Prezident İlham Əliyev Kəlbəcərdə olarkən SCADA sistemi vasitəsilə digər bir bölgədə, yeni tikilən “Toğanalı” Kiçik Su Elektrik Stansiyasının da açılışını edib.
4-09-2024, 08:34
Ötən gün Prezident İlham Əliyev Kəlbəcərdə olarkən SCADA sistemi vasitəsilə digər bir bölgədə, Göygöl rayonunda yeni tikilən “Toğanalı” Kiçik Su Elektrik Stansiyasının da açılışını edib.
Burada diqqət çəkən məqam həm də təxminən 100 km məsafədə yerləşən bir ərazidəki stansiyanın açılışının uzaqdan idarə edilməsidir.
Görünür ki, 2018-ci ildə baş verən, bütün ölkənin zülmətə çevrildiyi “3 iyul” enerji böhranından sonra AzərEnerji SCADA sistemini tam yenidən qurub və dayanıqlı bir sistemə çevrilib.
SCADA sistemi bütöv enerji sektorunu avtomatik idarə etməyə imkan verən, fiber-optik infrastruktura və dispertçer məntəqələrinə sahib olan, istənilən enerji obyektini uzaqdan idarəetməyə imkan verən bir informasiya sistemidir.
Xatırladıram ki, 2018-ci ilin 3 iyulunda Mingəçevirdə enerji sektorunda baş verən partlayışdan sonra, alternativlərin işləməməsi, bir nöqtədə partlayışla bütün ölkənin zülmətə çevrilməsi, digər stansiyalardan effektiv istifadə edilməməsi məhz SCADA sisteminin işləməməsi ilə bağlı olmuşdu.
Sonradan isə Azərenerji-nin açıqlamasından belə anlaşılmışdı ki, SCADA sistemi ümumiyyətlə işlək vəziyyətdə olmayıbmış, sadəcə adı olub.
Odur ki 2019-ci ildə Azərenerji-nin yeni rəhbərliyi hökumətdən vəsait alaraq Reabilitasiya Proqramı hazırladı və SCADA sistemi tamamilə yenidən quruldu.
Yeri gəlmişkən, o zaman bu iflasa uğrayan, qarşıya qoyulan vəzifəni yerinə yetirə bilməyən SCADA sisteminin qurulmasına qurumun keçmiş rəhbəri Etibar Pirverdiyev tərəfindən 58 milyon $ ( 47 miln. Dünya Bankı, 8 miln. Azərbaycan Hökuməti və 3 miln. Almaniyanın KfW bankı) xərclənmişdi.
Azərenerji-nin ölkə üzrə bütün enerji sektorunu, işğaldan azad olunmuş ərazilərdə yeni tikilən stansiyaları da fiber-optik infrastrukturla vahid bir sistemdə birləşdirilməsi və SCADA sisteminə inteqrasiya etməsi çox təqdirəlayiqdir.
Osman Gunduz
TEREF