Orta dəhliz ilə yük daşımaları artmaqda davam edir
9-07-2024, 16:34
İyulun 8-də Bakıda “Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Nümayiş Zonası - Azərbaycanda Logistika və Ticarətin Təşviqi” Konfransı işinə başlayıb.
Konfransda Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev bildirib ki, bu ilin yanvar-may aylarında Azərbaycan ilə Çin arasında tranzit yük daşımalarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 31,6 faiz artaraq 178 min tona çatıb.
Onun sözlərinə görə, bu ilin altı ayında Azərbaycanla Çin arasında dəmir yolu daşımaları 93 faiz artıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tranzit Yükdaşımaları üzrə Koordinasiya Şurasının Nəqliyyat siyasəti departamentinin rəhbəri Fariz Əliyev isə deyib ki, bu ilin əvvəlindən Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) ilə 87 blok qatar göndərilib.
Onun dediyinə görə, blok qatarlarının mənzil başına çatması müddəti 9-12 gün arasında dəyişib.
"Həmçinin iki ölkə arasında beynəlxalq avtomobil daşımaları üzrə də icazə blankları tətbiq olunub və bu istiqamətdə pilot layihə reallaşdırılıb. Ötən həftə bu layihə əsasında 26 avtomobil daşıması baş tutub", o bildirib.
Fariz Əliyev qeyd edib ki, bundan əlavə Azərbaycanla Çin arasında hava nəqliyyatı ilə də daşınmalar mövcuddur və bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi üçün planlar var.
Öz növbəsində Çinin Çindao Bələdiyyəsinin Ticarət Bürosunun Qərbi Asiya və Afrika ölkələri üzrə departamentinin direktoru Men Veyvey Azərbaycan şirkətlərini Çinin Çindao şəhərində nümayəndəlik açmağa dəvət edib.
O, Avropa ilə Asiyanı birləşdirən, inkişaf etmiş nəqliyyat infrastrukturuna malik Azərbaycanın İpək Yolunun da mühüm qovşağı olduğunu deyib.
"Biz Azərbaycanın logistik şirkətlərini Çindaoda nümayəndəlik açmağa və əməkdaşlıqlarını qlobal logistika, kadr hazırlığı və digər sahələrdə inkişaf etdirməyə dəvət edirik. Biz, həmçinin Çindaoda öz biznesini qurmaq istəyən Azərbaycandan olan gənc sahibkarları salamlayırıq və onlara kovorkinq (birgə iş konsepsiyası) və mədəni tədbirlər sahəsində maksimum dəstək verməyə hazırıq”, Veyvey qeyd edib.
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstandan keçərək daha sonra Türkiyə və Avropa ölkələrinə uzanır. Ötən il Orta Dəhliz üzrə yükdaşımaların həcmi 65 faiz və ya təxminən 3 milyon ton artıb. 2024-cü ildə bu marşrutla yükdaşımaların 4 milyon tonu keçəcəyi proqnozlaşdırılır.