Qızıl gözləyirdik, amma son illərin ən uğursuz nəticəsini əldə etmişik
24-07-2024, 15:34
Dünyanın ən nüfuzlu beynəlxalq riyaziyyat olimpiadasının növbəti mərhələsi başa çatıb.
65-ci Beynəlxalq Riyaziyyat Olimpiadasının (İMO) bağlanış mərasimi 21 iyul tarixdə Böyük Britaniyanın Bat şəhərində (University of Bath) baş tutub.
Bu gün artıq nəticələr açıqlanıb .
Təəssüflə qeyd edirəm ki, bu, bizim üçün son 30 ilin ən uğursuz nəticəsi olub. Məktəblilərimiz yalnız 1 bürünc və 5 həvəsləndirici mükafat qazanıblar.
140-dan çox ölkə üzrə 75-ci yeri qazanmışıq.
Ötən ilki nəticə daha uğurlu olmuşdu : 54-cü yer, 1 gümüş, 1 bürünc medal və 4 həvəsləndirici mükafat .
2022-ci ildə isə, 34-cü yer, 1 gümüş, 4 bürünc medalı qazanmışdıq
Bu il isə komanda hesabında 21 pillə geriləmişik, 75-ci yeri qazanmışıq.
Yeri gəlmişkən, Türkiyə bu olimpiadada çox uğurlu nəticə qazanıb : 2 qızıl, 2 gümüş , 2 bürünc, 9-cu yer (Komanda rəhbəri Azər Kərimov).
Gürcüstan: 1 qızıl, 3 bürünc, 45-ci yer.
Ermənistan : 5 bürünc, 38-ci yer.
Özbəkistan : 2 gümüş, 3 bürünc, 43-cü yer
Qazaxıstan: 3 gümüş, 2 bürünc, 25-ci yer
Qırğızıstan: 1 qızıl, 3 gümüş, 29-cu yer
Belarus : 4 qızıl, 2 bürünc, 5-ci yer
Bir daha qeyd edirəm ki bu ilki nəticələr çox məyusedicidir və çox düşündürücüdür.
Ümid edirəm ETN, Olimpiada Mərkəzinin rəhbəri Fuad Qarayev də fərqindədir.
Düşünürəm ki, ETN, Olimpiadaya hazırlıq Mərkəzi olimpiadaya hazırlıq vəziyyətini tam yenidən qurmalıdır. Baş verənlər ciddi araşdırılmalıdır. Necə ola bilər axı, Respublika olimpiadasında qızıl medal alanlar burada bürünc əldə edə bilmirlər. Demək hazırlıq prosesinin özünü yenidən qurmaq lazımdır
Yeganə bürünc medal qazanan məktəblimizi- Sevinc Mahmudovanı (bilmədim hansı məktəbdir), valideynlərini, müəllimlərini və məktəb rəhbərliyini, olimpiada komandasını, repetitorlarını təbrik edirəm.
Sponsorlara da təşəkkürlər .
Həvəsləndirici mükafat alan məktəblilərimzi də təbrik edirəm.
Xatırladıram ki, bu nüfuzlu olimpiadada gümüş və bürünc medallar qazanmaq da çox yüksək nəticə, hətta həvəsləndirici yerləri tutmaq belə uğur hesab olunur.
P.S. Azərbaycan 30 ildən çoxdur ki, bu nüfuzlu beynəlxalq yarışmada iştirak etməsinə baxmayaraq qızıl medal qazana bilməyib. Yalnız 10 gümüş və 45 bürünc medal qazanılıb
Osman Gunduz
TEREF