“İndi 500 bal toplayanlar heç 100 balı keçə bilməyəcək” - Ekspert danışır...

27-08-2024, 00:09           
“İndi 500 bal toplayanlar heç 100 balı keçə bilməyəcək” -
“Ali təhsil müəssisələrinin qəbul planı 95.27 % dolub”.

Bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransı zamanı deyib. O xatırladıb ki, Dövlət İmtahan Mərkəzi avqustun 22-də 2024/2025-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib:

“Müsabiqənin nəticələrinə əsasən 55656 nəfəri (o cümlədən 7287 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 27117 (o cümlədən 1579 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 28539 (o cümlədən 5708 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Ali təhsil müəssisələrinin qəbul planı 95.27% dolub”.

O deyib ki, qeyd olunan rəqəmləri ötən ilin müvafiq məlumatları (I mərhələdən sonra qəbulun nəticələri) ilə müqayisə etsək, bu il tələbə adını qazananların sayının daha da artmasını müşahidə edə bilərik:

“Ötən ilə nisbətən bu il tələbə olanların sayı 3715 nəfər daha çoxdur.

Bu il həmçinin dövlət sifarişi əsasında qəbul olunanların sayı da ötənilki göstəricidən 2523 nəfər çoxdur. Ümumiyyətlə son illər qəbul planında dövlət sifarişli yerlərin sayının artırılması nəticəsində ödənişsiz oxumaq imkanı əldə edən tələbələrin sayı çoxalmaqda davam edir”.

Beləliklə, bu il 55 min nəfərdən artıq abituriyent ali məktəbə qəbul olub və ümumilikdə qəbul sayında artım var. Qeyd edək ki, həm buraxılış imtahanı, həm II cəhd imtahanında iştirak zamanı yüksək nəticə əldə etmək üçün şagirdlərin əksəriyyəti repetitor yanına gedir. Məhz bu baxımdan da son illər “məktəbin deyil, repetitorun uğuru” ifadəsi meydana çıxıb.

Keçid ballarının daha da yüksəlməsi abituriyentlərin repetitordan asılı vəziyyətə düşməsinə şərait yaratmırmı?

Təhsil üzrə ekspert Rizvan Fikrətoğlu “Cebheinfo.az”-a bildirib ki, məktəblə repetitorun fərqi var, yəni məktəbin missiyası ali məktəbə uşaq hazırlamaq deyil:

“Uşağa təlim tədrisdən başlayır. Repetitor şagirdləri sırf testə fokuslayır. Bu, elə bir yaddaşdır ki, qısa bir müddətdə unudulur. Bu gün 500 bal toplayan bir abituriyent 4 il sonra həmin testdən 100 balı keçə bilməyəcək.

Çünki bu, müvəqqəti, əzbərçi yaddaşdır. Ancaq məktəb şagirdə vətənpərvərliyi, dünyagörüşü, ictimai davranışı öyrədir. Bu gün repetitorluq institut kimi formalaşıb, geniş yayılıb.

Hazırda Elm və Təhsil Nazirliyi nə qədər inkar etsə də, repetitorların nəticəsi göz qabağındadır. Ancaq mən düşünürəm ki, şagird müəyyən bazanı məktəbdə toplayır, repetitor onu tamamalayır. Bu gün “məktəb heç nədir”, “məktəb lazım deyil” fikri ilə də çıxış edə bilmərik. Təhsildə inqilablar baş verir. Nazirliyin tərkibində agentliklər yaranıb, regional təhsil idarələri var, nəzarət xüsusiləşib”.

Ekspert hesab edir ki, yaxın gələcəkdə repetirorluq ləğv olunmayacaq:

“Bizim təhsil sistemi repetitorlara borcludur. Ancaq qəbul da buna şərait yaradır. Müəyyən qədər açıq testlərin olması, test üsulunun qismən azaldılması ola bilsin ki, gələcəkdə repetitorluğu müəyyən qədər azaltsın. Lakin repetitorluğa da düşmən kimi baxmamalıyıq. Çünki o da şagirdin yüksək nəticə almasını istəyir.

Repetitorun öyrətdiyi aldadıcı, müvəqqəti yaddaşdır. Ancaq Dövlət İmtahan Mərkəzi abituriyentdən bunu istəyir. Sabah DİM abituriyentdən öz dünyagörüşünü ortaya qoymasını istəsə, repetitorluğu ləğv etmək olar.

Ancaq bu da alınmır. Çünki rüşvət, korrupsiyaya yol aça bilər. Bu gün hər şeyi repetitor etdiyini demək də, onların haqqını itirmək də düzgün deyil. Repetitor sanki əlavə bir dərs vəsaitidir”.

Ekspertin sözlərinə görə, ali məktəbə qəbulun nəticəsində repetitorların əməyi böyükdür: “Repetitorsuz ali məktəbə qəbul çox az hallarda mümkündür. Repetitorluq olmasa, nəticə aşağı düşəcək, suallarda primitivlik yaranacaq.

Abituriyent yüksək bal toplamaq üçün repetitordan asılı olur. Bizim valideynlər də bir qədər repetitora həvəslidirlər. Bir ailədə uşaq repetitor yanına gedirsə, “məninki də getməlidir” deyə düşünürlər.

Minlərlə şagird var ki, 5-6 il repetitor yanına getsə də, heç bir nəticəsi yoxdur. Bu il imtahandan kəsilənlər arasında da repetitor yanına gedənlərin sayı az deyil. Yəni “repetitor yanına getdim, xilas oldum” demək deyil. Repetitor dərsini keçir, pulunu alır, şagirdi müvəqqəti yaddaşla təmin edir. Ancaq orta məktəbin missiyası tək bu deyil.

Məktəbə gəlməyi, yazı yazmağı, Vətənə sevgini öyrədir. Eləcə də məktəb o bazanı qoymalıdır ki, şagird repetitor yanına getsin. Məsələn, riyaziyyat elə bir fənndir ki, orta məktəbdə baza olmasa, yuxarı siniflərdə repetitor yanına getsə də, artıq gec olacaq. Repetitor dərs vəsaitidir, dərslik deyil”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.