Bayden-Tramp debatı necə keçdi? – Təfərrüatlar
29-06-2024, 07:04
İyunun 28-nə keçən gecə Atlantada (Corciya ştatı) ABŞ-nin keçmiş və indiki prezidentləri Donald Tramp və Co Bayden arasında ölkə tarixində ilk seçkiqabağı televiziya debatı baş tutub.
Yeniavaz.com xəbər verir ki, debat iştirakçılarına əvvəlcədən yazılmış nitq mətnləri gətirmək qadağan edilib.
Debat zamanı yalnız çıxış edən namizədin mikrofonu açıq olub. Debatın moderatoru kimi CNN telekanalı çıxış edib.
Debat telekanalın studiyasında baş tutub. Debata tamaşaçılar və media nümayəndələri buraxılmayıb.
Studiyaya əvvəlcə Bayden, ardınca isə Tramp daxil olub. Onlar ABŞ-nin 46-cı və 45-ci prezidentləri kimi təqdim ediliblər. Onlar 2020-ci il prezidentlik yarışındakı teledebatda olduğu kimi, bir-birilərinin əlini sıxmayıblar.
Baydenin dedikləri…
Hazırkı Amerika lideri onun prezidentliyi dövründə heç bir hərbi qulluqçunun öldürülmədiyini bildirib.
“Mən yeganə prezidentəm ki, bu on ildə dünyanın heç bir yerində Amerika əsgəri öldürülməyib”.
Bayden iqlim dəyişikliyinə bəşəriyyət üçün yeganə ekzistensial təhlükə kimi baxdığını bildirib və Trampı bu məsələ ilə bağlı mövqeyinə görə tənqid edib.
“Onlar ətraf mühit üçün heç bir şey etmədilər. Onlar Paris iqlim sazişindən də çıxdılar”, – Bayden deyib.
O, həmçinin, eks-prezidentin “sahibsiz pişiyin əxlaqına sahib olduğunu” deyib və bununla da onun cinayət keçmişinə işarə edib.
Bayden Trampın ABŞ-nin NATO-dan çıxmasına çalışacağını bildirib.
“Bizim gücümüz bizim ittifaqlarımızdadır. Biz heç vaxt Avropada böyük müharibədən qaça bilməmişik”, – Bayden qeyd edib.
Bayden Rusiyaya bütün Ukraynanın lazım olduğunu və Putinin sovet imperiyasını bərpa etmək niyyətində olduğunu iddia edib. Eyni zamanda o, səhv edib və Rusiya liderinin “Kiyevi bərpa etmək” istədiyini bildirib.
Bayden Trampın Ukrayna ilə bağlı mövqeyinin dünyanı nüvə müharibəsinə apardığını bildirib. Amerika lideri iddia edib ki, Rusiya Ukraynadakı münaqişədən sonra Polşaya və başqa ölkələrə keçəcək.
Trampın dedikləri…
“ABŞ-də inflyasiya o qədər yüksəkdir ki, ölkəni məhvə aparır”, – Tramp deyib.
O, Baydeni prezidentliyi dövründə qeyri-qanuni miqrantlar üçün yeni iş yerləri yaratmaqda ittiham edib.
“Bu gün bizim sərhədimiz dünyanın hər yerində ən təhlükəli yerdir”, – Tramp bildirib.
Tramp həmçinin bildirib ki, onun rəqibi seçkidə ədalətli qələbə çalmaq iqtidarında deyil.
“Biz onun prezidentliyinə haqq qazandırmağa çalışırıq. Biz bu haqda mübahisə etməməliyik. Burada müzakirə ediləcək bir şey yoxdur”, – eks-prezident qeyd edib.
O, bir daha Baydenin nitqinə diqqət yetirib və cümləsini ardıcıl şəkildə tamamlaya bilmədiyini vurğulayıb.
“Düzünü desəm, onun (Baydenin) cümlənin sonunda nə dediyini bilmədim. Düşünürəm ki, o da nə dediyini bilmir”, – Tramp deyib.
Sabiq prezident ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasını ABŞ tarixində “ən biabırçı gün” adlandırıb.
ABŞ-nin keçmiş prezidenti Baydenin oğlu Hanterə qarşı cinayət işi məsələsini də qaldırıb.
O, NATO haqqında danışarkən deyib ki, Bayden Avropalı müttəfiqlərinə Kiyevə kömək üçün əlavə vəsait ayırmaq üçün təzyiq etməli idi. O, həmçinin Kiyevin Moskva ilə hərbi münaqişədə qalib gələ bilməyəcəyini bildirib.
“Onların insanları tükənir. Onların əsgərləri tükənir. O qədər insan itirdilər. Bütün bunlar isə onun axmaq qərarlarının ucbatındandır”, – Tramp əlavə edib.
Tramp Baydenin Çindən pul aldığını və Pekinə ABŞ iqtisadiyyatına böyük ziyan vurmasına icazə verdiyini iddia edib.
Debatdan sonra
Debat bitdikdən sonra Tramp sürətlə səhnəni tərk edib. Baydenin həyat yoldaşı Cill Bayden isə Co Baydenə səhnəni tərk etməyə kömək edib. Bu, medianın diqqətindən yayınmayıb.
Trampın qələbəsi…
Nəticələri CNN tərəfindən açıqlanan ekspress sorğuya görə, 67% Trampın debatda qalib gəldiyinə inanır, yalnız 33% isə ABŞ-nin hazırkı prezidenti Baydenin qalib gəldiyini bildirir. “Newsweek” jurnalı da Trampı qələbə ilə “mükafatlandırıb”. ABŞ-nin keçmiş rəhbərinin seçki qərargahı onun çıxışını tarixi qələbə adlandırıb.
Vitse-prezident Kamala Harris debatın nəticələrini şərh edərkən, Baydenin nitqinə zəif başlaması ilə razılaşıb. Lakin o, finişin güclü olduğunu əlavə edib.
CNN-in başqa bir sorğusuna görə, seçicilərin əksəriyyəti (81%) debatın onların namizəd seçiminə təsir etmədiyini bildirib.
Media nə deyir?
CNN xəbər verir ki, Baydenin teledebatda çıxışı Demokrat Partiyasının sıralarında panikaya səbəb olub.
“New York Post” da oxşar mövqedən çıxış edib. Nəşr yazıb ki, milyonlarla insan Baydenin karyerasının canlı olaraq “sonunun şahidi olub” və “onun yenidən seçilmək üçün namizədliyini irəli sürməsinə icazə vermək siyasi səhvdir”.
“The New York Times”ın köşə yazarı və iki dəfə “Pulitzer” mükafatı laureatı Nikolas Kristof bildirib ki, Bayden respublikaçıların qalib gəlməsini istəmirsə, prezidentlik yarışını tərk etməlidir.
“Politico” qəzeti isə demokratlara yaxın üç mənbəyə istinadən yazıb ki, Baydenin uğursuzluğundan sonra partiya seçkilərdə hazırkı prezidenti başqa namizədlə əvəz etmək imkanını aktiv şəkildə müzakirə etməyə başlayıb.