Bəzi universitetlər : Qeydiyyat üçün KƏNDİRLİ PAPKA, Notarial təsdiqlər, DİM -dən arayış, Yaşayış yerindən arayış, Qonşudan arayış və s. tələb olunur

30-08-2024, 09:24           
Bəzi universitetlər : Qeydiyyat üçün KƏNDİRLİ PAPKA, Notarial təsdiqlər, DİM -dən arayış, Yaşayış yerindən arayış, Qonşudan arayış və s. tələb olunur
ETN : Tələbələrin universitetlərə qeydiyyatı üçün HEÇ BİR SƏNƏD tələb olunmur
Bu dərəcədə olacağını gözləmirdim.
İRİA və ETN bir neçə ay öncədən elan ediblər ki, universitetlərə qəbul olanlardan kağız sənədlər toplanmayacaq, paralel qeydiyyatlar olmayacaq, qeydiyyat yalnız portal.edu.az üzərindən olacaq.
ETN elan edib ki, portalda qeydiyyat üçün tələbələrdən HEÇ BİR SƏNƏD tələb olunmur.
Yəni tələbə sistemə daxil olanda özünün bütün sənədlərini (attestat, yaşayış yeri, DİM məlumatları, Hərbi Çağırışla bağlı məlumatlar, Güzəşt hüququ verən sənədlər və s.) sistemdə görür və onları sadəcə təsdiqləyir. Bir daha təkrar edirik ki, tələbə heç bir sənədi sistemə YÜKLƏMİR !
Və ETN universitetlərə də bu sənədlərə giriş imkanı yaradıb. Yəni Universitetə tələbənin ATTESTATI lazımdırsa, universitet öz giriş məlumatları ilə ETN sisteminə daxil olub onu görə bilir, bu məlumatların hamısını özünə çəkə bilir və s.
Bundan artıq nə olmalıydı. Yəni əsil rəqəmsal hökumət komponentləri bu qeydiyyat prosesində qurulub.
Qurumlar gecə-gündüz çalışıb rəqəmsal bir platforma qurublar və bir də usanmadan deyirəm ki qeydiyyat üçün HEÇ BİR SƏNƏD istəmirlər.
Yeri gəlmişkən, ETN və İRİA -ya, inteqrasiya olunan bütün qurumlara bu cür effektiv və mükəmməl sistem üçün "HALAL OLSUN" demək doğru olardı.
İndi görək real vəziyyət necədir.
Ötən gündən başlayaraq biz bu prosesi monitorinq edirik.
Monitorinqin bəzi nəticələri çox düşündürücüdür və çox təəssüf doğurur.
Universitetlərin elanlarından görünür ki, yenə də portal.edu.az-dan kənar, paralel qeydiyyat aparanlar, kağız sənədlər tələb edənlər var :
1. BDU - heç bir sənəd və paralel qeydiyyat tələb etmir
2. AzTU - heç bir sənəd və paralel qeydiyyat tələb etmir
3. BMU - özü üçün kağız formada əlavə sənədlər tələb edir
4. GDU- özü üçün "Kəndirli qovluq" və digər çoxsalı sənədlər istəyir, Köhnə Yevlax avtovağzalının yanında
5. ATU- əlavə çoxsaylı kağız sənədlər tələb olunur
6. ADPU - əlavə kağız sənədlər tələb olunur
Ümid edirəm ETN və İRİA da bunlardan xəbərdardır. Güman ki hökumət fərqindədir ki dövlətin ayırdığı bu qədər resurslar "Kəndirli qovluq" dövrünə qayıtmaq üçün nəzərdə tutulmayıb.
Anlamıram ki, bu tip absurd və qanuna zidd, tələbələrdə və valideynlərdə çaşqınlıq və narazılıq yaradan, hökumətin apardığı siyasətə sayğısızlıq nümayiş etdirən bu tip elanlarla universitetlər nə demək istəyirlər .
İnanıram ki ETN, Agentlik tez bir zamanda universitetlərə xəbərdarlıq edəcək və bu tip elanlar hər yerdən yığışdırılacaq.
Osman Gunduz
TEREF

















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.