Bakı Fransız Liseyi fəaliyyətinə son "verildi": Şagirdlərin aqibəti necə olacaq?

29-06-2024, 00:05           
Bakı Fransız Liseyi fəaliyyətinə son "verildi":
Bakı Fransız Liseyi fəaliyyətini tam dayandırıb. Bu barədə kompleksdə təhsil alan şagirdlərin valideynləri Bizimyol.info xəbər portalına məlumat verib. Onlar liseyin yeni tədris ilindən daha fəaliyyət göstərməyəcəyini bildirib. Şagirdlərin təhsilini necə davam etdirəcəyinə hələ aydınlıq gətirilməyib. Bakı şəhər Təhsil İdarəsindən dövlət məktəblərinə köçürülmənin mümkün olduğu deyilib.
Bakı Fransız Liseyinin bağlanması məsələsi hələ aprelin ortalarında mətbuata çıxmışdı. Valideynlərin hamısına bununla bağlı məktub göndərilmişdi. Onlar da narahatlığını ifadə etmişdi. Xüsusilə, yuxarı sinif şagirdlərinin valideynləri uşaqların sonrakı taleyi ilə bağlı narahat görünürdü. Çünki təhsil fransız dilində aparılır, sonradan məktəblilər üçün davam etmək asan olmayacaqdı.

Valideynlər bildirir ki, zamanla liseyin bağlanması ilə bağlı söz-söhbətlər olub. Amma rəhbərlik hər dəfə məsələnin həllini tapacağı barədə açıqlama verib. Yəni valideynləri arxayın ediblər ki, problem olmayacaq.

Hələ apreldə liseyin bağlanması səbəbi kimi maliyyə sıxıntısı göstərilmişdi. Lakin Azərbaycan və Fransa hökumətlərinin münasibətlərinin korlanmasının burada vacib rol oynadığını deyənlər çoxdur. İş orasındadır ki, lisey də məhz hökumətlərarası razılaşmanın nəticəsi kimi fəaliyyətə başlamışdı. Məktəbin təməli Fransanın keçmiş prezidenti Nikola Sarkozinin 2011-ci ildə Bakıya səfəri zamanı imzalanan sazişlə qoyulmuşdu. Açılış bir az yubanmışdı və yalnız 2014-cü ilin sentyabrında baş tutmuşdu.

Bakı Fransız Liseyində son vaxtlar təxminən 200 şagird təhsil alırmış. Hərçənd, müəssisə 320 məktəbli üçün nəzərdə tutulmuşdu. Qiymətlərin yüksək olması bu məsələdə özünü göstərirdi. Məsələn, ən yuxarı - 11-12-ci siniflərin şagirdləri üçün 22 min 990 manat təhsil haqqı ödənməli idi.

Bakı Fransız Liseyinin binası paytaxtın “Ağ şəhər” adlanan ərazisindəki Paris məhəlləsində inşa edilmişdi. Kompleksin ümumi sahəsi 14 min kvadratmetrə çatır.

Liseydə əsasən Azərbaycanda müvəqqəti və ya daimi məskunlaşmış fransızdilli əcnəbi vətəndaşlar oxuyurdu. Zamanla məktəbli sayında azərbaycanlıların payı da artmışdı. Məzunlar öz seçimlərinə uyğun olaraq təhsillərini Fransanın istənilən ali təhsil müəssisəsində davam etdirmək imkanı qazanırdı.

Bizimyol.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.