Durovun saxlanılması, və ya dünyanın “dəliləşən” media siyasəti.

26-08-2024, 11:34           
Durovun saxlanılması, və ya dünyanın “dəliləşən” media siyasəti.
Dünyada böyük korporasiyaların, maraq qruplarının, dar çərçivədə birləşən güclü, amma dəlisov “ideya” daşıyıcılarının nəzarətində olan ənənəvi media sosial şəbəkələrə uduzur. Söz və fikir azadlığı artıq boş sözlərə çevrilib, müxtəlif yanaşmalarla, “politkorrekt”-lik adı ilə azad düşüncə boğulur. “Mainstream” media son illər mövzuları qadağan edir, kimsə “LGBT”, gender, iqlim dəyişikliyi və s. həssas mövzularda etika çərçivəsində, heç kimi aşağılamadan belə fikir söyləyirsə, “mainstream” media həmin şəxsləri bloklayır, qaralayır, danışmağa imkan vermir. Bu yanaşmanın pik nöqtəsi 2020-ci ildə “pandemiya” ilə bağlı oldu – dünyanın hər yerində bu məsələyə fərqli fikir bildirənlər, hətta alimlər, böyük mütəfəkkirlər belə “gözümçıxdıya” salındı, bloklandı, “komploçu” adı ilə damğalandı. “Pandemiya”-nın ağılsız və məntqisiz idarə edilməsinin dünyada iqtisadi böhranlara, müharibələrə, qan-qadaya səbəb olacağını söyləyənlərin hər yerdə ağızları yumuldu və ən pisi odur ki, bu kampaniyaya sosial media da qoşuldu – və ya, böyük güclər onları bu kampaniyaya qoşulmağa məcbir etdilər.
Dünyanın bu ağılsız gedişatını görüb buna etiraz etmək istəyənlər, təbii ki, tapıldı, məsələn, Elon Musk “Twitter”-i alanda müqaviməti, dünyanın onun üzərinə getdiyi gördük, hətta dar, amma güclü, varlı çevrə öz şirkətlətinin reklamını bu şəbəkədə saxladılar, “Twitter”-in pul qazanmasına mane oldular. Musk sosial şəbəkənin adını dəyişib “X” platforması qoydu, bütün müqavimətləri qırmağa çalışdı – yəni, söz azadlığı uğrunda dünya elitasının böyük bir “dəli” hissəsinin müqavimətinə baxmayaraq mücadilə edib, hələlik bu sosial şəbəkəni qoruya bildi. Amma, məsələn, Zuckerberg təzyiqlərə dözmədi, öz sosial mediasını tamamən “qlobalistlərin” nəzarətinə verdi.
“Telegram”-ın qurucusu və sahibi Durov dünən Fransada saxlanılıb, avtoritar ölkələrdə insanı susdurmaq üçün cibinə narkotik atırdılar, Fransa isə daha irəli gedib, onu həm də narkotrafiqdə günahlandırır. Eyni yanaşmadır, mən bilmirən Durov nə edib, saxlanılmasının əsil səbəbi nədir – bir onu bilirəm ki, dünyanın “dəlililəşmiş” siyasi elitası söz və ifadə azadlığından qorxur, sosial şəbəkələri tam nəzarətə ala bilmədiyindən narahatdır.
Bu kontekstdə bir neçə kəlmə də Azərbaycan haqqında demək istəyirəm: Azərbaycan hökumətinin media siyasəti fraqmentaldır, içi boş, özü isə səhvlərlə doludur. Mehdiyev-Həsənov dönəmində daxildə “böyük ekranı” tamamən “balaca ekrana” uduzdular, insanlar TV-dən telefona “köçdülər”. Daxildəki ciddi nəzarət xaricdən yayımlanan internet TV kanalları populyarlaşdırdı – bilmirəm, bəlkə istəkləri, məqsədləri “söyüş” kanalları yaradaraq insanları siyasətdən iyrəndirmək, lazım olanda da həmin “söyüş” kanallarına “5-10” manat ötürməklə daxildəki rəqiblərini söydürmək idi...
“Mehriyev-Həsənov” cütlüyü getdi, media sahəsinə nəzarət edən yeni insanlar əvvəl doğru yanaşdılar, yerli, Azərbaycandan yayımlanan internet TV kanallara müəyyən müstəqillik verdilər. Həmən də pozitiv nəticə oldu – qısa zamanda “Reaksiya TV”, Yeni Müsavat qəzetinə məxsus “Müsavat TV”, “Laf TV”, “Prime TV” və s. kimi peşəkar insanlar tərəfindən idarə edilən, gözəl aparıcıları olan İnternet Tv-lər yarandı və böyük populyarlıq qazandılar. Nəticədə Azərbaycan tamaşaçısı “söyüş kanalllarından” aralanıb ölkədə yayımlanan TV kanallara yönəldilər. Bəyəm bu pis idi?! Bəs indi niyə Parlament seçkisi kimi böyük siyasi tədbir zamanı o TV-lərə seçki sürəcinə aktiv qoşulmağa imkan vermirlər?! Nədən senzura dozunu atrırırlar?! Bəyəm bilmirlərmi ki, yerli TV kanalların bir neçə il ağır əməklə yığdıqları auditoriya yenə “söyüş kanallarına” qaçacaq?! Çünki, İNSAN fərqli fikir eşitmək, fərqli mövqelər görmək istəyir. Siz burada bağladığınız fürsətlərdən ancaq xaricdən yayımlanan “söyüş kanalları” yararlanacaq – bunu görmək o qədər də çətin deyil axı?! Yaxşı, nədən belə qərar veriblər – bax bunun məntqini anlamaq çox çətindir. Ümumiyyətlə, son aylar məmləkətdə alınan qərarlarda məntiq tapmaq getdikcə daha da çətinləşir...
Natig Jafarli
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.