Regiona yeni təhlükə - İrəvan ABŞ-ın “123-cü Saziş”inə qoşulur

27-08-2024, 17:54           
Regiona yeni təhlükə -
Ermənistan Vaşinqtondan mülki nüvə texnologiyasına çıxış üçün müraciət edib. “RİA-Novosti”i xəbər verir ki, ABŞ hazırda İrəvanın “123-cü Saziş”ə qoşulmaq üçün müraciətini araşdırır. “Əgər müraciət müsbət cavablandırılarsa, Ermənistan Amerikanın mülki nüvə texnologiyasını əldə edə biləcək”, - ABŞ Dövlət Departamentinin İrəvanın müraciəti ilə bağlı şərhində deyilir. “123-cü Saziş” öz adını Amerika Atom Enerjisi Aktının maddə nömrəsindən alıb. “123-cü Saziş”ə qoşulmaq ABŞ Prezidenti tərəfindən təsdiq edilir. Bundan sonra isə o qərar ABŞ Konqresi tərəfindən ratifikasiya edilməlidir, sonra isə müvafiq şərtlərlə əməkdaşlıq sazişi imzalanır. Dövlət Departamentinin 2022-ci il üçün məlumatına görə, ABŞ 48 ölkə və ərazi ilə belə sazişlər bağlayıb. Vaşinqton İrəvanla bu məsələ barədə danışıqlar prosesinin təfərrüatlarını açıqlamır. Lakin “demək olar ki, Dövlət Departamenti Ermənistanın sazişə qoşulmaq istəyinə lazımi diqqət yetirir və bu sahədə əməkdaşlığın dərinləşdirilməsi imkanlarını alqışlayır”.

Ermənistan sazişə qoşularsa, bu, sovet dövründə tikilmiş AES-i əvəz edəcək Amerika texnologiyasından istifadə etməklə Ermənistanda yeni atom elektrik stansiyasının layihələndirilməsinə və tikintisinə yol açacaq. Baş nazir Nikol Paşinyan 2023-cü ilin noyabrında bəyan edib ki, Ermənistanın qarşısında yeni AES bloku tikmək vəzifəsi durur. O, bu məsələ ilə bağlı Rusiya, ABŞ və Cənubi Koreya ilə danışıqların aparıldığını deyib. Bundan sonra İrəvan hansı təklifin daha sərfəli olacağını qiymətləndirərək qərar verməlidir.

Bəllidir ki, Ermənistanda sovet istehsalı olan atom elektrik stansiyası fəaliyyət göstərir ki, ona hazırda Rusiyanın“Rosatom” şirkəti xidmət göstərir. Stansiya Ermənistanı bütün elektrik enerjisinin təxminən 40%-i ilə təmin edir. Ermənistan Rusiyanın “enerji köləliyindən” qurtulmaq üçün SSRİ zamanı tikilmiş Metsamor AES-dən Amerikanın xeyrinə imtina etmək istəyir.

Metsamor Atom Elektrik Stansiyasının tikintisi barədə qərar SSRİ rəhbərliyi tərəfindən 1967-ci ildə qəbul olunub. AES-in tikintisinə 1973-cü ildə İrəvandan 40 km aralıda yerləşən Metsamor şəhərində başlanılıb. AES-in birinci enerji bloku 1976-cı ildə, ikincisi isə 1980-ci ildə istifadəyə verilib. 1983-cü ildə AES-in 3-cü və 4-cü enerji bloklarının tikintisinə başlanılsa da, 1986-cı ildə Çernobıl AES-də baş vermiş qəzadan sonra bu proses dayandırılıb. 1988-ci ildə Metsamordan 75 km aralıda yerləşən Spitakda baş vermiş zəlzələdən sonra 1989-cu il yanvarın 15-də AES-in fəaliyyəti dondurulub.

SSRİ-nin dağılması və ittifaq respublikalarının müstəqillik əldə etməsindən sonra Ermənistan üzləşdiyi ciddi böhranla əlaqədar 1993-cü ildə AES-in fəaliyyətini bərpa etmək barədə qərar qəbul edib və 1995-ci ildə stansiyanın 2-ci enerji bloku işə salınıb. Bu stansiya regionda birinci nəsil “VVGR-440” tipli Rusiya istehsalı olan reaktorla təchiz edilib. Hazırda AES-in ikinci enerji bloku fəaliyyətdədir.

Metsamor AES köhnə, istifadə müddəti bitmiş avadanlıqla təchiz edilib. Ona görə də, reaktorlarda qəzanın baş verməsi ehtimalı çox böyükdür. Ermənistan isə dünya ictimaiyyətinin AES-in fəaliyyətini dayandırmaq tələblərini qulaqardına vuraraq onun istifadə müddətini 2026-cı ilə kimi uzatmaq barədə qərar qəbul edib. Bu da regionun daha 10 il ciddi təhlükə altında qalacağını göstərir.

Deputat Azər Badamov “Yeni Müsavat”a bildirdi ki, ABŞ-Ermənistan əməkdaşlığının genişlənməsi regiona yeni təhlükələr gətirməkdədir: “ABŞ hansı ölkədə mövcudluğunu artırırsa, o ölkəyə sülh gəlmir, əksinə özü ilə böyük fəlakətlər gətirir. Belə ki, Ermənistanla hərbi əməkdaşlığın edilməsinə başlanması və orada silah deposunun yaradılması bütün regionda böyük müharibə risklərini artırır. İndi isə Ermənistan ABŞ-ın “123-cü Saziş”inə qoşulması üçün müraciət edib. Əslində bu müraciət qeyri-rəsmi razılaşmalar olandan sonra razılığı rəsmiləşdirmək xarakterini daşıyır. Saziş təsdiq olunsa ABŞ Ermənistanda atom stansiyasının yeni blokunu inşa edəcəkdir. Ermənistan atom elektrik stansiyalarının tikintisi və istismar olunması üçün təhlükəli zonadır. Çünki, 1988-ci ildə baş vermiş Spitak zəlzələsi Metsamor AES-i təhlükəli vəziyyətinə gətirmiş və müəyyən müddətə fəaliyyətini dayandırmağa məcbur olmuşdular. Metsamor bu gün də AES-i qəzalı vəziyyətdədir və istismar müddəti də çoxdan başa çatıb. Ona görə biz beynəlxalq təşkilatların qarşısında Metsamor AES-in bağlanılması ilə bağlı dəfələrlə məsələ qaldırmışıq. Metsamor AES-i Rosatom tərəfindən idarə olunur və Ermənistanın elektriklə təminatının 40%-ni həyata keçirir. Ermənistan Rusiyadan enerji asıllığından azad olmaq istəyir və ABŞ-la saziş imzalayaraq yeni nüvə reaktoru tikməyi planlaşdırır. Amma Ermənistan çox seysmik zonada yerləşdiyindən tikilmiş və tikiləcək hər bir AES qəzaya uğraya və böyük bir əraziyə fəlakət gətirə bilər. Biz Çernobl AES-in fəsadlarını bu gün də aradan qaldıra bilmirik. O vaxt Çernobl qəzasının fəsadlarını aradan qaldırılmasında iştirak edən insanlar xərçəng xəstəliyindən dünyasını dəyişib və həyatda qalanlar bu gün də əziyyət çəkirlər. Hətta həmin insanların gələcək nəsillərində Çernobl radiasiyasının fəsadları davam etməkdədir. O cümlədən Çernobl qəzasından sonra iqlim dəyişildi və ümumilikdə təbiətdə radiasiya normadan artmağa başladı. Hətta bu gün də həmin fəsadlar davam etməkdədir. Ermənistan isə bəşəriyyətə bəla gətirəcək Metsamor AES-i bağlayıb atom enerjisindən imtina etmək əvəzinə ABŞ-la “123-cü Saziş”i imzalayaraq regiona yeni fəlakət gətirmək istəyir. Təbii ki, Ermənistanda yeni AES-in tikilməsi onun seysmik dayanıqlı ərazi olmadığından yolverilməzdir. Bu baxımdan region ölkələri bu məsələdə səfərbər olunmalı və Beynəlxalq Atom Agentliyi (MAQATE) qarşısında Ermənistanda fəaliyyət göstərən Metsamor AES-in fəaliyyətini təcili dayandırlmasına və yeni AES blokunun tikintisinin qarşısının alınmasına çağırışlar etməlidir. Çünki, Ermənistanda tikilən və yenidən tikintisi planlaşdırılan AES layihələri böyük bir coğrafiya üçün təhlükədir”.

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov hesab edir ki, Ermənistanın Rusiyadan qoparılması üçün ilk növbədə Rusiya ilə asılılığı aradan qaldırmaq lazımdır: “Məlumdur ki, Ermənistan Rusiyadan təkcə hərbi-siyasi deyil, iqtisadi cəhətdən asılıdır. Ermənistanın enerji sektorunun demək olar ki, böyük hissəsi Moskvanın nəzarətindədir. Bu ölkədə istehsal edilən ixrac məhsulları üçün də əsas bazar Rusiyadır. Bu faktorlar Ermənistanın Qərb bazarlarına çıxmasına və inteqrasiyasına imkan vermir. Xüsusən də, vurğuladığımız kimi enerji sektoru bütünlükdə xarici investisiyalara və amillərə bağlıdır. Metsamorun istismar edilməsi Rusiyanı ilə bağlanan yeni müqaviləyə əsasən 40 il Şimal Qonşumuzun ixtiyarındadır. Həmin müqavilənin şərtlərinə görə, AES-in təmiri və saxlanılması Rusiyanın “Rosatom” şirkətinə həvalə edilib. Əldə olunan enerjinin satışı da həmin şirkətin səlahiyyətindədir. Belə olan halda İrəvan məcburdur ki, alternativ variantlar üzərində işləsin. ABŞ bununla bağlı öz köməyini və dəstəyini vəd edib. Yeni AES-in inşası xeyli prosesdur və vaxt aparır. Lakin İrəvan çalışır ki, mümkün qədər Rusiyadan olan enerji asılılığını qısa müddətdə minimuma endirə bilsin. İrəvan atom enerjisindən, konkret olaraq Metsamor AES-dən Qərbi və Rusiyanı zaman-zaman şantaj vasitəsi kimi də istifadə edib. AES Spitakdakl 1988-ci il dağıdıcı zəlzələdən sonra qəzalı vəziyyətə düşmüşdü. Bu isə region üçün ciddi təhlükələr yaradırdı. Bu təhlükənin ciddiliyini anlayan Azərbaycan dəfələrlə beynəlxalq təşkilatlar qarşısında stansiyanın bağlanılması tələbini irəli sürsə də, hər dəfə elektrik enerjinə olan tələbatı bəhanə edib bundan edirdi. Yaxud əlavə külli miqdarda vəsait tələb edirdi. İrəvanın “123-cü Saziş”ə qoşulmaq üçün ABŞ-a müraciətində həm də siyasi çalarlar var. Ermənistan bununla Moskvaya da etirazını göstərmək istəyir. Moskvadan güzəştlər qoparmağı hədəfləyir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.