Hindistanın Çindən artan asılılığı ABŞ-ın ticarət strategiyasına problemlər yaradır
3-09-2024, 10:38
Hazırda Hindistanın Çindən idxalının müxtəlif sənaye sektorlarında, o cümlədən texnologiya və əczaçılıqda payı təxminən 30 faizə bərabərdir.
Sputnik. Çinlə ticarət əlaqələrini Hindistanın xeyrinə azaltmağa çalışan Birləşmiş Ştatlar ticarət strategiyasında çətinliklərlə üzləşə bilər, çünki Hindistan sənayesi Çindən idxaldan getdikcə daha çox asılı olmağa başlayır. Bu barədə Washington Post yazır.
"Çindən asılılığını azaltmaq üçün yol axtaran ABŞ biznesləri bir neçə ildir ki, Çin tədarük zəncirlərində artan geosiyasi gərginlik və ya yeni pandemiya nəticəsində yarana biləcək potensial pozulmalardan qorunmaq üçün Hindistana yeni sənaye mərkəzi kimi baxır. Lakin Hindistan smartfonlar, günəş panelləri və dərmanlar kimi məhsulların istehsalını artırsa da, Hindistan iqtisadiyyatı Çin idxalından, xüsusən də məhsulları təşkil edən komponentlərdən daha da asılı olub" - məqalədə deyilir.
Nəşr Global Trade Research Initiative (GTRI) analitik mərkəzinə istinadən bildirir ki, hazırda Hindistanın Çindən idxalının müxtəlif sənaye sektorlarında, o cümlədən texnologiya və əczaçılıqda payı təxminən 30 faizə bərabərdir. Siyahıda elektronika və günəş panelləri üçün komponentlər, dərman vasitələrinin istehsalı üçün inqrediyentlər, həmçinin yerli istehsal üçün toxuculuq və avtomobil hissələrində idxalın artımı sadalanır, Hindistanın Rusiya neftindən və hərbi texnikasından asılılığı da qeyd olunur.
ABŞ prezidenti Co Bayden administrasiyasının yüksək vəzifəli rəsmiləri Washington Post-a bildiriblər ki, hazırda Çindən gələn tədarüklərin ABŞ-ın tədarük zəncirlərindən çıxarıla biləcəyini düşünmək qeyri-realdır. Eyni zamanda, Hindistan hökumətinin iqtisadi məsələlər üzrə baş müşaviri Venkatramanan Anantha Nagesvaran bildirib ki, ölkə Çinlə əməkdaşlığı məhdudlaşdırmasa, əksinə, onu gücləndirsə, qlobal bazarlarda artım və uğur qazanacaq.
2022-ci ilin oktyabrında ABŞ Çində yerləşən şirkətlərə qabaqcıl çiplərin istehsalı üçün avadanlıq və komponentlərin ixracını məhdudlaşdıran bir sıra qaydaların tətbiqini elan edib. Bir il sonra ABŞ Ticarət Nazirliyi belə yarımkeçiricilərin ixracına dair bir sıra yeni məhdudiyyətlər dərc edib. Çinə təkrar satılmaması üçün onların 40-dan çox ölkəyə tədarükü ilə bağlı əlavə lisenziya tələbləri tətbiq edildi.
ABŞ administrasiyası may ayında Çindən idxal edilən litium batareyalar, fotovoltaik elementlər, yarımkeçiricilər, alüminium, liman kranları və tarifin 25%-dən 100%-ə yüksəldilməsi planlaşdırılan elektrik nəqliyyat vasitələrinə rüsumların artırıldığını açıqlamışdı.
Çinin Ticarət Nazirliyi ABŞ-ın tarifləri artırmasına etiraz edib. Departament bildirib ki, tariflərin artırılması ABŞ prezidenti Co Baydenin Çinin inkişafını boğmağa çalışmamaq və Çin ilə əlaqələri kəsməyə çalışmamaq vədlərinə ziddir. Ticarət Nazirliyi qeyd edib ki, ABŞ tərəfinin bu addımı ikitərəfli əməkdaşlıq mühitinə ciddi təsir edəcək.