İnternetdə fantastik bahalaşma: Olmayan keyfiyyətə niyə qiymət “oxuyurlar?”

20-07-2024, 16:02           
İnternetdə fantastik bahalaşma:
Azərbaycanda internetin sürəti ilə yanaşı qiyməti də artacaq.

Belə ki, 15 avqust 2024-cü il tarixindən etibarən dəyişikliklər edəcək.

“Aztelekom” GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifləri üzrə təqdim olunan sürətləri 2.5 dəfə (40 Mbit/s internet sürətini 100 Mbit/s-yə, 60 Mbit/s internet sürətini 150 Mbit/s-yə və 100 Mbit/s sürətini isə 250 Mbit/s-yə qədər) artıracaq.

Yeni sürət tariflərində abunəçilər üçün minimal sürət 100 Mbit/s-dən başlayacaq və hər Mbit/s üçün ödəniş məbləği 0.45 AZN-dən 0.25 AZN-ə endiriləcək.

Abunəçilərə 100 Mbit/s internet üçün 25 AZN, 150 Mbit/s internet üçün 30 AZN, 250 Mbit/s internet üçün 36 AZN qiymət təklif ediləcək.

“Aztelekom” və “Bakı Telefon Rabitəsi” İnternetin qiyməti ilə bağlı məlumatlara aydınlıq gətirib.

Bildirilib ki, aparılan infrastruktur təkmilləşdirmələrinin məqsədi vətəndaşların yüksəksürətli internetə artan tələbatının qarşılanması və daha yüksəkkeyfiyyətli internet xidmətlərindən faydalanmasıdır:

“Qiymət siyasətimiz müştərilərimizə daha yüksək sürət və Mbit həcminə görə mümkün optimal qiymət təklif etmək şərti ilə bazar tələblərinə uyğun formalaşdırılır”.

Qeyd edək ki, yeni tariflə bağlı məlumat ictimaiyyət tərəfindən heç də birmənalı qarşılanmır. Vətəndaşlar ona lazım olan internet həcmindən artıq vəsait ödəmək istəmədiklərini bildirirlər.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, “Aztelekom”un açıqlamasına görə, “deyilənlər düzdür, amma dövlət provayderi də olsaq qiymətləri 40 % qaldıracağıq”:

“Gətirdikləri arqumentlər də məntiqsizdir və heç bir dataya söykənmir. “Aztelekom”un tarana getməsi ilk öncə onun göstəricisidir ki, hələlik ölkədə telekommunikasiya sektorunda müstəqil tənzimləyici qurum yoxdur.

Sektorda istehlakçıların hüququnu qorumalı olan da İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyidir. O da müstəqil deyil. “Aztelekom” da nə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyindən (İKTA) çəkinir, nə də İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən.

Antiinhisarla da məhz bu tip məsələlərlə bağlı məhkəmə çəkişməsindədir. Belə olan halda nə etməli? Düşünürəm ki, yenicə magistral (backbone) statusu qazanan “Aztelekom”-un hər bir müştəriyə minimal 100Mbit/s sürət təqdim etmək, keyfiyyətli servis qurmaq üçün heç bir texniki-texnoloji imkanı yoxdur.

İlk öncə gərək müvafiq qurumlar monitorinq aparıb “Aztelekom”un elan etdiyi parametrlərə uyğun texnoloji imkanlarının olmasını müəyyən etsin. Əminliklə deyirəm ki, “Aztelekom”da nəinki hər userə 100Mb/s, heç 40 Mb/s vermək üçün texniki-texnoloji imkanı yoxdur. Açıqlasın görək “Aztelekom” hazırda nə qədər trafik alır və nə qədər satır? Müştərilərin sayı və tələbatı nə qədərdir ? Dövlət qurumu üçün bu məlumatlar açıq olmalıdır. Lakin “Aztelekom” bunu qapalı saxlayır.

Çünki bilir ki, aldığı ilə satdığı arasında dağ boyda fərq var. “Aztelekom” güman ki, müqavilədə nəzərdə tutulanı deyil, aşağı sürətləri təqdim edəcək, sadə vətəndaşların bundan xəbəri olmayacaq, sadə vətəndaşlara qarşı sadəcə “çəkidə oğurlamaq” prinsipi tətbiq ediləcək. Bununla o uzağa gedə biləcəkmi? Bu da asılı olacaq İKTA və Antiinhisarın yanaşmasından, həmçinin ictimai nəzarətin gücündən”.

Məsələ ilə bağlı iqtisadçı-ekspert Razi Abbasbəyli “Cebhe.info”-ya bildirib ki, bu məsələ ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti var, məhz onlar məşğul olmalıdırlar:

“Onlar faktiki olaraq “Aztelekom”a heç nə deyə bilmirlər. “Aztelekom” dominantlıq və inhisarçılıq edir. Ölkənin bütün internet şəbəkəsinə nəzarət edir. Nəticə etibarilə də istədikləri qiyməti təklif edirlər. Mütəxəssislərin fikrincə də, “Aztelekom”un faktiki texniki imkanları 100 Mbit/s inernet qrafikini təmin etməyə yetmir.

Ən yaxşı halda 15-16 Mbit/s qədər internetlə təmin edə bilir. İnvestisiya yatırılmadan, istehlakçıya xidmət səviyyəsinin yüksəldilməsi şərti qoyulursa, öncə bunun üçün investisiya qoyulmalıdır. Xidmət səviyyəsini artırdıqdan sonra, “bu prosesi həyata keçirdik, indi bahalı xidmətə bahalı məhsul alın” deyə bilər. Həm də vətəndaşa seçim verməlidirlər. Ən aşağı səviyyə 25 manat deyil, 10-15 manat ola bilər.

Burada seçim, rəqabət imkanları, istehlakçıların seçmə sərbəstliyi olmalıdır. Hər kəs də öz büdcəsinə, iqtisadi qrafikinə uyğun, özünə lazım olan qədər internetə vəsait ödəməlidir. Ancaq çox təəssüf ki, bizdə minimum 25 manatdan başlayacaq.

Bu məsələ birbaşa dövlət qurumlarının məsuliyyətində olan bir məsələdir. Müvafiq qurumlar bununla bağlı açıqlama verməlidirlər. Bir məqam da ondan ibarətdir ki, digər provayderlər də məcburi qaydada hegemonluq edən “Aztelekom”la ayaqlaşmaq məcburiyyətində qalacaqlar. Çünki onlara da elə şərtlər qoyulub. Yəni “Aztelekom” onu bahalaşdırdıqdan sonra müstəqil , özəl provayderlər də məcburən qiyməti qaldırmalı olacaqlar. Nəticədə bahalaşma daha çox olacaq”.

Ekspertin sözlərinə görə, keyfiyyətin artırılması istehlakçının boynuna minnət kimi qoyulmamalıdır:

“Siz keyfiyyəti artırın. İstehlakçı özünə lazım olan qədər internet alsın. Böyük şirkətlər, banklar, təhsil, səhiyyə müəssisələri var ki, orada yüksək sürətli internetə ehtiyac var. Ancaq hər hansı fərdi mənzil, yaxud bir vətəndaş üçün bu qədər yüksək internetə də ehtiyac yoxdur.

Daha keyfiyyətli almaq istəyən çox vəsait ödəsin. Aşağı kateqoriyalarda seçim olmalıdır. Seçim olmadığına görə bu, birbaşa istehlakçı hüquqlarının, bazarda rəqabət prinsiplərinin pozulmasıdır. Seçimlər hər zaman Avropa ölkələrində, eyni zamanda təklif olunan bütün xidmətlər, nəinki internet, ictimai nəqliyyat kompleks şəkildə istehlakçıların hüquqları, beynəlxlaq konvensiyalarla qorunan hüquqların təsbitidir.

Burada mütləq istehlakçının hüquqlarına hörmət olunmalıdır və seçim imkanları verilməlidir. Məsələn, Estoniyada həmin provayderdən 1-2 saatlıq, yaxud 2 günlük internet əldə edə bilərlər. Əgər vətəndaş 1 ay evdə olmayacaq, tətilə gedəcəksə, cəmi 2 gün evdə olarsa, 2 dollarlıq internet qrafiki əldə edir. Qalan ay üçün məcburi ödəniş etmir.

Ancaq bizdə mənzildə vətəndaş yaşamır, 30 gün üçün 25 manat ödəyir. Yəni 2 gün evdə olursa, məcburən 28 günün də pulunu ödəməli olur. Burada da hüquqlar pozulur. Yaxud mənzili kirayə verir, ev 2 ay boş qalırsa, məcburən internet pulunu ödəməlidir. Həmin pulu ödəmədikdə borc yığılır.

Ona görə də “istifadə etdin-etmədin ödəməlisən!” anlayışı normal inkişaf etmiş ölkələrdə yoxdur. Bu, beynəlxalq konvesensiyalarla təsbit olunmuş insan hüquq və azadlıqlarına şamil edilən Haaqa Konvensiyasının maddələrində əksini tapıb.

Burada bazar münabətlərində vətəndaşların hüquqları qorunur. Azərbaycan da həmin Konvensiyaya qoşulub və Milli Məclisdə həmin konvensiyalar ratifikasiya edilib. Ona baxmayaraq burada həmin qaydalar pozulur”.
azinforum.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.