Bu türk ölkəsi miqrantları geri çağırır: sıra Azərbaycanda? - Ölkəmizdə əmək bazarında təlatüm gözlənilir

Bu gün, 11:49           
Bu türk ölkəsi miqrantları geri çağırır: sıra Azərbaycanda? -
Qırğızıstandan olan əmək miqrantları ölkə daxilində işləmək üçün vətənlərinə qayıtmalıdırlar. Belə bir çağırışı ölkənin Dövlət Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Kamçıbek Taşiyev edib.

“Vətəndaşlarımız xarici ölkədə pul qazanmaq, miqrant olmaq üçün gedirlər. Onlar geri qayıtmalıdırlar. Prezident çıxışlarının birində demişdi ki, biz miqrantları qaytaracağıq. Vaxt yetişib. Miqrantlar tikintidə işləyə, xüsusi texnika işlədə, xalqa xidmət edə bilərlər”, - Taşiyev deyib. Onun sözlərinə görə, ölkədə kəskin işçi çatışmazlığı yaşanır. Təkcə Narın rayonunda 127 obyekt tikilir.

Qırğızıstan vətəndaşlarının işləmək üçün getdiyi əsas ölkə hələ də Rusiyadır. Müxtəlif hesablamalara görə, hazırda Rusiya Federasiyasında 300 mindən 600 minədək qırğız vətəndaş işləyir.

Xatırladaq ki, Qırğızıstan Əmək və Miqrasiya Nazirliyinin 2025-ci ilin fevralında yaydığı məlumata əsasən, ölkə üzrə 63305 vakansiya mövcuddur. Bununla yanaşı, 49800 nəfər rəsmi işsiz kimi qeydiyyata alınıb və 12246 nəfər aktiv şəkildə iş axtarır. Dövlət bu məqsədlə müxtəlif ixtisasartırma və peşə təlimləri təşkil edir. Kompüter savadlılığı, aşbazlıq, manikür, santexnika, mühasibatlıq, elektrik və qaynaq işləri üzrə kurslar fəaliyyət göstərir.

2020-2024-cü illərdə miqrantların geri dönüşündə artım müşahidə olunub. 2023-cü ildə vətənə dönənlərin sayı əvvəlki illə müqayisədə 85% artıb. Xüsusilə Oş, Çüy və Batken bölgələrində bu tendensiya daha qabarıq şəkildə nəzərə çarpır. Maraqlıdır ki, geri dönənlərin təkrar miqrasiya etmək niyyəti də əhəmiyyətli dərəcədə azalıb. Lakin eyni zamanda bəzi vətəndaşlar Rusiya əvəzinə yeni miqrasiya istiqamətləri axtarırlar. 2020-dən 2024-cü ilin aprel ayına qədər 128000-dən çox qırğız miqrant geri dönüb və onların 88%-i Rusiyadan qayıdanlardır. Bununla belə, onların əhəmiyyətli bir hissəsi Qərbi Avropa və Asiya ölkələrində yeni iş imkanları axtarmağa üstünlük verir. Ən çox üstünlük verilən ölkələr sırasında Böyük Britaniya, Almaniya, Polşa, Slovakiya, İtaliya, BƏƏ və Cənubi Koreya yer alır. 2024-cü ildə “Vətəndaşların Xaricdə İşlə Təminatı Mərkəzi” 20000-dən çox vətəndaşın digər ölkələrdə qanuni işlə təmin olunmasına yardım edib. Bu proses dövlətin miqrasiya siyasətində alternativ bazarlara yönəlmək strategiyasının tərkib hissəsi kimi dəyərləndirilir.

Bu arada Rusiya ilə Şimali Koreya arasında əmək miqrasiyası sahəsində formalaşan əməkdaşlıq beynəlxalq hüquq və insan hüquqları kontekstində ciddi narahatlıqlar doğurur. Belə ki, bu günlərdə BBC tərəfindən aparılan araşdırmada bildirilir ki, Rusiya ərazisində çalışan Şimali Koreyadan olan on minlərlə işçi “qul şəraitində” işlədilir-gündə 18 saat, həftənin yeddi günü, ciddi nəzarət altında və təhlükəli şəraitdə. New York Post tərəfindən dərc olunan məlumatda qeyd olunur ki, bu işçilər maaşlarının böyük hissəsini özləri deyil, birbaşa Pxenyana-Şimali Koreya hökumətinə ötürməyə məcbur edilirlər. Bu fakt bir tərəfdən Rusiya üçün əmək qüvvəsi çatışmazlığının qısamüddətli həllinə xidmət etsə də, digər tərəfdən, beynəlxalq əmək standartlarının pozulması və insan ləyaqətinin tapdanması kimi qiymətləndirilə bilər. Bu hal eyni zamanda Rusiyanın miqrasiya siyasətində şəffaflıq və hesabatlılıq problemlərini də üzə çıxarır.

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov hesab edir ki, miqrantların qayıdışı əmək bazarında gərginliyi bir qədər də artıra bilər. O, “Yeni Müsavat”a açıqlamasında bildirib ki, əgər Rusiyada miqrantlar üçün vəziyyət dözülməz həddə çatarsa və sıxışdırılma başlasa, onlar istənilən an vətənə dönmə hüququna malikdirlər:

“Nəzərə almaq lazımdır ki, Rusiyada yaşayan azərbaycanlılar arasında vətəndaşlıq almış şəxslər çoxdur. Onların vətəndaşlıqdan xaric edilməsi halında yenidən Azərbaycan vətəndaşlığını bərpa etmək üçün ən azı 1 il gözləməlidirlər. Çox çətin vəziyyət yaranıb. Hesab edirəm ki, məhz vətəndaşlıq məsələsi ilə bağlı əlavə tədbirlərin görülməsinə ehtiyac var. Miqrantların vəziyyəti isə bəllidir. Onlar işləmək üçün getdikləri üçün hər zaman geri qayıda bilərlər. Lakin qayıtdıqdan sonra işlə təminat məsələsi var. Bu isə hər zaman mümkün olmur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aktiv məşğulluq proqramları var. Lakin xüsusilə regionlarda işlə təminat məsələsində çətinliklər mövcuddur. Zərurət yaranarsa, dövlət hər zaman olduğu kimi, vətəndaşların qayğısına qalacaq”.

Xatırladaq ki, avqustun 11-də Rusiyanın Sverdlovsk vilayətindən 30-dan çox azərbaycanlı deportasiya olunub.

Rusiyanın Federal Məhkəmə İcraçıları Xidmətinin hesabatında həmçinin bildirilib ki, yanvar-iyul ayından vilayətdən təxminən 1000 qanunsuz miqrant çıxarılıb. Onların əksəriyyətini Mərkəzi Asiya ölkələrinin (Tacikistan, Özbəkistan, Qırğızıstan) vətəndaşları təşkil edir. Deportasiya edilənlərin siyahısında həmçinin 33 azərbaycanlı var.

Qurumun məlumatına görə, onlar Rusiyaya işləməyə gəliblər, lakin ölkə ərazisində qanuni əsaslar olmadan qalıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru