Genefondumuzu təhdid edən təhlükə: Uşaqlarda anadangəlmə qüsurların şok səbəbləri
29-06-2024, 17:13
Uşaqlarda anadangəlmə qüsurlar çoxalıb. Bunu Səhiyyə Nazirliyi Səhiyyə siyasəti şöbəsinin Ana və uşaqların sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova parlamentdə “Sağlam ailə modeli və nikah hüququ” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib. Bu, kifayət qədər ciddi bir məsələdir. Gələcəyimiz olan uşaqlar arasında anadangəlmə xəstəliklərin artmasına səbəb nədir?
Qohumluqdan gələn təhlükə
Yeni Klinikanın Neonatologiya şöbəsinin müdiri, həkim Əkbər Quliyevin sözlərinə görə, anadangəlmə qüsurların çoxalmasının əsas səbəbləri qohum evliliklərinin artmasıdır: “Qohum evliliklərində genetik xəstəliklər, anadangəlmə qüsurlar, anomaliyalar çox sıx görülür. Ona görə də, bəzi xəstəliklərin skrininq testləri var ki, onlar evlənməmişdən öncə verilməlidir. Əgər iki cütlüyün talassemiya daşıyıcılığı varsa, onların evlənməsi təhlükəlidir. Çünki anadangəlmə talassemiya xəstəsi övladları ola bilər”.
Ə.Quliyevin fikrincə, xəstəliklər erkən müəyyən olunduqda onların fəsadı daha az yaranır: “Hər bir xəstəliyin görülmə sıxlığı var. O, sindroma, qüsurun növünə görə dəyişir. Erkən müalicəyə başlanılmalıdır ki, əqli gerilik və sair müşahidə edildikdə bunu önləmək olsun. Məsələn, anadangəlmə hipoterioz xəstəliyi var ki, bu topuq testi ilə müəyyənləşə bilir. Erkən müalicə olduqda uşaq böyüdükdən sonra yalnız dərman qəbul etməklə normal həyat fəaliyyətinə davam edir. Vaxtında aşkarlanmaması isə uşağın zəka geriliyinə səbəb olur”.
Ehtiyatı əldən vermək olmaz
Həkim bildirdi ki, həm hamiləlik zamanı, həm də ondan sonra hər bir uşaq nəzarət altında olmalıdır: “Hamiləlik mütləq izlənilməlidir. Hamilə olan zaman da skrininq, metobolik testlər sayəsində erkən diaqnoz qoyula bilər. Uşaq dünyaya gəldikdən sonra da həkim nəzarətində olması vacibdir. Bunun üçün poliklinikalarda qeydiyyata düşə bilərlər”.
Sayda artım var, çünki artıq ölümlər azdır
Neonatoloq-pediatr Yalçın Mirzəyev isə düşünür ki, uşaqlarda anadangəlmə xəstəliklərin artım səbəbi tibbin inkişaf etməsi ilə bağlıdır: “Anadangəlmə qüsurların texnologiyaların inkişafı ilə daha tez aşkarlanması mümkündür. Diaqnoz daha tez qoyulur deyə, elə zənn edilir ki, xəstəliyin sayında artım var. Amma onu da nəzərə alaq ki, artıq bu xəstəliklərdən əziyyət çəkən uşaqlar həyatda qala bilirlər. Əvvəlki illərdə daha çox ölümlər olurdusa, indi müasir tibb ilə daha uzun müddət yaşayırlar. Ölüm sıxlığı azaldığı üçün onların sayı da artır”.
Y.Mirzəyev qeyd etdi ki, anadangəlmə qüsurlar müxtəlifdir. Onların həm əvvəldən aşkarlanması mümkün olan, həm də olmayan növləri mövcuddur: “Bu xəstəliklərin əksəriyyəti gözlə görə bildiyimiz somatik qüsurlarla özünü göstərir. Onların bir neçəsini hamiləlik zamanı müəyyən etmək olur. Amma elə xəstəliklər var ki, aşkarlanması mümkünsüzdür. Yalnız uşaq doğulduqdan sonra ortaya çıxan əlamətlərlə diaqnoz qoyulur. Bu xəstəliklərin yaranmasından yüz faiz sığortalanmaq mümkünsüzdür”.
Genetik müayinə sığorta ilə qarşılanmır
Pediatr Aytən İsmayılzadə isə digər amilləri sadaladı: “Qohum evliliyindən başqa da bu xəstəliklərə səbəb olan faktorlar mövcuddur. Əgər nəsildə hər hansı genetik xəstəlik varsa, bunun da körpəyə keçməsi ehtimalı var. Ölkəmizdə çox insan talassemiya xəstəliyinin daşıyıcısıdır. Amma daşıyıcı olmaq xəstəlik deyil. Lakin iki daşıyıcı evlənərsə, dörd uşaqdan birinin xəstə doğulmaq ehtimalı var. Amma genetik müayinədən keçmək sığorta ilə qarşılanmır. Çox yaxşı olardı ki, vətəndaşlara bu baxımdan güzəşt edilsin. Bu xəstəliklər artır. Çünki DNT məlumatlarımız ətraf mühitin çirklənməsindən, şüalara məruz qalmaqdan, qidalanmadan dəyişikliyə məruz qalıb, pozulub. O səbəbdən, hətta yeni mutasiyalar, yeni gen dislokasiyaları da görə bilərik”.
Sevmədiyimiz peyvənd həyatımızı xilas edir
Həkim bildirdi ki, nəzərə almadığımız xəstəliklər sonradan özünü uşaqlarda ağır hallarla göstərə bilir: “Qüsurlar adətən hamiləliyin ilk üç ayında yaranır. Bu dövrdə keçirilən infeksiyalar da problemlərə səbəb olur. Ana hamiləlik zamanı məxmərək, qızılca xəstəliyi, toksoplazma infeksiyasına yoluxarsa, bu zaman uşağın ürəyində, görməsində qüsurlar yarana bilər. Ona görə də, infeksiyalarla da vaxtında və düzgün şəkildə mübarizə aparmaq lazımdır. Peyvəndi hamiləlik zamanı vurdurmaq olmaz. Yəni hamiləlikdən öncə mütləq infeksiyalara qarşı peyvənd vurdurmalısınız. Uşağın sarılıq keçirməsi, doğuş zamanı xəsarət alması da qüsurlara gətirib çıxara bilər”.
Aludə olduqlarımızın gələcək övladlarımızın həyatındakı rolu
A.İsmayılzadənin sözlərinə görə, anadangəlmə qüsurların tam müalicəsi yoxdur, dərmanları isə həddən artıq bahadır: “Mikrosefaliya, ürəyin ağır qüsurları, anensefaliya, serebral iflic ağır xəstəliklərdəndir. Mikrosefaliyada beyin inkişafdan qaldığı üçün baş balaca olur. Uşaq əqli inkişafdan qalır, əlil arabasına möhtac olur. Bəzi xəstələrə, məsələn kistoz-fibroz xəstələrinə dərmanlar ömürlük verilməlidir. Hətta, onların dərmanları kəsildikdə dünyalarını dəyişə bilirlər. Bu xəstəliklərin həm müalicəsi, həm də müayinəsi çox bahadır. Məsələn, SMA xəstəliyinin iynəsi ağrıları və ölümü önləsə də, bir çox xəstələrin onu almağa imkanı çatmır. Bu xəstəliklərin tam müalicəsi yoxdur”.
Həkim tövsiyə etdi ki, gənclər özlərini mütləq şəkildə qorumalıdırlar ki, sonradan belə fəsadlarla üzləşməsinlər: “Dünyaya övlad gətirmək istəyən cütlüklər pis vərdişlərdən uzaq dursunlar, alkoqollu, spirtli içkilərdən, siqaretdən kənar gəzsinlər. Bu, xüsusən də xanımlara aiddir. Hamiləlik zamanı siqaret çəkmək dölə çox ciddi şəkildə təsir edir. Tiroid tərkibli dərmanlardan istifadə də ziyandır”. ("Kaspi" qəzeti)