İnternetin diktə olunan qiyməti - Hamı üçün minimal sürətin tətbiqi absurd deyilmi?
24-07-2024, 16:56
Gələn aydan etibarən ölkəmizdə internetin qiyməti bahalaşır. Belə ki, yeni qərara əsasən 15 avqust 2024-cü il tarixindən etibarən qüvvəyə minəcək bu qərara əsasən "Aztelekom" GPON (Gigabit Passive Optical Network - Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifləri üzrə təqdim olunan sürətləri 2.5 dəfə (40 Mbit/s internet sürətini 100 Mbit/s-yə, 60 Mbit/s internet sürətini 150 Mbit/s-yə və 100 Mbit/s sürətini isə 250 Mbit/s-yə qədər) artıracaq.
Yeni sürət tariflərində abunəçilər üçün minimal sürət 100 Mbit/s-dən başlayacaq. Belə ki, abunəçilərə 100 Mbit/s internet üçün 25 AZN, 150 Mbit/s internet üçün 30 AZN, 250 Mbit/s internet üçün 36 AZN qiymət təklif ediləcək.
Yaşadığı mənzildə hər ay internetə 19 manat pul ödəyən paytaxt sakini Tahir Tağıyev bunun qarşılığında 30 Mbit/s internet aldığını söyləyir. Həmsöhbətimiz ev telefonu ilə birgə internet üçün ayda 19 manat 35 qəpik pul ödədiyini bildirir. O, internetin qiyməti artarsa hər ay altı manat artıq vəsait ödəməli olacağını narazı şəkildə bildirib.
Provayderlər isə internetn qiymətinin artacağı ilə bağlı hələki onlara rəsmi tapşırıq verilmədiyini söyləyiblər.
"Azeurotel"dən Sputnik Azərbaycan-a bildirilib ki, internet tariflərinin artırılacağı barədə onlarda bir məlumat yoxdur.
"Hər gün abunəçilər zəng edib soruşur, amma bizdə belə bir məlumat yoxdur. Adətən qiymət artımı yeni abunəçilərə şamil olunur. Bu dəfə belə olub-olmayacağını bilmirik. Hələ ki, 30 Mbit/s interneti 19 manata satırıq. Qiymətin artması barədə rəsmi məlumat verilmədiyindən, abunəçilərimizə də heç bir bildiriş göndərməmişik", - deyə "Azeurotel"dən bildirilib.
Əlaqə saxladığımız digər provayderlər də qiymət artımının baş verəcəyi barədə rəsmi məktub daxil olmadığını bildirdilər.
İnternetin qiymətinin birdən-birə 40 faiz bahalaşması cəmiyyət tərəfindən də birmənalı qarşılanmır. Abunəçilər dövlət provayderlərinin vaxtaşırı internetin qiymətini müxtəlif yollarla bahalaşdırdığından şikayətlənirlər.
Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz də hamı üçün minimal sürətin 100 Mbit/s etməyin doğru olmadığı qənaətindədir. Ekspert bildirir ki, sürəti qaldırmağı əsas gətirməklə qiyməti də bahalaşdırmaq düzgün siyasət deyil. Bu rayon və kənd yerlərində insanların internetə əlçatanlığını aşağı sala bilər.
"Kənd yerlərində yaşayan sadə vətəndaşın 100 Mbit/s internetə ehtiyacı yoxdur. Onlar üçün aşağı sürət də qaneedicidir. Ammma dövlət provayderləri onları da sahibkarlarla bir tutaraq internet tariflərini bahalaşdırır. Görünür, provayderlər, o cümlədən dövlət provayderləri də bir anda varlanmaq xətti götürüblər. Bunun başqa izahı yoxdur", - deyə Osman Gündüz bildirib.
Təqadçü Təzəgül Məmmədova da hər ay internetə 25 manat ödəməyin onun büdcəsinə uyğun olmayacağını söyləyir. Bildirir ki, internetin qiymətinin demək olar ki, hər il bahalaşması təqaüdçülərin, aztəminatlı ailələrin internetə əlçatanlığını aşağı salır.
"İnternetin qiymətini hər il artırırlar. İki-üç il əvvəl 10 manat ödəyirdiksə indi 19 manat ödəyirik. Belə davam etsə ərizə yazıb internetdən imtina etməli olacağıq. Nə pensiya alırıq ki, onun da 25 manatını internetə ödəyək?", - deyə təqaüdçü narazılığını ifadə edib.
İqtisadçı Natiq Cəfərli isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanda internet qiymətlərinin artmasının səbəbi ölkəyə daxil olan internet xidmətinin bir mərkəzdən idarə olunması və bütün provayderlərə bir mərkəzdən paylanmasıdır.
"İnternetin qiymət artımını əsaslandıracaq ciddi səbəb yoxdur. Ölkəmizdə provayderlərin sayı çox olsa da, hamısı bir mərkəzdən interneti aldıqlarından bu sferada rəqabət mühiti yaranmır. İlk mənbədə qiymət artan kimi provayderlər də qiyməti artırır. Ona görə də bazara nəzarət edən dövlət şirkətinin qiymətini əsassız artırmasının inhisar meyilləri araşdırılmalıdır", - deyə Natiq Cəfərli bildirib.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə deyir ki, əsassız qiymət artımına səbəb ölkəmizdə istehlakçıları hüquqlarını qoruyan qanunun istehlakçı siyasətinin zəif olmasıdır. O, bildirir ki, istehlakçı hüququnu qoruyan qanun illərdir dəyişmir. Qanun istehlakçı hüququnu qorumadığından, qiymətlər də diktə olunur.
"Hər bir vətəndaşın o sürətdə internetə ehtiyacı yoxdur. İstehlakçıya seçim hüququ verilməlidir. İnternetin sürətini artıraraq qiyməti diktə etmək istehlakçı hüququnu kobud şəkildə pozmaqdır. İstehlakçıların beynəlxalq və yerli hüquqlarından biri onun seçim hüququdur. Amma Baktelekom minimal sürətin 100 Mbit/s etməklə hamıya bu qiyməti diktə edir. Bu açıq şəkildə istehlakçıya qiymət diktə etməkdir. İstehlakçıya daha yüksək sürət də təqdim edilməlidir, aşağı sürət də. İstehlakçı qiymətə uyğun olaraq seçimi özü etməlidir", - deyə Eyyub Hüseynov söyləyib.