Yanğınsöndürənlər də acizdir: ekspert elektromobillərdə yanğın təhlükəsindən danışıb
11-08-2024, 17:08
Elektromobillərin yanğın zamanı söndürülməsi üçün müəyyən vasitələrin olmaması belə avtomobillərdə yanğınların baş verməsini son dərəcə təhlükəli edir.
Avtomobillər üçün nəzərdə tutulmuş heç bir yanğınsöndürmə vasitəsi elektrik avtomobillərindəki yanğınları söndürə bilməz. Bunu Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin sabiq rəis müavini, yanğın təhlükəsizliyi üzrə ekspert, polkovnik Rza Xudiyev Sputnik Azərbaycan multimedia mətbuat mərkəzində deyib.
Qeyd edək ki, Azərbaycan ətraf mühitin mühafizəsi üzrə qlobal gündəm fonunda elektrik avtomobillərini fəal şəkildə satın alır. Qlobal avtomobil sənayesi daxili yanma mühərrikli avtomobillərin istehsalından elektrik mühərriklərinə keçməyə çalışır. Elektromobillərdə litium-ion akkumulyatorlardan istifadə olunur. Ekspert vurğulayıb ki, belə akkumulyatorlar son dərəcə təhlükəlidir.
Məsələ ondadır ki, əsasən elektrik avtomobillərində və elektrik avtobuslarında akkumulyatorlar xarici hissədə - avtomobilin alt hissəsində yerləşir. Belə akkumulyatorlar üçün yeganə qorunma avtomobilin xarici örtüyüdür. Bu nəqliyyat vasitələrinin hərəkəti zamanı onun alovlanması üçün akkumulyatoru zədələmək kifayətdir ki, bu da Xudiyevin özünün apardığı başqa təcrübə zamanı sübuta yetirilib.
Bu zaman tamamilə boş akkumulyator qəsdən sındırılır və daha sonra tüstü çıxmağa başlayır. Akkumulyatorun həddindən artıq doldurulması, qızması və qısaqapanması nəticəsində də avtomobil alovlana bilər.
"Litium-ion akkumulyatorları təhlükəlidir, çünki hər hansı bir şəkildə zədələnərsə onlar öz-özünə qızmağa və alışmağa başlayır. Nəticədə avtomobildə çox yüksək temperatur yaranır. Qısa müddət ərzində nəqliyyat vasitəsi demək olar ki, tamamilə yanır. Avtobusda və ya avtomobildə mövcud olan hər hansı bir vasitə - yanğınsöndürənlər belə bu gün bu akkumulyatorları söndürməyə qadir deyil", - ekspert bildirib.
Belə yanğınsöndürmə vasitələri nəinki Azərbaycanda, hətta dünyada yoxdur. Bu gün alimlər belə yanğınların söndürülməsi üçün effektiv vasitənin yaradılması üzərində işləyirlər.
Ekspert deyir ki, onlara qısa müddət ərzində yanğını söndürə biləcək maddə yaratmaq tapşırılıb.
Xudiyev elektrik avtomobilində alışma baş verdiyi təqdirdə sərnişinlərə dərhal salonu tərk etməyi və avtomobildən təhlükəsiz məsafəyə uzaqlaşmağı tövsiyə edib.