə-qorxusu təbliğat xarakteri daşıyır. Amma Tramp hakimiyyətə gəldiyi təqdirdə ona qarşı blefin işləyəcəyinə təminat yoxdur. Əslində, Co Bayden də Rusiyanın təhdidlərindən çəkinmir. Lakin onun Ukraynaya “çay qaşığı” ilə göstərdiyi yardımlardan fərqli olaraq Tramp daha sərt və həlledici tədbirlərə əl ataraq Ukraynaya böyük həcmdə silah yollaya bilər.
Bəs yuxarıda sadalanan sülh variantları Ukrayna üçün nə dərəcədə məqbuldur? Ukraynadakı siyasi-sosial quruluş Rusiyadan fərqlidir. Bu ölkədə cəmiyyət ictimi-siyasi proseslərə aktiv təsir göstərir və əhalinin qələbəyə ümid bəslədiyi bir vaxtda rəhbərliyin Rusiyaya hansısa güzəştə getməsi ciddi etirazlara səbəb ola bilər.
Trampın niyyəti bəllidir və konkretdir. Bayden isə deyir ki, bu müharibədə Ukrayna qalib gəlməlidir. Düzdür, Ukraynaya yardım məsələsində necə davrandıqlarını görürük, lakin bu taktika qəfildən dəyişə bilər. Unutmayaq ki, müharibə Ukrayna kimi Rusiyanı da bərk yorub. Deməli, Baydenin hələ də nə edəcəyi məlum deyil, yəni, hələ də ABŞ-nin konkret niyyətinin nədən ibarət olduğu nə Ukraynaya, nə də ki, Rusiyaya aydındır. Ona görə də Moskva vəziyyətə müvafiq plan qura bilmir.
Məsələn, Tehran konfransında Stalin müttəfiqlərin ikinci cəbhəni təxminən nə zaman açacaqlarını bildikdən sonra gələcək strategiyasını buna uyğun qurmuşdu. Əlbəttə, İosif Stalin ilə Vladimir Putini müqayisə etmək düz deyil və tarixi analogiya həmişə qüsurludur. Ancaq hər halda, tarixdəki hadisələrin oxşar cəhətlərinin olmasını da yaddan çıxarmayaq.
Vaqif Nəsibov
“AzPolitika.info”